Bia.Az

"Əkinçilik üçün əlverişli ərazilərimizdə kənd təsərrüfatı sektoru mütləq şəkildə inkişaf etdirilməlidir"

İqtisadiyyat
 13-01-2024, 14:39     311

“Hazırda kölgə iqtisadiyyatı demək olar ki, iqtisadi sistemin bir hissəsinə çevrilmiş vəziyyətdədir. Kölgə iqtisadiyyatını bəsləyən bir-biri ilə əlaqəli bir neçə əsas amil var, bunlar da: vergilərlə bağlı problemlər, qeyri-şəffaflıq və qanunların işləməməsidir. Məsələn, Avropada və ya Türkiyədə kiçik mağazalar, kafelər vergi yükünün bir hissəsindən yayınmaq üçün gəlirlərini natamam bəyan etdikləri halda, Azərbaycanda yüksək çinli məmurların iri müəssisələri, restoranları, otelləri, şadlıq evləri vergidən yayınırlar. Ümumiyyətlə, kölgə iqtisadiyyatı vergi yükünün, yoxsulluq səviyyəsinin və sahibkarlıq sektorunda dövlətin payının yüksək olduğu ölkələrdə yaşanır. Ticari əməliyyatlar rəsmi qeydiyyat olmadan və büdcəyə vergi ödənmədən həyata keçirilir. Ən əsası, yüksək korrupsiya, demokratik institutların zəifliyi və iqtisadiyyatdakı tənəzzül qeyri-rəsmi biznesin inkişafına zəmin yaradır”...

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova danışıb. Alim pandemiya dönəmini xatırladaraq bildirib ki, pandemiya bir növ “proteksionizm” üzərində qurulan dünya nizamını qanuniləşdirmək üçün fürsət verdi.

iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova 
iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova

Milli maraqlara fokuslanan proteksionist siyasəti reallaşdıra bilirikmi?

Vüsalə Əhmədova bildirib ki, illərdir iqtisadiyyatın diversifikasiyasından danışılır, ancaq atılan addımlar qənaətbəxş deyil. Ölkəmizin qeyri-neft sektorunun yox dərəcədə olduğunu vurğulayan iqtisadçı ən kiçik tələbat mallarından tutmuş texnoloji məhsullara qədər xaricdən idxal edildiyinə diqqət çəkir.

“Hətta ölkənin kənd təsərrüfatı sektoru belə yerli tələbatı tam ödəyəcək səviyyədə deyil. Büdcənin yarıdan çoxu tikinti sektoruna yönəldilməyə davam etdirildi. Bilirsiniz ki, 2020-ci ildə pandemiyanın başlaması ilə tədarük zəncirində yaşanan qırılmalar, ardınca iqlim dəyişiklikləri, bölgədə gedən müharibələr dünyada ərzaq məhsullarının sürətli bahalanmasına səbəb oldu. Hər zaman qeyd edirəm, ərzaq təhlükəsizliyi ilk növbədə taxıl təhlükəsizliyidir. Dünyanın çox ölkəsi, əsasən də yoxsul ölkələr ucuz taxıldan asılı vəziyyətdədir. Azərbaycanın ÜDM-da kənd təsərrüfatının payı cəmi 5-7% təşkil edir və bu çox aşağı göstəricidir. Azərbaycan əhalisinin illik ərzaq buğdasına olan tələbatı təxminən 1,7 milyon tondur ki, biz bu miqdarı tam olaraq yerli istehsal hesabına ödəyə bilmirik. Ölkəmizdə əhalinin təxminən 45%-nin kəndlərdə məskunlaşdığını nəzərə alsaq, əkinçilik üçün əlverişli ərazilərimizdə kənd təsərrüfatı sektoru mütləq şəkildə inkişaf etdirilməlidir”-deyən alim hesab edir ki, kiçik sahibkar ailələrin, xüsusən də, gənclərin cəlb olunduğu təsərrüfat sahələrinin qurulması prioritet olmalıdır.скачать dle 12.1