Bia.Az

QƏTLƏ YETİRİLMİŞ ŞƏHƏR - Ağdamın xarabalıqları arasında qarmaqarışıq hisslər (+FOTOLAR)

Gündəm
 15-03-2021, 12:58     343

Kədər, sevinc, qürur, qəzəb, təəssüf, bəzən də xəcalət... Ağdam xarabalıqlarına bir gün davam edən səfərimiz belə qarışıq hisslərlə müşayiət olundu.

Azərbaycanlılar bir daha buralara qayıtmaq istəməsin, tamamilə ümidini üzsün niyyətiylə vəhşicəsinə dağıdılmış, yerlə bir edilmiş kəndlərimizi, Ağdam şəhərinin qalıqlarını müşahidə etdikcə, üstəlik, bütün bu vəhşilikləri edən düşmənin cəmi bir neçə kilometr yaxınlıqda olduğunu, ara-sıra bizə yenə meydan oxuduğunu yada saldıqca, bəzən qisas hissi yenidən hər şeydən önə keçdi, gözümüzün qarşısında suallar canlandı...

44 günlük müharibədə bu vəhşiliklərin, insanlıq əleyhinə ağılasığmaz cinayətlərin, milli heysiyyatımıza toxunmanın cəzasını yetərincə verə bildikmi?

Bu vəhşilərlə bir yerdə yaşamağmız mümkündürmü?

Həqiqətənmi, ermənilər illər əvvəl bizə yaşatdıqlarını indi özləri yaşayırlar?

Yaraları bizimki qədər dərin, yandırıb-yaxan, alçaldan və öldürəndirmi?...
***

Ağdam Birinci Qarabağ Müharibəsində 6 minə yaxın şəhid verib. İkinci Qarabağ Müharibəsindəki şəhidlərimizin iki qatı... Təkcə bir rayon... O zaman Ağdamın 125 min əhalisi var idi. 6 min şəhid - rayon əhalisinin 5 faizi. Hələ yaralananlar, ömürlük əlil olanlar...
Ağdam qəhrəmancasına dirənib və sonda şəhid olub...

***
27 illik təmas xəttini - əvvəl bizim səngərləri, ardınca 27 ildir insan ayağı dəyməmiş iki səngər arasını, neytral ərazini, daha sonra bir-birini əvəzləyən möhkəmləndirilmiş erməni səngər və sığınacaqlarının, betonlaşdırılmış atəş nöqtələrinin yanından keçib, Ağdam şəhərinin vahimə yaradan xarabalıqlarına doğru irəlilədikcə, istər-istəməz düşünməli olurduq: 10 noyabr bəyannaməsi imzalanmasa, düşmən təslim olmasaydı, Birinci Qarabağ Müharibəsində az qala hər qarışına şəhid qanı axmış Ağdamı işğaldan azad etmək, bu minalı əraziləri, beton örtüklü sığınacaqları dağıtmaq, keçmək üçün daha nə qədər gəncimizin qanı töküləcək, daha neçə ailəyə od düşəcək, neçə uşaq atasız qalacaqdı?...

Bu haqda düşünmək belə dəhşətlidir...

İndi artıq müharibə bitdikdən, düşmən təslim olduqdan, düşmənin bu istiqamətdəki hazırlığının səviyyəsini gözlə görmək imkanımız yarandığından və bir çox məlumatları, faktları təhlil etdikdən sonra Tanrıya şükür edirik ki, nə yaxşı Ordumuzun əsas hücum istiqaməti kimi Ağdam seçilməyib. Nə yaxşı ki, Ordumuzu bu istiqamətə itələyənlər vaxtında zərərsizləşdirilib, döyüş əməliyyatlarımız son dərəcə ağılla, savadla və uzaqgörənliklə idarə olunub. Nəticədə, biz, 20 mindən artıq şəhid, 1 milyon qaçqınla uduzduğumuz Birinci Qarabağ Müharibəsinin qisasını 44 günə və 3 min şəhidlə ala, torpaqlarımızı işğaldan azad edə bilmişik və bu gün Ağdama səfər etməyin xoşbəxtliyini yaşayırıq. Hətta Prezident Administrasiyasının təşkilatçılığı ilə ən müxtəlif cinahları təmsil edən media qurumlarının və QHT rəhbərlərinin, bloger və ictimai fəlların işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ətrafında narazılıqları görmək, müşahidə etmək belə xoş hisslər yaradır. Görün, artıq biz nəyin davasını edirik: Ağdama, Şuşaya, Cəbrayıla, Qubadlıya, Kəlbəcərə, Hadruta səfəri təşkil olunan heyətin tərkibinə düşmək, bu yerləri ilk görənlərdən olmaq, bu sevinci yerində yaşaya bilmək! Nə gözəl bir istək!

***
Bizi - təxminən 150 nəfərlik heyəti aparan 6 avtobusdan ibarət karvan ermənilərin "keçilməz Ohanyan xətti" adlandırdığı, bizi 30 ilə yaxındır yurd yerlərimizdən ayıran o əraziyə yaxınlaşanda, istər-istəməz içimizdə həyəcan baş qaldırırdı. Xüsusən də hərbi xidmətini mənim kimi ön xəttə yaxın hərbi hissədə keçirmiş, indi artıq adi çökəklikdən ciddi bir fərqi qalmamış səngərlərdən çarəsizcə qarşı tərəfə boylana, düşmənin torpaqlarımızdakı rahatlığını müşahidə edə bilmiş, bunun xəcalətini yaşamış adamlar üçün "ölüm xəttini" rahatca adlayıb keçə bilmək bir başqa, ifadəolunmaz bir hiss yaradırdı.

İki mininci illərin əvvəllərində bu ərazilərdə hərbi xidmət keçmişəm. Əvvəl ehtiyyat briqadanın kəşfiyyat bölüyündə idim. Aktiv jurnalistika həyatından sonra burda günlər cansıxıcı keçirdi. Daha sonra korpusda yüksək rütbəli zabitin sürücüsü vəzifəsinə işə düzəldim və beləliklə də, köhnə, nasaz bir UAZ maşınının sükanı arxasında cəbhənin Horadizdən başlamış Ağdamadək, böyük bir hissəsini gəzmək, müşahidə etmək imkanı qazandım. İki ordu arasındakı təmas xətti o səviyyədə toxunulmaz, keçilməz təsir bağışlayırdı ki... Sanki dünya bu səngərlərdə bitirdi. Qarşı tərəf tamamilə sirr, müəmma, qaranlıq idi. Heç təsadüfi deyil ki, biz Ağdamın, digər şəhər, qəsəbə və kəndlərimizin bu dərəcədə dağıdılmasından, az qala xəbərsiz olmuşuq. Müharibəyədək "Kabus şəhər" Ağdamı, onun xarabalıqlarını əks etdirən bircə görüntünü belə xatırlamıram. Qarabağ bizə bir addım qədər yaxın ikən, min kilometrlərlə uzaqdaymış kimi görünürdü. Ona görə də "pərdə aradan qalxanda" dəhşət bizi bürüdü. Yüzlərlə yaşayış məskənimiz özülünədək dağıdılmış, yer üzündən silinmiş, sözün əsl mənasında xaraba gününə salınmışdı. Amma sanki biz bütün bunlardan 44 günlük müharibə zamanı xəbər tutduq. Əvvəllər, bizə elə gəlirdi ki, müvəqqəti qoyub çıxdığımız evlərimizi, şəhər və kəndlərimizi təxminən olduğu kimi geri alacağıq. Çıxarkən evinin qapısına vurduğu qıfılın açarını hələ də saxlayanlar var idi. Bəlkə də qayıtmaq üçün bu qədər yubanmağımızın elə bir səbəbi də bu idi...
***

Keçmiş təmas xəttini keçib, aramla Ağdama doğru irəliləməyə başladıq. Ağdamın işğaldan azad olunmasından 4 aya yaxın vaxt keçib, amma hələ də bu yolun təmir və tikintisinə başlanmayıb. Bu mənə təəccüblü gəldi. Ancaq bir qədər irəliləyib, yol kənarlarında işləyən minaaxtaranlarla qarşılaşdıqda məsələ aydınlaşdı: Buraların hər qarışı minadır, axı. Ermənilər 27 ildir bizi məhz bu istiqamətdən gözləyirdilər. Ona görə hər qarışı minalamış, bir yox, iki yox, hətta üç də yox, 5-6 qatlı müdafiə sistemi qurmuşdular. Belə şəraitdə nəinki Ağdamı yenidən qurmağa başlamaq, hətta onun yolunu təmir etmək belə, hələlik, mümkün deyil. Təəssüf ki, bu torpaqların minalardan təmizlənməsinə, tam təhlükəsiz vəziyyətə gətirilməsinə illərlə vaxt lazım olacaq...
*** 

Yolüstü ikinci dayanacağımız Uzundərə şəhidliyi oldu. Əslən Ağdamdan olan səfər yoldaşlarımız xəbər verdilər ki, burda mindən artıq şəhid məzarı olub. İndi biri də görünmür. Düşmən məzarlığı sadəcə olaraq şumlayıb, məhv edib! Eynilə Ağdam şəhərinin mərkəzindəki Şəhidlər Xiyabanı kimi. Müharibədən sonra burda Milli Qəhrəmanlar Əlabbas İsgəndərov və Allahverdi Bağırovun, həmçinin bir neçə Xocalı şəhidinin məzarları bərpa olunub...

***
Nəhayət, Ağdamın xarabalıqları arasında irəliləyirik... Başlanğıcda yazmışdım, işğal altından azad olunmuş torpaqlarda adam qarışıq hisslər yaşayır. Gah kədərlənir, gah qürurlanır, sevinir, gah da... dərin təəssüf hissi keçirirsən.

Mənim təəssüfümün bir ümumi, bir də şəxsi olmaqla, iki səbəbi var idi. Şəxsi səbəb, əlbəttə ki, yaşım və sağlamlıq vəziyyətimin imkan verməsinə baxmayaraq, müharibədə iştirak edə bilməməyimdir. Ağdama doğru irəlilədikcə, özümü, sanki həyatda yaşaya biləcəyim ən böyük zövqdən, qürur və fəxarət hissindən məhrum edilmiş kimi hiss etdim. Üstəlik, ölümü göz önünə alaraq bu müharibədə düşmənin üzərinə yerimiş onminlərlə qəhrəmanımızın, xeyli hissəsi könüllü olan 3 min şəhidimizin, minlərlə qazimizin qarşısında gözükölgəli, borclanmış kimi... 

Ümumi səbəb də aydındır... Biz, milyondan artıq insanımızın yaşadığı şəhər, qəsəbə və kəndlərimizin 30 il ərzində belə vəhşicəsinə dağıdılmasına necə göz yummuş, necə dözmüşük? Düşmən Ağdamı bu günə salanda, gözümüzün qarşısındakı bu xarabalıqlarda - vaxtilə yarlı-yaraşıqlı, həyat dolu, səs-küylü, içindən uşaq səsi gələn, həyətində 2-3 gün davam edən toyların çalındığı, Allah bilir hansı arzularla və necə zəhmətlər hesabına tikilmiş bu evlərdə doğulmuş və böyümüş onminlərlə insanın xatirəsini məhv edəndə, biz harada idik?!

İndi xarabalıqları qalan bu evləri tikməyə insanlar öz həyatlarını həsr ediblər. O vaxtlar ev tikmək indiki kimi asan deyildi. Öz təcrübəmizdən deyirəm bunu. Mən, gözümü açandan gördüm ki, atam ev tikir. Fəhlələri də anam, nənəm, bibim, əmim... Anamın beton qarışdırdığını, ustaya kubik daşıdığını bugünkü gün kimi xatırlayıram. O vaxt fəhlə tapmaq belə böyük problem idi. Uzun illərdir, eynən ağdamlılar kimi məcburiyyət ucbatından qapısına qıfıl vurub tərk etdiyimiz evimizin tikintisi bəlkə də 10 ildən artıq davam etdi. Ancaq hələ də görüləcək çox işi var idi...

Ağdam Cümə məscidinin minarəsindən bu xarabalıqlara baxdıqca öz ailəmin çəkdiyi əziyyətləri, hər daşına atamın qanı bulaşmış və indi insan nəfəsinə həsrət qalan, müharibədəki Qələbəmizdən sonra açılmasını gözlədiyimiz Mehri dəhlizi sayəsində bizim də bundan sonra tez-tez baş çəkə biləcəyimizə ümid etdiyimiz evimizin tikintisini xatırladım. Düşündüm, İlahi, bu xarabalıqların altında neçə min insanın arzusu gömülüb, neçə min uşağın xoşbəxtliyinə son qoyulub, nə qədər adam yenidən qayıtmaq arzusuyla dünyasını dəyişib...

İndi o insanlar bura qayıtsa da, hər şey əvvəlki kimi olacaqmı?...

Çətin olacaq, amma mütləq qayıdıb, bir daha tərk etməmək şərtilə hər şeyi sıfırdan başlayacağıq. Buna da 44 günlük müharibədə olduğu kimi, məhz xalq-dövlət birliyi sayəsində nail olacağıq. Hamımız bilməliyik, bu yükü dövlətin tək çəkə biləcəyi ağlabatan deyil. Görüləcək işlərin miqyası o qədər nəhəngdir ki...

Amma heç şübhə etmirəm ki, 2-3 ildən sonrakı səfərimizdə artıq müasir binaların, məktəblərin, bağçaların, yaxşı yolların, mağazaların olduğu, küçələri insan qaynayan, Cümə məscidindən azan səsi yüksələn, şəhidlikləri bərpa edilmiş və and yerinə çevrilmiş, çölləri əkilmiş və yamyaşıl, həmin o "Çay evi"ndə yaşlıların nərd atdığı... qısası, öz külündən yoğrulmuş yepyeni bir Ağdamla qarşılaşacağıq!

Yenidən görüşənədək, Şəhid Qəhrəmanım Ağdam!

Elnur Məhərrəmli, 
"AzPolitika.info" saytının baş redaktoru
скачать dle 12.1