Bia.Az

"2024-cü il dünyada və ölkəmizdəki iqtisadi vəziyyət üçün həyəcanverici proseslər gözlənilmir"

İqtisadiyyat
 7-01-2024, 14:12     169

Bir ili geridə buraxırıq. Bu il Azərbaycan üçün uğurlu bir il oldu, deyə bilərik. Uzun illər erməni tapdağı altında olan Qarabağ işğaldan azad edildi. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa və yenidən qurma işləri həyata keçirilir. Bir zamanlar torpaqlarından didərgin düşmüş həmvətənlərimiz öz yurd-yuvalarına qayıdır. “Ağıllı” kəndlər, şəhərlər salınır… Azərbaycan sözün əsl mənasında çiçəklənmə dövrünü yaşayır…

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağda separatizmə son qoyulması və Konstitusion quruluşun Azərbaycanın bütün ərazilərində bərqərar olması fonunda 2023-cü il tarixi-siyasi hadisələrin iqtisadi proseslərə nisbətən daha çox önə çıxdığı bir il oldu. Buna baxmayaraq, il ərzində iqtisadi sahədə də bir sıra diqqətçəkən məqamlar yaşandı. 750 milyon manat dəyəri ilə 2 milyona yaxın vətəndaşı əhatə edən sosial paketlə başlayan il sonrakı aylarda həm inflyasiya, həm də iqtisadi artım tempinin yavaşlaması ilə nəzərəçarpdı. İnflyasiyadakı azalmaya daha çox idxalatçı ölkələrdə orta inflyasiya üzrə eniş təsir etdisə, iqtisadi artımdakı yavaşlamaya bir neçə səbəb – uzun müddət böyüyən iqtisadiyyatın “doyumluluq” həddinə çatması, ÜDM-in tərkibində əhəmiyyətli yer tutan sənayedə, xüsusən mədənçıxarma sektorunda istehsalın azalması, 2022-ci ildə qeydə alınan yüksək artımın baza effekti, habelə əsas ixracatçımız olan Avropada yaşanan durğunluğu göstərmək olar.
Pünhan Musayev
 Pünhan Musayev

İqtisadçının sözlərinə görə,bununla yanaşı, 2023-cü il bir sıra ilklərin də ilinə çevrildi. Belə ki, ilk dəfə yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin bərabərləşməsi, ölkənin təbii qaz gəlirlərinin neft daxilolmalarını üstələməsi, büdcənin cari xərclərinin vergi və gömrük gəlirləri hesabına qarşılanması, pul bazarında orta dərəcələrin faiz dəhlizi daxilində formalaşması və son olaraq özəl sektorda muzdlu işçi qüvvəsinin sayının dövlət sektorundakı səviyyəyə çatması məhz bu il baş verdi.
“Növbəti ilə gəldikdə, iqtisadi nöqteyi-nəzərdən xarici aləmdə olduğu kimi ciddi bir həyəcanverici gözlənti yoxdur. Çünki istər dünya, istərsə də milli iqtisadiyyatda trendlərin (həm böyümə, həm də inflyasiya üzrə) beynəlxalq bazarlardakı vəziyyətdən asılı olaraq formalaşacağı gözlənilməkdədir. Fövqəltəbii situasiya və sürpriz olmayacağı halda hadisələr bu istiqamətdə cərəyan edərsə, 2024-cü il sonrakı illərdə müqayisəli təhlillər üçün yaxşı bir baza ilinə də çevrilə bilər”-deyən Pünhan Musayevin fikrincə, məhz bu dəyərləndirmə ilə qarşıdakı il üçün həm də ən pozitiv ssenarini də ehtimal etmiş ola bilərik.скачать dle 12.1