Bia.Az

QARABAĞI NECƏ DİRÇƏLTMƏLİ? – Milli Məclisdə konfrans təşkil olunub (FOTOLAR)

İqtisadiyyat
 10-02-2021, 21:55     1 141

Fevralın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və İnnovativ Qarabağ” mövzusunda konfrans keçirilib.



"AzPolitika.info" xəbər verir ki, konfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Energetika nazirinın müavini Samir Vəliyev, Kənd Təsərrufatı nazirinin müavini İlhamə Qədimova, UNEC-in rektoru Ədalət Muradov, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, "Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi"nin icraçı direktoru Orxan Məmmədov, Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Təbriz Əmmayev, o cümlədən Milli Məclisin sədrinin birinci müavini Əli Hüseyinli, komitə sədrləri Tahir Rzayev, Tahir Mirkişili, deputatlar və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxş edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov konfransın keçirilməsi zərurəti və məqsədləri barədə məlumat verib. Komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan mühüm nailiyyətlər Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir olan böyük layihələrin təşəbbüskarı olmaq imkanı yaradıb: "Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltdi, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratdı. 2020-ci ilin payızında isə xalqımız bütün dünyaya göstərdi ki, o, həm də, müzəffər orduya, qüdrətli hərbi potensiala sahibdir. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində dünyaya bildirdi ki, o, suverenliyini, ərazi bütövlüyünü güzəşt etmək niyyətində deyil və öz təhlükəsizliyini etibarlı şəkildə təmin etməyə qadirdir".
S.Qurbanov dünya təcrübəsinə istinad edərək vurğulayıb ki, iqtisadi inkişaf, yüksək sosial rifah, hərbi təhlükəsizlik, uğurlu xarici əməkdaşlıq və digər arzuolunan hədəflərin reallaşması – elmi-texniki, intellektual və mədəni tərəqqi müasir texnologiyaların geniş tətbiqi ilə sıx əlaqəlidir. "Bildiyimiz kimi, 21-ci əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsi ilə əlaqədardır. Bura təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması; bərpa olunan energetikaya, yaşıl və mavi iqtisadiyyata üstünlüyün verilməsi; su ehtiyatlarının səmərəli istifadəsi; karbon qazının istehsalı həcminin azaldılması; təkrar emal, təkrar istifadə mexanizmlərinin təkmilləşdirilməsi; enerjiyə qənaət edən texnologiyalara keçid və digər məsələlər aiddir", - Sadiq Qurbanov bildirib.
Komitə sədrinin sözlərinə görə, bu çağırışların ölkəmizdə tətbiqi, dərin və genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsini nəzərdə tutur. "Bura, infrastruktur və kadr hazırlığı məsələləri, eləcə də, daxili bazarın formalaşması, xarici bazarlara etibarlı çıxışın təmin edilməsi və digər məsələlər aiddir". Sadiq Qurbanov bildirib ki, 21-ci əsrdə bir çox ənənəvi maddi nemətlərin, resursların, fiziki və mənəvi cəhətdən dəyərdən düşməsini, ənənəvi iqtisadi modellərin, dayanıqlı inkişaf və digər iqtisadi meyarlar baxımından biliyə, innovasiyalara və müasir texnologiyalara əsaslanan iqtisadi modellərə “uduzmasını” nəzərə alaraq, bir çox ölkələr qabaqlayıcı sosial-iqtisadi siyasət hazırlayaraq, sürətli tətbiq edilməsinə start veriblər: "Təcrübəyə və elmi əsaslara söykənən belə müasir yanaşmanın tətbiq edilməsi ölkəmizə, xüsusən Qarabağımızın çiçəklənməsinə öz töhfəsini verə bilər. Ölkə başçısı İlham Əliyevin dünyadakı müasir texnologiyaların öyrənilməsinə və ölkəmizdə tətbiq olunmasına dəstəyi inkişafımızı şərtləndirən əsas amillərdəndir. Prezidentin qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədi ilə "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaratması, dediklərimizə əyani sübutdur".
Komitə sədri dövlət başçısının "Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməlidir", "Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir" kimi tezislərini önə çəkərək, ölkəmizin keyfiyyətcə yeni olan strateji mərhələyə daxil olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeni strateji dövrdə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşmanın təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub: "“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında cənab Prezidentin verdiyi sərəncam bu istiqamətdə əsas prioritetləri müəyyən edir. Eyni zamanda ölkənin uzunmüddətli inkişaf istiqamətlərini və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir".
Milli Prioritetlərin mütləq üstünlüyündən danışan Komitə sədri, bu sənədin dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən etdiyini xatırladıb: 
- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
S.Qurbanov ümid etdiyini bildirib ki, bu konfrans qeyd olunan hədəf-məqsədlərə çatmaq üçün atılan ilk addımlardan biri olacaqdır. "İnanırıq ki, konfransda səsləndiriləcək fikirlər və təkliflər qanunvericilik bazasının təkmilləşməsinə, dövlət orqanları arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək", - deyə millət vəkili qeyd edib. 
Daha sonra digər konfrans iştirakçıları çıxışlar ediblər.
"AzPolitika.info"









BİA.AZ
скачать dle 12.1