Bia.Az

Bu dünyada kimin günü qara deyil?!.

KÖŞƏ YAZARLARI
 24-10-2022, 02:41     397

Şakir Yaqubov

“Atamın ölümündən iki il sonra Abbas Zamanovu Elmlər Akademiyasına müxbir üzv seçdilər. Onu təbrik edəndə mənə:
– Kaş Rəsul sağ olaydı, – dedi. – Birinci məni o təbrik edəcəkdi. Özü də bilirsən nə deyəcəkdi? Deyəcəkdi: Abbas Zamanov, yəni bir fərli alim tapılmadı orda, səni seçdilər?
– Amma hamıdan çox sevinən də atam olacaqdı, – dedim.
– Əlbəttə. Buna məgər şübhə ola bilər?”…
Anarın təqribən 200 kitab səhifəsi həcmində olan “Sizsiz” xatirə-romanından bu parça dilimin əzbəridir, çox halda nə barədəsə qəti fikir bildirməzdən öncə, bir növ özümü sığortalamaq üçün bu parçanı sitat gətirir və müəllifin əvəzinə bir cümləylə məsələyə nöqtə də qoyuram: “Ayrı cür olsaydı, onda bu, Rəsul Rza olmazdı”.
Əstəğfürullah, mən özümü Rəsul Rzaya tay tutmaq niyyətindən çox-çox uzağam, amma boynuma alıram ki, bu da bir insan xasiyyətidir: düzü-düz, əyrini-əyri… Və illər, nəinki illər, bütün ömrüm boyu bunun əziyyətini çəkmişəm və… yeganə qazancım budur ki, məni tanıyan bütün insanların, ən əvvəl də ailə üzvlərimin gözünün içinə daim dik baxmışam.
***
1987-ci il iyulun 21-də “Kommunist” qəzetinin redaksiyasına, redaksiya heyətinin iclasına getmişdim – öz xoşumla yox, partiya Mərkəzi Komitəsindən səlahiyyət sahibinin konkret göstərişinə əsasən: “Getsin, orda şöbə müdiri işləsin, indiki yerini də boşaltsın filankəs üçün. Getməsə, əmrini verin, atın bayıra!..”. Üst-üstə 13 il ərzində qüsursuz işlədiyimə, sovet dövrünün çox nüfuzlu “Qızıl qələm” mükafatına, jurnalist kollektivlərinə nadir hallarda ayrılan “Sosializm yarışının qalibi” döş nişanına, SSRİ və Azərbaycan komsomolunun qeyri-istehsal sahələri, xüsusən də ideoloji sahə işçilərinə xəsisliklə verdikləri fəxri fərman və diplomlara, respublika daxilində bir neçə yaradıcılıq müsabiqəsində birinci yerə layiq görülməyimə, ölkə jurnalistlərinin bir neçə genişmiqyaslı məclisində azərbaycanlı qələm sahiblərindən ibarət nümayəndə heyətlərinə başçılıq eləməyimə, elə çalışdığım qəzetin rəhbərliyinin təqdimatı və göndərişi ilə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirməyimə əsla məhəl qoymadan!
Halbuki nəinki həmin 87-ci ildə, elə ondan əvvəl və sonra da respublikanın 1 nömrəli qəzetində işə düzəlmək xətrinə onsuz da olmayan şərəf və ləyaqətini beş qəpiyə satan insanlar çoxdu, onların bir xeylisini mən də üzbəsurət tanıyıram…
“Kommunist” qəzetinin redaksiya heyəti məni “yuxarı”nın məsləhət bildiyi” vəzifəyə təsdiq etməliydi. İclasa rəhmətlik redaktor Ramiz Əhmədov sədrlik edirdi. Kadr anketimdən bəzi əsas məqamlar xatırladıldı, bir-iki xırda-xuruş sual verildi və respublikanın baş qəzetinin sovet quruculuğu şöbəsinə müdir təyin olunmağıma razılıq verildi, o vaxtacan həmin şöbəyə başçılıq eləmiş mərhum Əşrəf Hacıyevi isə pensiyaya yola salınan rəhmətlik Hüseynqulu Xanlarovun yerinə partiya həyatı şöbəsinə müdir vəzifəsinə keçirdilər.
İclas bitdi. Redaksiya heyətinin üzvləri ayağa qalxıb redaktorun təxminən 10-12 kvadratmetrlik otağını tərk eləməyə başlayanda Ramiz müəllim:
– Sən dayan, bir yaxından tanış olaq, – deyə mənə üz tutdu.
Otaqda dördümüz qaldıq: mən, redaktor və iki müavini – rəhmətlik Rəfail Nağıyev və Şamil Şahməmmədov. Ramiz müəllim özündən sol tərəfdə, stolun altında düyməni basıb içəri girən nazlı-qəmzəli katibəyə: –
Mənə su, yoldaşlara da çay, – deyə göstəriş verdi, katibə geri fırlananda: – Şakir müəllimə də gətir, – deyə xüsusi qeyd elədi. Sonradan birgə işlədiyimiz təxminən il yarım ərzində bunun mənasını başa düşdüm: redaktorun otağında yalnız məhrəm adamlara çay verilir, bunun üçün isə otaq sahibinin birbaşa göstərişi olmalıdır…
Əslində, bu üç nəfərdən ən az tanışlığım təkcə Rəfail müəllimlə idi: hansısa ildə axşam “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatındakı redaksiyamıza zəng vurub təxminən bir qəzet səhifəsi həcmində yazını tərcümə eləmək üçün mənə göndərdiyini söyləmiş, yazı boyu hansısa söz birləşməsini nə cür tərcümə eləmək lazım gəldiyini də əlavə eləmiş və tərcümə olunmuş mətni redaktəsiz-filansız birbaşa yığım sexinə göndərməyimi istəmişdi. Belə anlaşılırdı ki, tərcümə eləməyimdən xəbərdardır, hətta o dərəcə də ki, redaktəyə də ehtiyac duymur…
Ramiz müəllimlə cəmi iki görüşüm olmuşdu, o da təxminən on il qabaq – o, MK-nın təbliğat və təşviqat şöbəsində sektor müdiri işlədiyi vaxt: birinci dəfə redaktor Şamil Xurşud onun “Bolqarskaya jenşşina” jurnalından elədiyi “Rüşvətin anatomiyası” adlı tərcüməni çapa hazırlamağımı tapşırmışdı (yeri gəlmişkən, həmin tərcümə yazısından “Əgər hansısa bir layihənin müzakirəsində iştirak edənlər onu bəh-bəhlə tərifləyib reallaşdırılmasına tez-tələsik qərar verirlərsə, bununla onlar şəhər merinə rüşvət vermiş olurlar” kimi ayrı-ayrı məqamlar indiyəcən dilimin əzbəridir); ikinci halda isə “müttəhim” sifətində MK-da, onun iş otağında olmuşdum: hansısa bir avara yazıya görə iş yoldaşımın əvəzinə danlaq, şifahi töhmət eşitmişdim və… bunları sakitcə dinləyərək, “Bir də belə eləmərəm” – demişdim. İndi, təbii ki, bunların heç biri onun yadında deyildi, əks halda məni elə-belə işə qəbul eləməzdi.
Şamil Şahməmmədovla isə elə 74-cü ildən – “Azərbaycan gəncləri” qəzetində heç nəsiz “xüsusi müxbir” kimi işə başladığım avqust ayından, əvvəl futbol azarkeşi, daha sonra isə, indiki dillə desək, futbol yazarı kimi tanış idim; sonradan iş münasibətlərimiz o həddə çatmışdı ki, özü “Kommunist”ə redaktor müavini gedəndə məni öz yerinə “Bakı”-“Baku” qəzetlərinin redaktoru Nəsir İmanquliyevə məsləhət görmüşdü (salamatlıq olsun, bir dəfə də bu barədə yazaram). Onu da deyim ki, düz bir il əvvəl “Kommunist”ə də məni o, məsləhət görmüş, mən isə ayağımı sürüyə-sürüyə redaksiyaya getsəm də, bəxtimdən redaktor işdə olmamış, bununla da “Kommunist”də işə başlamağım düz bir illiyə təxirə düşmüşdü – təbii ki, bu dəfə “öz xoşum” məsələdə elə bir rol oynamamışdı…
Ramiz müəllim dedi: – MK-dan səni məsləhət görüblər – bu, öz yerində. Bu yoldaşlar sənin barəndə mənə kifayət qədər, hətta artıqlaması ilə yaxşı şeylər danışıblar, əl altından da öyrənmişik ki, işlədiyin kollektivdə yaxşı hörmətin, böyük nüfuzun var, anket məlumatların da öz yerində. Bunlar heç… Sən özün-özünü xarakterizə elə bizimçün: görək kimsən, nəçisən, nə cür adamsan…
İdarə rəhbərinin bu cür yanaşmasından xoşum gəldi, ona görə də girişsiz, müqəddiməsiz dedim:
– Mənim lüğət dəftərimdə “bəli” ilə “xeyr” yanaşı durur: “bəli”yə “bəli”, “xeyr”ə “xeyr” deyirəm…
Aradan illər keçib, bu söhbətin iştirakçılarından iki nəfəri, o cümlədən Ramiz müəllimin özü çoxdan haqq dünyasındadır, ancaq həmin anda “Kommunist”in redaktorunun ümidlərinin nə dərəcədə puça çıxdığını sanki indi də əyani olaraq görürəm; o, gülümsəyərək Azərbaycan reallığına tam uyğun olan tövsiyəsini dilə gətirdi:
– Axı lazımdı bəzən “bəli” yerinə “yox” deyəsən, “yox” yerinə də “bəli”…
Mən onu tamam ruhdan saldım:
– Yox, mən bunu bacarmıram…
Ramiz müəllim ümidsizcəsinə:
– Onda sənin günün başdan-ayağa qara olacaq ki… – Dedi və söhbət-tanışlıq bununla da bitdi…
***
1939-cu ildə Quba rayonunun Zizik kəndində anadan olan Ramiz Əhmədov (təxminən 20 il Azərbaycana, respublika partiya təşkilatına başçılıq edən Mircəfər Bağırov da, deyilənə görə, bu kənddə anadan olmuşdur) “Kommunist”in redaktorluğuna (indiki dillə: baş redaktorluğuna) MK-nın təbliğat və təşviqat şöbəsi müdirinin birinci müavinliyindən gəlmişdi; ona qədərsə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirərək fəlsəfə elmləri namizədi elmi dərəcəsinə yiyələnmiş, Azərbaycan KP MK-da sektor müdiri, Kirovabad şəhəri Gəncə Rayon Partiya Komitəsinin və Yevlax Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdi. 88-ci ilin sentyabr ayında onu Qutqaşen (indiki Qəbələ) Rayon Partiya Komitəsinin birinci katibi, 1990-ci ildə isə Azərbaycan KP MK Partiya Nəzarəti Komissiyasının sədri seçmişdilər. 1991-ci ilin sentyabrında Azərbaycan Kommunist Partiyası rəsmən buraxıldıqdan sonra Ramiz müəllim özü kimi əqidəli kommunistlərlə birgə yeni Azərbaycan Kommunist Partiyası yaratmış və həmin vaxtdan partiyanın baş katibi olmuşdu. 2007-ci il sentyabrın 10-da uzun sürən ağır xəstəlik nəticəsində vəfat edəndə isə o, artıq AKP-nin sədri idi. 1990 və 2000-ci illərdə Azərbaycan parlamentinə üzv seçilmişdi. Elə həmin dövrdə o, “İkinci həyat”, “Fikirlər düyünündə” və çox sanballı, mübahisə və müzakirələrə səbəb olan “Mircəfər Bağırov” kitablarını nəşr etdirmişdi.
“Kommunist” qəzetində işlədiyi təxminən il yarım ərzində Ramiz Əhmədov bütün SSRİ-də cərəyan edən “perestroyka” (“yenidən qurma”) və “qlasnost”un (“aşkarlığın”) ruhuna uyğun olaraq redaksiyada, qəzetin məzmun və mündəricəsində demokratik səciyyəli xeyli iş görmüşdü ki, bunlardan biri də kadr məsələləriylə bağlıydı: 1987-1988-ci illər ərzində o, “köhnə qvardiya”nın 10-12 təmsilçisini inzibati qaydada (zor-xoş!) pensiyaya yola salıb digər KİV-lərdən (hətta “Abşeron” rayon qəzetindən) təxminən 35-45 yaşlı “cavan”ları, o cümlədən bu sətirlərin müəllifini qəpiksiz (!) işə götürmüşdü, həm də gələnlərin hamısını “təzə qələm, təzə nəfəs” meyarı ilə, ictimai rəyə əsaslanmaqla seçib-sonalamışdı.
Ramiz müəllim son dərəcə zabitəli, sərt bir adam idi, iş əsnasında bir neçə dəfə qarşılıqlı narazılığımız olsa da, xoş bir xatirə kimi xatırlayıram ki, “Kommunist” qəzeti redaksiyasını həmişəlik tərk edərkən sonuncu xudahafizləşdiyi adam mən oldum, həm də “Nə xahişin varsa, çəkinmədən söylə!” – təkidiylə. Mən ondan bir nəfəri işə götürməyi, ayrı bir adamın isə vəzifə maaşını artırmağı xahiş elədim. “Gözüm üstə! – dedi, ancaq bircə qeydlə: – Mənim artıq əmr imzalamaq səlahiyyətim yoxdur, bu xahişlərini öz adımdan təzə redaktora – Cəmil müəllimə çatdıraram”.
Cəmil Əlibəyovun işə başladığı birinci həftədəcə hər iki xahişim reallaşdı.
***
İşə qəbul edildiyim vaxt mənə söylədiklərinin əksinə olaraq, Ramiz Əhmədov bu dünyadan əsil əqidə adamı kimi köçdü: “Qanlı yanvar”dan sonra ona “əsl kommunist” deyirdilər – rayonda AXC-nin davakar radikallarına boyun əymədiyinə görə, sovet quruluşunu sonadək müdafiə elədiyinə görə. Bəlkə elə bu dönməzliyinə görə 1990-cı ilin yayında Azərbaycan kommunistlərinin XXXII qurultayında o, əsas vəzifəsi Sov.İKP üzvlərinin və üzvlüyə namizədlərin partiya intizamına riayət etməsini yoxlamaq, partiyanın proqram və nizamnaməsinin, partiya və dövlət intizamının pozulmasında təqsirkar olan kommunistləri, habelə kommunist əxlaqını pozanları partiya məsuliyyətinə cəlb etmək olan ali siyasi orqanın – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Nəzarəti Komissiyasının sədri seçilmişdi.
Mən bu faktı hansısa başqa bir yazımda da işlətmişəm: 1990-cı il mayın 5-də “Kommunist”də dərc etdirdiyim “Bu da “tayfa oyunu”durmu?!.” sərlövhəli yazıma görə təxminən il yarım ərzində məni ora-bura çəkib sorğu-sual elədilər, Heydər Əliyevi nə məqsədlə müdafiə elədiyimi (!?) aydınlaşdırmağa çalışdılar. O vaxt izahat yazdığım ən sanballı siyasi təşkilat Ramiz Əhmədovun sədri olduğu Partiya Nəzarəti Komissiyası idi.
Heç gözləmədiyim halda, 1991-ci ilin yayında – o vaxt mən artıq rəsmi dövlət qəzeti olan “Həyat”da (indiki “Azərbaycan”da) baş redaktorun birinci müavini vəzifəsində işləyirdim – Ramiz Əhmədov şəxsən özü redaksiyaya zəng vurub məni yanına çağırdı… “Kommunist”dəki məqaləmlə bağlı səmimi sorğu-sualla başlayan söhbətimiz respublikanın, kommunist ideyalarının gələcəyi barədə barışmaz debatla tamamlandı: həmin anda o da, mən də harada olduğumuzu, hansı vəzifəni daşıdığımızı sanki unutmuşduq – Ramiz müəllim əsl partiyalı, kommunist mövqeyini inadla müdafiə edir, mənsə “Qanlı yanvar”dan sonrakı günlərin əhval-ruhiyyəsi ilə ona opponentlik edirdim. Həmin qızğın söhbətdən bir məqam yadımdadır. Soruşdu: “Səncə, kommunist ideyalarının hökmranlığı nə qədər çəkə bilər”. Çəkinə-çəkinə: “Uzağı, bu ilin sonuna qədər” – deməyimə peşman oldum. Tutuldu, üzü bozardı, bütün hirsini-hikkəsini içinə yığaraq: “Bircə onu görməyəcəksən, – dedi. – Kommunizm bir ictimai-iqtisadi formasiyadır və onun qələbəsi hələ çox irəlidədir!..”.
Bu, əsl Ramiz Əhmədov idi. Cəmi dörd il qabaq mənim günümün “başdan-ayağa qara olacağına” hayıfsılanan Ramiz Əhmədov!..
İyul 2012скачать dle 12.1