Bia.Az

Yonca "od" bahası, "zəbt olunmuş" otlaqlar... Heyvandarlıq "yiyə"siz qalıb, ət yemək "lüks"ə çevrilir

İqtisadiyyat
 30-12-2023, 18:38     227

Kəndlinin sosial vəziyyəti getdikcə ağırlaşır. Heyvandarlıqla məşğul olmaq daha sərf etmir. Çünki otlaq yerləri zəbt olunub. Su qıtlığı yaranıb. Yonca od qiymətinədir. Bu şərtlərlə mal-qara saxlamaq mümkün deyil. Saxlayanda da zərərlə üz-üzə qalırsan. Bunun məntiqi nəticəsi kimi kəndlər boşalır.


Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvan sayında azalma olduğunu göstərir. Ümumilikdə, son bir ildə 800 min baş mal-qara sayının azalmasından danışılır. Yetərincə böyük fərq olduğu göz qabağındadır. Buna görədir ki, ilin ilk 10 ayında Azərbaycan xaricdən ət idxalını 93 faizdən çox artırıb. Ət son illər ən çox bahalanan məhsullardan birinə çevrilib.


Niyə belə situasiya yaranıb? Suala cavab olaraq xeyli amili sadalamaq olar. Hətta adam bilmir ki, hansı məsələdən başlasın.

Heyvandarlığın inkişafı və ya normal şərtlərlə sosial istiqamət kimi qalması üçün əkin yerlərinə ehtiyac var. Yəni qida qayğıları həll edilməsə, bu sahənin həyatda qalması mümkünsüzdür. Son illər ölkədə əkin sahələrinin başına çox oyun açılıb. Bir müddət pambığa güc verilməsi, bağçılıqla bağlı layihələr heyvandarlığa böyük zərbə vurub. Otlaq sahələri göz görə-görə çox azalıb. Onsuz da su qıtlığı yaşanmağa başlayıb. Üstəlik, yonca əkilməsi üçün yer qalmayıb.


Mütəxəssislər deyir ki, ölkədə yem və ot tədarükü ilə bağlı vəziyyət kənardan göründüyündən yüz dəfələrlə pisdir. Hökumət bu istiqamətdə istehsal barədə heç düşünmür. Daha dəqiqi, stimullaşdırıcı addımlar atılmır. Heyvandarlıq "yiyə"sizlikdən əziyyət çəkir. Kəndli heç bir halda dövlətin dəstəyini hiss etmir.


Tutaq ki, fərdi təsərrüfatla məşğul olan şəxs heyvanı birtəhər saxladı, lazımi səviyyəyə gətirdi. Sonrakı proses üçün hökumətin dəstəyinə ehtiyac var. Kəndli satışla bağlı narahatlıq yaşamamalıdır. Burada yerli icra orqanları köməyə gəlməlidir. Satlıq heyvanlar xüsusi məntəqələrdə qəbul olunmalıdır.


Bölgələrdə yoncanın bağlaması bəzən hətta 8 manata satılır. Quraqlıq fərdi təsərrüfatla məşğul olanların nəfəsini kəsir. Bir hektardan əvvəlki illərlə nisbətən daha az bağlama yonca əldə edilə bilib. Susuzluq əl-qol açmağa imkan vermir.


Heyvandarlığın böhran vəziyyətinə düşməsi bir neçə arzuolunmaz tendensiya ortaya qoyur. Ət bahalaşır, insanlar bu vacib məhsuldan mümkün qədər az istifadə etməyə çalışır. Kəndlinin dolanışıq yeri tükənir. Daha mal-qara saxlamaqla ailə dolandırmaq olmur. Üstəlik, kəndlər boşalır. Belə kiçik yaşayış məntəqələrində həyatı davam etdirməyə stimul qalmır. Heyvandarlığa barmaqarası baxmaq olmaz. Çatışmazlıqlar inanılmaz problemlər ortaya çıxarır.

скачать dle 12.1