Bia.Az

"Biz bankların ən çox soyduğu millətlərdənik, həm də öz milli banklarımızın soyduğu..."

İqtisadiyyat
 30-12-2023, 19:04     246

Yazıçı Ulucay Akifə məktub

Əziz Ulucay!

Otto fon Bismark Rusiyada səfir olmuşdu, bu ölkəni içəridən görmüşdü, o xalqı yaxşı tanıyırdı və deyirdi: "Ruslar ehtiyacının azlığı ilə təhlükəlidir".

Anlayacağınız: yarım araq və bir baş soğanla "xoşbəxt"... olan "velikorus" şovinizmidir bu! Əslində bədbəxt olduğundan özünün də xəbərinin olmamasının "xoşbəxtliyini" yaşayır. Və ətrafındakıları özündən də çox bədbəxt edir.

Azərbaycanlılara gəlincə, qardaş, biz ehtiyacımızın hədsiz çoxluğu ilə təhlükəliyik. Həm də bu üzdən təhlükədəyik.

Məsələn, keçən yay Bodrumda günəşlənən, bu yay İspaniya sahillərinə yollandı. Əminəm ki, gələn yayı Mayamidə keçirməyi planlaşdırır.

Baxırsan, adamın biliyi, bacarığı artmır (keçən yaydan bu yana bir dənə kitab üzü açmayıb), qazancı da "fontan vurmayıb". Ancaq ehtiyacı həndəsi silsilə ilə artır. Nə hikmətdirsə artıq.

Mən daha əvvəl də demişəm: "biz bacardığından çox qazanmağa, qazandığından çox xərcləməyə can atan maraqlı bir toplumuq".

Bacarığı artmayıb, qazancı da artmayıb, bəs hardan ödəyir artan ehtiyacını?!

Hə, maraqlı sualdır...

Kimsə gözəl bir fikir paylaşmışdı: "Bir insana silah versən bank soya bilər. Bir insana bank versən bütün dünyanı soya bilər..."

Biz bankların ən çox soyduğu millətlərdənik. Həm də öz milli banklarımızın soyduğu. Soğan kimi soyulmağa varıq. Təki iyulda Balinin çimərliyində soyunaq...

Artan (çox halda lüzumsuz) istəklərimiz bizi bizdən alıb girova çevirir.

Məncə, bu, təkcə şəxsi deyil, hətta milli təhlükəsizliyimizə təhdiddir.

Ola bilsin, rəngləri tündləşdirdim bir az. Olsun. Yaşlanırıq axı...

Sayğılarımla

Bahəddin Həzi
 Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

скачать dle 12.1