Bia.Az

HEÇ OLMASA, BU DƏFƏ İRANI TANIDIQMI?

KÖŞƏ YAZARLARI
 22-10-2022, 14:38     367

Hüseynbala Səlimov

Çox güman ki, cənub qonşumuz İran ilə Azərbaycan arasındakı münasibətlər heç vaxt indiki qədər soyuq olmamışdı – burada artıq “bər-bəzəyə”, real münasibətləri “malalamağa” qətiyyən ehtiyac yoxdur, hər şey göz qabağındadır.
Bəli, Ermənistanın İsraildə səfirlik açması İranı qəti əndişələndirmir, amma yatanda da yuxularında Azərbaycanda İsraili görürlər. İrəvanın öz sərhədlərinə Avropanın “xüsusi missiya”sını dəvət eməsi, faktiki olaraq bölgədə Fransanın sülhməramlılarını yerləşdirməsi Tehranı qətiyyən dilxor etmir, amma Azərbaycanı az qala, ABŞ-ın və Avropanın regiondakı “forpostu” hesab edirlər, halbuki hazırda Bakının ABŞ-la və əsas, aparıcı Avropa ölkələrindən olan Fransa ilə münasibətləri soyuqdan da soyuqdur.
Bəli, Tehran Azərbaycanın Zəngəzur dəhlizini istəməsini özü üçün “qırmızı xətt” hesab edir. Sual olunur: nəyə görə Ermənistan bir vaxt Azərbaycanın İranla sərhədlərinin bir hissəsini öz nəzarətinə götürəndə rəsmi Tehran bunu özü üçün “qırmızı xətt”, təhdid saymadı?
Ölkə daxilində siyasi qarşıdurmaların yaşandığı vaxtda İran hərbi təlimlər keçirir, özü də bunu Azərbaycanla sərhəddə keçirməyi düşünür və adını da qoyur “Güclü İran”. Nə demək istəyir bununla Tehran? Bəzi siyasi müşahidəçilərin fikrincə, “Güclü İran” o deməkdir ki, daxildə yaşanan siyasi qarşıdurmalara və gərginliyə baxmayaraq Tehran İranın yenə də güclü və bütöv olduğunu, olacağını bildirir. Amma bir daha sual olunur: Bəs onda niyə bu hərəkətlər Azərbaycanla sərhəddə təşkil olunur? Bəlkə İran Azərbaycanla sərhəddə “Güclü İran” adlı hərbi təlimlər təşkil etməklə qonşusu Azərbaycanı təhdid edir? Axı İran millətçiləri Şimali Azərbaycanın da ərazisini özlərinin “qanuni torpaqları” hesab edirlər!
Bunların, bu iki versiyanın hansı daha çox ehtimallıdır? Bizə elə gəlir ki, Azərbaycanı təhdid etmək ssenarisi daha ehtimallı görünür...
Hazırda İranda etirazlar davam edir. Düşünürük ki, bu etirazlar İranın siyasi həyatında təsirsiz ötüşməyəcək, bütün bu aksiyaların mütləq bir nəticəsi olacaq: ya rejim mülayimləşməyə məcbur olacaq, yaxud da etirazlar genişlənərək, artaraq daha ciddi proseslərə gətirib çıxaracaq.
Əlbəttə ki, biz bu etiraz aksiyalarına qarışmamalıyıq. Amma çətin ki, qonşu dövlətin siyasi elitası bundan özü üçün pozitiv nəticə çıxarmış olsun – yox, belə olmayacaq, Tehranda hesab edəcəklər ki, elə belə də olmalı, Bakı İran qarşısında həmişə hesabatlı, günahkar dövlət olmalıdır, çünki şimaldakı Azərbaycanın güclənməsi, onun yaşadığı problemlərin azalması heç də İranın maraqlarına cavab vermir.
Ona görə də rəsmi Bakı daima güzəştə gedən dövlət pozasından çıxmalıdır. Ən azı ona görə ki, İranda milyonlarla Azərbaycan türkü yaşayır, onlar bizim bacı və qardaşlarımızdır, onların hüquq və azadlıqlarının artmasında, bu insanların İranda malik olduqları imtiyaz və haqların genişlənməsində Azərbaycan maraqlıdır. Biz nə qədər desək ki, bu məsələlərə qarışmırıq, bu məsələlərə münasibətdə tamam neytralıq,
İranda bizə inanmayacaqlar, çünki Şimali Azərbaycanın mövcudluğunu belə İran özü üçün təhdid hesab edir. Nə etməli? Daim İran qarşısında sədaqət andı içməklə məşğul olmalımı? Yox, maraqlarımız və şərait nə tələb edirsə, biz də onu etməliyik...скачать dle 12.1