Bia.Az

Elektromobil satışında artım, yenilənən avtopark... "2024-cü il avtomobil sektoru üçün daha məhsuldar olacaq"

İqtisadiyyat
 30-12-2023, 14:15     236

"2023-cü ildə ekoloji təmiz nəqliyyat vasitələri, yəni elektrik mühərrikli avtomobillər və hibrid avtomobillərinin satış həcmi artdı. 2022-ci ilə müqayisə etdikdə, elektromobillərin satışında 8-9 dəfəyə qədər artım müşahidə olunub".

Bu barədə “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev danışıb. Onun sözlərinə görə, bu da 2022-ci ildə edilən güzəştlərin bəhrəsi idi.
Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev 
Eyyub Əliyev

“2023-cü ildə bir çox yeni avtomobil dillerləri, bir çox yeni markalar Azərbaycan avtomobil bazarına daxil oldu. Bu, əsasən elektrik mühərrikli və hibrid avtomobillərə aiddir. Yəni, qeyri rəsmi satışda olan bəzi avtomobillər rəsmi şəkildə bazarımıza daxil oldu”-deyən Eyyub Əliyev hesab edir ki, 2023-cü ili məhsuldar və faydalı il kimi qiymətləndirmək olar. Ekspertin fikrincə, 2024-cü ilin bundan daha yaxşı və daha məhsuldar olacağını proqnozlaşdırmaq mümkündür.
“Bilirsiniz ki, dövlətin, dövlət qurumlarının yeni və ekoloji avtomobillərə olan diqqəti hələ də gündəmdədir. Hazırda aidiyyatı qurumlar tərəfindən işçi qrupları var, bu sahədə işlər aparılır. Avtoparkın yenilənməsi istiqamətində işlər gedir. 2024-cü il avtomobil sektoru üçün daha möhtəşəm il olacaq”-deyə Eyyub Əliyev əlavə edib.
Bahalaşmaya gəldikdə , Eyyub Əliyev bildirib ki, 2024-cü ilin ilk 3 ayı ərzində yeni rəsmi dillerlər tərəfindən gətirilən avtomobillərin bahalaşacağı gözlənilmir. Yəni ilk 3 ayda qiymətlər 2023-cü ildə olduğu kimi olacaq. İlk 3 aydan sonra isə, dəyişikliklər gözlənilir.
“Qiymətlərin artması daşınma xərcləri, yəni loqistikanın artımı və istehsalçı zavodlarla bağlıdır. Bu iki amil olmadığı təqdirdə, qiymət artımından söhbət gedə bilməz. 3-cü amil gömrük və vergi məsələləridir. İnanmıram ki, bundan sonra dövlətimiz gömrük və vergi məsələlərinə qiymət artımı ilə bağlı hansısa bir əlavələr etsin. Əksinə,hansısa elementləri müəyyən hallarda daha da yeni avtomobillər üçün şərtlərin yüngülləşməsini təmin edə bilərlər. Bu səbəbdən də, 2024-ci ilin ilk 3 ayında yeni avtomobillərdə qiymət artımı gözləməyə dəyməz”-deyən Eyyub Əliyevin fikrincə, son illər rəsmi dillerlər avtomobillərinin qiymətlərinin artırılmasının tərəfdarı deyillər. Hətta bəzi markalar var ki, zavodlarda və yaxud da loqistika səbəbindən qiymət artımı olsa da, onlar qiyməti stabil saxlaya biliblər.скачать dle 12.1