Qənirə Ataşova sirləri açdı: “Azərbaycandan getməyə məcbur oldum, çünki…” – EKSKLÜZİV MÜSAHİBƏ

Globalinfo.az 2017-ci ildən ABŞ-da yaşayan tanınmış telejurnalist Qənirə Ataşova ilə müsahibəni təqdim edir:
– Qənirə xanım, təbrik edirik, ABŞ-da vətəndaşlıq almısınız. Bu yolda hansısa çətinliklərlə üzləşdinizmi?
– Çox sağ olun, təşəkkür edirəm. ABŞ-da vətəndaşlıq alma prosesi uzun və məsuliyyətli bir yol idi. Əsas çətinliklər sənəd işlərinin düzgün hazırlanması, imtahanlara hazırlaşmaq və uzun müddət gözləmək oldu. Buna baxmayaraq, çalışqan olmaq, qaydalara riayət etmək və hüquqi prosesləri düzgün izləmək nəticəsində məqsədimə çatdım.
– ABŞ-da Azərbaycana və azərbaycanlılara qarşı münasibət necədir?
– ABŞ-da ümumilikdə Azərbaycan və azərbaycanlılara qarşı xüsusi bir neqativ münasibət hiss etməmişəm. İnsanlar burada fərqli mədəniyyətlərə hörmətlə yanaşırlar. Lakin fərdi hallarda məlumatsızlıqdan irəli gələn suallar və ya anlaşılmazlıqlar ola bilər. Ümumiyyətlə, Amerikanın çoxmillətli cəmiyyətində azərbaycanlı olmaq öz kimliyimi qoruyaraq bərabər hüquqlarla yaşamağa mane olmur.
– Niyə məhz Amerikanı seçdiniz?
– Amerikanı ona görə seçdim ki, bura azadlıq ölkəsidir, hüquq və ədalətin yüksək dəyər kimi qorunduğu demokratik bir cəmiyyətdir. Burada insanlar mehribandır, Avropada və ya Rusiyada rast gəlinən “bura mənimdir” deyərək digər xalqları xaric edən münasibətə rast gəlmirsən. Amerika elə başdan miqrantlardan formalaşmış bir ölkədir və müxtəlif millətləri qəbul edən tolerant cəmiyyətə sahibdir. Eyni zamanda, Amerikanı övladlarımın gələcəyi üçün seçdim. Mənim üçün Azərbaycanda yaşamaq dünyanın hər yerində yaşamaqdan daha gözəldir – Azərbaycan mənim üçün cənnətdir. Amma o zaman düşündüm ki, Azərbaycanda aldığım məvacib övladlarımın yüksək təhsilinə sərmayə qoymağa kifayət etmirdi. Sosial problemlər səbəbilə hesablama apardım və qərara gəldim ki, Amerikada inteqrasiya etsəm, övladlarım vətəndaş olduqdan sonra ABŞ dövləti onların təhsil xərclərini qarşılayacaq və ən yüksək universitetlərdə oxumaları üçün imkan yaradacaq. Məhz buna görə bu ölkəni seçdim – övladlarımın təhsili və gələcəyi üçün. Allah heç kəsi peşman etməsin.
– Hazırda ABŞ-da harda çalışırsınız?
– Amerikada aparıcı böyük şirkətlərdən birinin IT departamentində çalışıram və şirkətin IT sahəsində məsuliyyətlərin bölüşdürülməsinə cavabdeh olan komandanın üzvüyəm.
– Başqa ölkəyə köçmək, ora adaptasiya olmaq çətin olmadı?
– Təbii ki, insan başqa bir ölkəyə köçəndə əvvəl qarşıda nə kimi çətinliklərin olacağını bilmir. Bir az gənclik, bir az enerji – bunlar insanı irəli aparır, yeni bir dünyanı görmək və yenidən özünü kəşf etmək istəyi yaranır. Amerikaya iki körpə uşaqla gəldim. Əvvəlcə həm uşaqlarımın böyüməsi, həm də təhsilləri ilə məşğul olduğum üçün adaptasiya prosesində müəyyən çətinliklər yaşadım. Amma bu çətinlikləri aşa bildim. Çünki uşaqlarımın məktəb həyatı və öz təhsil yolum məni cəmiyyətin içinə daha sürətli inteqrasiya olmağa vadar etdi. Düşünürəm ki, ümumilikdə adaptasiya prosesində ciddi çətinlik çəkmədim. Təhsildən keçəndə cəmiyyəti tez öyrənə bilirsən. Çünki mənim tanıdığım insanlar əsasən savadlı şəxslər oldu. Bu, özü də əlaqələrin qurulmasında vacib rol oynayır.
– Son zamanlar bəzi həkimlər tərəfindən təhdid olunurdunuz. İndi vəziyyət necədir?
– Mən ali təhsilli, peşəkar həkimlər tərəfindən deyil, sənədlərini saxta yollarla əldə etmiş fırıldaqçılar tərəfindən təhdid olunmuşam. Məni təhdid edən şəxslərin heç birinin etibarlı diplomu, rəsmi təhsili və tibbi fəaliyyət üçün lisenziyası yoxdur. Təbii ki, bu şəxslərlə bağlı hüquqi prosedurlar başladılıb və hazırda məhkəmə qaydasında məsələni həll edirəm. Bütün prosesi son dərəcə diqqətli, məntiqli və hüquqi əsaslarla, qanunun aliliyinə hörmətlə aparıram.
– Nə vaxtsa Azərbaycana qayıtmağı düşünürsünüzmü?
– Çox gözəl sualdır. Düzünü desəm, özümü sanki iki hissəyə bölünmüş kimi hiss edirəm: bir tərəfim Azərbaycandadır, digər tərəfim isə Amerikada. ABŞ mənim üçün artıq ikinci vətənə, evə çevrilib. Amma ana vətənim hər zaman Azərbaycandır. İnşallah, övladlarımın təhsilində irəliləyişlər olduqdan sonra – böyük oğlum tibb sahəsində rezidentura mərhələsini başa vurduqdan və kiçik oğlum bakalavr təhsilini tamamladıqdan sonra qismət olsa, Azərbaycana qayıtmağı düşünürəm.
– Qənirə Ataşovanın fəaliyyətində ANS-in rolu?
– Mənim fərd kimi formalaşmağımda, şübhəsiz ki, ilk növbədə ailəmin və ANS şirkətinin rolu böyük olub. ANS bizə azad və tənqidi düşünməyi, məlumatı dəqiq və düzgün çatdırmağı, qərəzsiz və vicdanlı olmağı öyrətdi. ANS məktəbi insanı yalnız peşəkar kimi yetişdirmir, həm də əxlaqi prinsiplərə sadiq qalmağı, rüşvətdən uzaq durmağı və cəmiyyətə vicdanlı xidmət etməyi aşılayır. Onların funksiyaları arasında gənclərə şəffaf işləməyi öyrətmək, məlumatın obyektivliyini qorumaq, etik davranış standartlarını təbliğ etmək əsas yer tutur. Məhz bu yanaşma sayəsində biz – bugünkü formalaşmış Qənirə Ataş – geri baxanda nə qədər təmiz və şərəfli bir yoldan keçdiyimizi görürük. Mən müəllimlərimə dərin təşəkkürümü bildirirəm. Onlar bizi azad düşüncəli, cəsur və qüsursuz böyütdülər, göstərdilər ki, bu cəmiyyətdə korrupsiyaya bulaşmadan da yaşamaq və işləmək mümkündür. Bugünkü Qənirə Ataşın formalaşmasında ANS məktəbinin danılmaz və əvəzolunmaz rolu var.
– ANS bağlanmasa, yenə də ölkədən gedərdiniz?
– Əgər ANS bağlanmasaydı, ölkədən getmək fikrim heç vaxt olmazdı. Mən ANS-də qalaraq Azərbaycan cəmiyyətində işləməyi və həmin mühitdə xoşbəxt olmağı planlaşdırırdım. Çünki orada həyatımı və gələcəyimi qururdum, evimi Azərbaycanda görürdüm. Mənim üçün vətəndə yaşamaq çox rahat və gözəl idi. Əlbəttə, övladlarımın təhsili üçün onları Qərbə göndərməyi düşünürdüm, lakin özüm üçün vətəndə qalmaq niyyətində idim. ANS bağlandıqdan sonra isə Azərbaycanda öz ixtisasıma uyğun iş tapmadım. Üstəlik, cəmiyyətdə söz və fikir azadlığının məhdud olduğunu, ANS-in bizə öyrətdiyi azad düşüncə mühitini başqa heç bir media orqanında tapa bilməyəcəyimi anladım. Bu da mənim üçün işləməyi və fəaliyyət göstərməyi çətinləşdirdi. Bəlkə də hər hansı bir dövlət qurumuna keçmək və orada işləmək imkanı olsaydı, Azərbaycanda qala bilərdim. Amma belə bir fürsət yaranmadı və mən o zaman həyatımı ABŞ-da qurmaq qərarına gəldim.
– Bu yaşa qədər nəyə peşman olmusunuz?
– Düzünü desəm, həyatda hər addım və seçim mənə dəyərli dərslər verib və bugünkü məni formalaşdırıb. Konkret bir peşmançılığım yoxdur. Amma bəzən düşünürəm ki, daha erkən yaşda risk alıb Amerikaya təhsil üçün gələ bilərdim. Çünki o güc məndə var idi və valideynlərim, xüsusilə atam mənə bu yolu seçməyi məsləhət görürdü. O zaman gəlib oxusaydım, bəlkə də həyatım fərqli cərəyan edərdi. Bununla belə, ANS-də keçdiyim yol da mənim üçün çox dəyərli və unudulmaz olub. Digər tərəfdən, həyatda insanlara həmişə səmimi yanaşmışam. Bu da mənim xasiyyətimdir. Azərbaycanda yaşadığım zaman gördüm ki, bəzən səmimiyyət göstərdiyim insanlar bundan sui-istifadə etməyə çalışırdılar. Bu məndə peşmanlıq yaratmadı, əksinə, minnətdarlıq hissi oyatdı. Çünki o insanlardan da həyat dərsləri öyrəndim. Ona görə düşünürəm ki, yaşadıqlarım məni bugünkü vəziyyətimə gətirib və bu yolda qazandığım təcrübələrə görə yalnız şükranlıq hissi duyuram. Allah hər zaman məni qoruyub.
– Son olaraq, izləyicilərinizə sözünüz…
– Demək istəyirəm ki, həyatda heç vaxt qorxmayın. Çünki hər çətinlik, hər seçim sizi bir addım irəli aparır. Həmişə azad düşünün, vicdanlı olun və öz yolunuzdan dönməyin. Kim nə deyir-desin, siz dəyərlərinizi qoruyaraq irəliləyin. Unutmayın ki, səmimiyyət zəiflik deyil, əksinə, gücdür. İnsanlara yaxşılıq edin, amma özünüzü də qorumağı unutmayın. Hər zaman inanclı olun ki, zəhmətiniz, səmimiyyətiniz və dürüstlüyünüz gec-tez öz bəhrəsini verəcək. Mən sizə güc, səbir və uğur arzulayıram!
Zaira Akifqızı
Globalinfo.az