Bia.Az

Şəmkirdə kənd sakinləri RİH-nə qarşı hədsiz narazıdırlar- FAKTLAR

Bölgə
 7-02-2024, 00:54     504

Sarıtəpə kəndi Şəmkir rayonunun inzibati ərazi vahidinə daxil olan kəndlərdən biridir və bu kənd Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə, Şəmkir rayonunun Dəllər Cəyir kənd inzibati ərazi vahidinin tərkibində yaradılmışdır. Sarıtəpə kəndi 1988-ci ildə Orta Asiyadan qovulan Axısqa türkləri üçün salınmış və ilk adı Şəmkir kəndi olsa da, daha sonra bu kəndin adı dəyişdirilərək Sarıtəpə adlandırılmışdır. Hal-hazırda bu kənddə təqribən 2289 nəfərin yaşadığı bildirilir və sakinlərin daha çox hissəsini Axısqa türkləri təşkil edir.

BİA.az Hedeftv.az-a istinadən bildiriri ki, sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.Bütün bunlara baxmayaraq neçə illərdir ki, Şəmkir rayonunun Sarıtəpə kəndini əhatə edən çoxsaylı sosial problemlərin varlığı ölkə gündəmini zəbt edən əsas mövzulardan biri hesab olunur və bu gün də həmin problemlər öz həllini tapmır ki, tapmır. Şəmki RİH Aparatının Sarıtəpə kənd sakinlərinə məxsus problemlərin aradan qaldırılması yöndə heç bir əməli addımını atmaması, məhz bu gün də problemlərin üstünə yeni-yeni problemlər əmələ gətirməkdədir. Belə bir səbəblər üzündən də, sakinlər problemlərin aradan qaldırmasına nail olmaq üçün indiyə kimi müxtəlif instansiyalara, aidiyyətı dövlət qurumlarına rəsmi qaydada müraciətlərini çatdırsalar da, şikayət ərizələrini təqdim etsələr də, təəssüflər olsun ki, hələ də heç bir nəticəni əldə etmək mümkün olmayıb.

Bu gün də sakinlər haqlı narazılıqlarıni ifadə edərək bildirirlər ki, “Biz 2012-ci ildən bu kənddə yaşamağa başlasaq da, ötən illər ərzində aidiyyətı dövlət qurumları bizimlə lazımi səviyyədə maraqlanmayıblar. Belə bir səbəblər üzündən də, kəndimizə məxsus sosial problemlər aşıb-daşmaqdadır. Məsələn, kəndarası ərazilərdə mavi qaz boru xətti olsa da, hələ də sakinlərə mavi qaz verilmir, su üzünə həsrət qalmışıq, elektrik dirəkləri sanki “can verir” və belə bir halın varlığı, hər an sakinlərin həyatı üçün təhlükələr törədir. Yağmurlu günlərdə kəndarası yolların palçıqlı vəziyyətdə olması da, dərdimizin üstünə yeni dərd gətirir. Biz bilmirik ki, kimə, hansı dövlət qurumuna şikayət edək, müraciətimizi hansı ünvana çatdıraq ki, bu cür problemlərdən xilas ola bilək? Kənd icra nümayəndəsinə dəfələrlə müraciətlər etmişik. O, problemlərin aradan qaldırılacağına vəd versə də, onun verdiyi vədlər elə vəddə olaraq qalıb. Bir müddət bundan öncə Şəmkir RİH başçısının qəbuluna getsək də, icra başçısı bizi qəbul etmədi. RİH başçısı ara-sıra sakinlərlə səyyar görüşlərini keçirir və belə görüşlərdən biri də, ötən ilin yay aylarında Sarıtəpə kənd sakinləri ilə keçirildi. Biz həmin vaxt rayon rəhbərliyinin diqqətinə Sarıtəpə kəndinə aid sosial problemlərin varlığını çatdırdıq. Düzdür, RİH başçısı bizi dinlədi və onunla birlikdə olan vəzifə sahiblərinə problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlarını da verdi. Təəssüflər olsun ki, rayon rəhbərliyinin bu yöndə verdiyi tapşırıqlar elə tapşırıq olaraq qaldı. Yəni, ötən müddət ərzində bizə aid problemlərdən biri də həll olunmadı. Bu da olduqca təəssüf hissi doğurur və kənd sakinlərində RİH başçısına qarşı hədsiz inamsızlıq hissi formalaşdırır”.

Qeyd edək ki, indiyə kimi Prezident İlham Əliyevin məmurlara qarşı əsas tələblərindən biri, bəlkə də birincisi vətəndaş-məmur münasibətlərində vəzifə sahibi olan hər kəsin siyasi mədəniyyət nümayiş etdirməsini, insanlara qarşı hörmətlə yanaşma ortaya qoymalarını, onlara məxsus sosial problemlərin aradan qaldırılmasını tələb etməsi olmuşdur. Unutmaq olmaz ki, ölkə rəhbəri əksər çıxışlarında “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır” deyə qeyd edir. Bundan əlavə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunub ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və bu Qanunun müddəalarına əməl etməyə də borcludurlar. Qəbul olunmuş Qanunda belə bir tələblərin olmasına baxmayaraq, Şəmkir RİH-nin başçısı üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmək əvəzinə, bir növ “sabotaj”lıqla məşğul olur. Çünki, Sarıtəpə kənd sakinlərinin üzüzə qaldıqları problemlərin varlığı onu söyləməyə əsas verir ki, icra başçısı sosial problemləri aradan qaldırmağa çalışmır və o, yalnız özü üçün var-dövlət əldə etməklə məşğul olur.Sarıtəpə kənd sakinlərinin mavi qazdan, içməli sudan istifadə edə bilməmələri, elektrik enerjisi sahəsində ciddi problemlərin varlığı, kəndarası yolların bərbad halda olması və s. onu göstərir ki, hal-hazırda bu kənddə yaşamağın özü qeyri-mümkündür.

Diqqət yetirmək lazımdır ki, sakinlərin əlaqədar təşkilatlara, ayrı-ayrı dövlət qurumlarına ünvanladıqları ərizə və şikayətlərə məhəl qoyulmur, onlara heç bir cavab verilmir. Əldə etdiyimiz bəzi məlumatlara görə, son illər kənd sakinlərinin xeyli hissəsi şəraitsizlikdən, sosial problemlərin aşıb-daşması səbəbindən bu kəndi tərk etməyə məcbur olublar. Bu da onu göstərir ki, belə bir gedişlə yaxın 5-6 ilə bu kəndə aid problemlər tamamilə aşıb-daşacaq. Bu cür acınacaqlı vəziyyətin davam etməsi onu göstərir ki, əlaqədar dövlət qurumlarının və onların rəhbər şəxslərinin Sarıtəpə kənd sakinlərinə göstərdikləri sayğısızlıq, diqqətsizlik və s. artıq dözülməz həddə çatıb.Bəli, bütün bunları qeyd etməkdə başlıca məqsədimiz, Sarıtəpə kənd sakinlərinə məxsus problemlərin varlığını ictimailəşdirməkdir və aidiyyəti dövlət qurumlarının diqqətini bu kəndə yönəltməkdir. Unutmaq olmaz ki, bu kənd tanınmış ziyalılarının, zəhmətkeş insanlarının və s. varlığı ilə tanınan kəndlərdən olsa da, bu gün baxımsızlıq ucbatından olduqca geridə qalan kəndlərdən biri hesab olunur. Ümidvarıq ki, indiyə kimi Sarıtəpə kəndinin sakinlərinə “ayı xidmət” göstərənlər, bəlkə də bu yazı yayımlandıqdan sonra “qış yuxusu”ndan ayılacaqlar və başları üzərində o böyük Yaradanın qüdrətini hiss edib, bu kəndin sakinlərinə məxsus sosial problemləri aradan qaldırmağa çalışacaqlar. Odur ki, həm gözləyək, həm də izləyək.


Mövzuya qayıdacağıq
скачать dle 12.1