Bia.Az

Ətin kəskin ucuzlaşması üçün yaxşı fürsət yaranır - Ekspert danışır...

İqtisadiyyat
 8-01-2024, 14:05     252

Rusiyadan Azərbaycana gətirilən qoyunların sayı 6 dəfə artıb.

Belə ki, ötən ilin ilk 10 ayında Azərbaycana xaricdən 312 min 933 baş qoyun gətirilib.

“Cebhe.info” xəbər verir ki, idxal olunan bir baş qoyunun orta qiyməti 77 dollar (132 manat) olub. Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal olunan qoyunların sayı təxminən 2 dəfə (144 min 966 baş) artıb. Azərbaycan qoyunları əsasən Gürcüstan və Rusiyadan idxal edib. Gürcüstandan gətirilən qoyunların sayı 42%, Rusiyadan gətirilən qoyunların sayı isə 6,4 dəfə artıb. Türkiyədən idxal olunan qoyunların sayı isə 3,5 dəfə azalıb.

Maraqlıdır, ölkəyə xırda buynuzlu heyvanların idxalı artdıqca nəyə görə, ətin qiyməti bahalaşır? Son olaraq quzu ətinin kiloqramının 20 manata qədər artdığı deyilir.

Sözügedən məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, idxal hesabına ətin qiymətini ucuzlaşdırmaq mümkün deyil:

“Ölkəyə idxal olunan heyvanlar hər il azalan heyvanların yerini almaq üçün idxal olunur. Yəni daxili bazarda nə qədər kəsir yaranırsa, bir o qədər xaricdən ölkəmizə heyvan idxal edilir. Daxili bazarda yerli heyvanların artımına maneə olmamaq, daxili bazara stimul vermək üçün balans qorunub saxlanır. Ət və diri heyvan ölkəmizdə yaranan azalmanı doldurmaq üçün idxal olunur”.

Ekspert bildirib ki, 312 933 min baş qoyun ölkəmiz üçün elə də böyük rəqəm deyil.

“Ölkəmizə idxal olunan 313 min baş xırda buynuzlu heyvan daxili bazar üçün elə də böyük rəqəm deyil. Buna görə ölkəmizdə ətin qiymətinin aşağı düşməsini gözləmək olmaz. Çünki idxal olunan heyvan sayı daxili bazara təsir edəcək qədər çox olmur. Həm idxal olunan heyvanlar daxili bazara məhdud sayda çıxarılır. Əsasən idxal olunan heyvanlar müəssisələrə daxili sifarişlər üçün gətirilir”.

Ekspert qeyd edib ki, ətin ucuzlaşması Qarabağda yaradılan fermaların və heyvanların sayını artırmaqla mümkün olacaq:

“İşğaldan azad olunmuş ərazilərdə kifayət qədər çox ferma yaradılır. Heyvandarlıqla məşğuliyyət genişləndirilir. Qarşıdakı illərdə işğaldan azad olunmuş ərazilərdə ət və ət məhsullarının istehsalı sayəsində ətin qiymətinin ucuzlaşmasını gözləmək olar”.
скачать dle 12.1