Bia.Az

Yeni tikilən binalar zəlzələyə davamlıdır? - ARAŞDIRMA

İqtisadiyyat
 6-01-2024, 18:22     240

Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 110 nəfər çatıb, 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 222 nəfər isə itkin düşüb.

Xatırladaq ki, bu ilin ilk günündən Yaponiyada ardıcıl zəlzələlər baş verib. Onlardan ən güclüsü ocağı yerin üst səthinə çox yaxın olan və 7,6 maqnitudalı olanıdır.

Ümumiyyətlə, Yeni il başlayandan Əfqanıstan, Argentina, Ermənistan, Türkiyə, eləcə də Azərbaycanda müxtəlif ballarda zəlzələlər qeydə alınıb. Baş verən zəlzələlər zəlzələyədavamlı binaları yenidən gündəmə gətirib. Zəlzələlərdə ölən insanların əksəriyyəti sarsıntı deyil, məhz dağılmış binaların altında qaldıqları üçün ölür.

"Cebhe.info" xəbər verir ki, Yeni ilin ilk günündə Yaponiyada baş verən dağıdıcı zəlzələdə həyatını itirənlərin sayı getdikcə artmaqdadır. Axtarış-xilasetmə qrupları binanın dağıntıları altında qalan yaralıları xilas etmək üçün gecə-gündüz işlərini davam etdirir.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, ardıcıl 21 zəlzələ baş verib ki, onların da ən böyüyü 7,6 bal gücündə olub.

Zəlzələlər binaları necə məhv edir?

Zəlzələ zamanı binaların divarları genişlənə bilər, struktur əyilə bilər və ya "çarpazlama" baş verə bilər. Binaların müxtəlif nöqtələrinin bir-birindən fərqli təzyiqlərə məruz qalmasına "çarpazlama" deyilir. Zəlzələ zamanı bu təzyiqlər struktura yanlardan və ya şaquli olaraq aşağıdan yuxarıya doğru təsir göstərə bilər.

Normal şəraitdə daş və kərpic divarlar təzyiqə son dərəcə davamlıdır. Lakin belə divarlarda yerlə və ya "çarpazlama" növü ilə hərəkətə məruz qaldıqda çatlar əmələ gəlir və çökür. Polad isə çox daha elastik materialdır və binaların polad skeletinin adətən zəlzələdən sonra sağ qaldığını görürük.

Binaları zəlzələyə necə davamlı etmək olar?

Zəlzələlər qarşısı alına bilməyən təbii hadisələr olsa da, yeraltı təkanlar və zəlzələlərdən sonra ölən və yaralananların sayını minimuma endirəcək şəkildə bina tikmək mümkündür.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Northeasetern Universitetinin İnşaat və Ətraf Mühit Texnologiyaları Departamentinin professoru Mehrdad Sasani bildirib ki, polad və betonun qarışığı ilə tikilmiş binalar qum və çınqıl kimi ənənəvi materiallardan istifadə etməklə tikilmiş binalardan daha möhkəmdir.

Məsələn, poladın qırılmadan əvvəl uzun müddət əyilmə qabiliyyəti binaları zəlzələlərə qarşı möhkəm edir. Bir qamış növü olan bambuk bitkisinin kiçik binalarda bu məqsədlə istifadə edilə biləcəyini deyən Sasani, binalarda meydana gələn mikro çatları nəzarət altında saxlamaq üçün keyfiyyəti yoxlanılan kərpic və qum qarışığına saman əlavə edilə biləcəyini bildirir.

Digər tərəfdən, yüngül materiallardan damların hazırlanması binalarda sıxışan insanların çökmə zamanı daha az xəsarət almasını təmin edə bilər və beləliklə, ölümlərin sayını azaldır.

“Nature” jurnalında dərc olunan məqalədə vurğulandığı kimi, zəlzələ olan bölgələrdəki binaların damlarının ağır materiallardan deyil, ağac və metaldan olması faydalıdır. Yüngül materiallar uzanmaq və formasını saxlamaq qabiliyyəti sayəsində strukturun çökməsi zamanı asanlıqla parçalanmır və dağılmır.

Zəlzələyə davamlı sistem

Dünyada binaları zəlzələlərdən daha təhlükəsiz etməyə yönəlmiş bir sıra yeniliklər də mövcuddur. Bu kontekstdə Dünya İqtisadi Forumu binalarda strukturu bünövrədən sürüşmələrlə ayıran “Pedestal izolyasiya sistemi”nin tətbiqini tövsiyə edir.

Forumun mövzu ilə bağlı açıqlamasında sözügedən sistem belə ifadə edilir: “Bu, mümkün zəlzələ nəticəsində yaranan hərəkətin binanın quruluşuna təsir etməməsi deməkdir”.

Sözügedən texnologiya artıq Yaponiya və Çilidə bir çox binalarda istifadə olunur. Bununla belə, bu cür strukturların dəyəri ümumiyyətlə çox yüksək olduğundan, bir çox ölkələr daha sadə və daha ucuz həll yolları axtarırlar.

Zəlzələlərin tez-tez baş verdiyi başqa bir ölkə olan Nepalda saman bağlamalarını, köhnə avtomobil təkərlərini və plastik butulkaları binalara birləşdirən daha sərfəli texnikadan istifadə edilir. Afrikada Cənubi Afrikanın Mənzil və İnfrastruktur Fondu 3D formatı ilə betondan həm zəlzələlərə daha davamlı, həm də daha ucuz olan binalar tikir.

3D formatında olan beton, zəlzələlərin görünməz qüvvələrinə qarşı strukturların dizaynı da daxil olmaqla, davamlılığı artıran uyğunlaşma təmin edir. İnsanların çoxu zəlzələlərdə binaların çökməsi və onların üzərinə dağıntıların düşməsi səbəbindən öldüyü üçün ağıllı bina texnologiyası təkcə binaları deyil, həm də insanları qoruya və xəsarətlərin qarşısını ala bilər.

Xatırladaq ki, 2023-cü il sentyabrın 8-nə keçən gecə Mərakeşdə 6,8 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin episentri Atlas dağlarında, həm də turistlər arasında çox məşhur olan Mərakeş oldu.

Professor Sasani açıqlamasında ölkənin əksər hissəsində yayılmış ənənəvi tikinti metodunun bu cür fəlakətlərə qarşı qorunma təmin etmədiyi üçün bir çox binanın yıxıldığını və Mərakeşdəki əsas problemin bina divarlarının çiy kərpicdən inşa edilməsi olduğunu bildirib.

Beton, çınqıl və kərpic kimi materiallar Mərakeşdə istifadə olunur, çünki onlar yandırıcı istidən qoruyur. Ekstremal temperaturlara uyğun dizayn edilən bu evlər zəlzələlərə qarşı zəifdir. Zəlzələ riski olan ərazilərdə tikilən binaların daha yaxşı planlaşdırılması ilə məşğul olan ictimai təşkilat olan ABŞ Dayanıqlılıq Şurası, Mərakeşdə sözügedən binalarla bağlı deyib:

“Bu strukturlar sərt quruluşları və zəlzələni udmaq qabiliyyətinin qeyri-kafi olması səbəbindən dağılma riski altındadır".

Türkiyə və Suriyada ölənlərin sayının çox olmasının səbəbi nədir?

Şura həmçinin binalarda istifadə edilən betonun əyilmə qabiliyyəti olmadığı üçün zəlzələlərin vurduğu zərərin fəlakətli olduğunu bildirib və 2023-cü ilin fevralında Suriya və Türkiyəni də faciəyə yol açan zəlzələlərdə çox sayda ölən və yaralananların olmasının səbəbinin də bu olduğunu vurğulayıb.
скачать dle 12.1