Ukrayna ordusu hücumda: Rusiya qoşunları işğal etdiyi ərazilərdən çıxarılır

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını Sumı vilayətindəki yaşayış məntəqələrindən çıxarmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Açıqlamada bildirilir ki, Sumıda vəziyyət sabitləşib, Rusiya qüvvələrinin irəliləyişi dayandırılıb.
“Yunakovka - Yablunivka - Novomıkolaivka - Alekseevka - Kindrativka - Rusiya sərhədi – Kursk (Qluşovski) xətti boyunca düşmənin irəliləyişi dayandırılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələri Sloboyansk istiqamətində müdafiə əməliyyatını davam etdirir və Sumı vilayətinin sərhəd bölgəsində hücum cəhdlərindən əl çəkməyən Rusiyanın canlı qüvvəsini effektiv şəkildə məhv edir.
Bildirilir ki, Ukrayna qoşunları müdafiəni möhkəm tutur və düşmənin darmadağın edilməsi üçün əks-hücumun hazırlanması və həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirir:
“Ukrayna əsgərlərinin uğurlu həmlələri nəticəsində Andriyevka qəsəbəsi azad edilib. Bundan əlavə, bölmələrimiz Oleksiyivka ərazisində irəliləyərək düşməni Sumıdan (mərkəzdən) daha da uzaqlaşdırıb”.
Baş Qərargah əlavə edib ki, Rusiya Sumı vilayətinin ərazisində 50 minlik qüvvə yerləşdirib.