Priqojinin üsyanından sonra Rusiyada hakimiyyət böhranı yaşanır - MÜSAHİBƏ

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Yekaterinburqda azərbaycanlılara qarşı olan zorakılıq nəticəsində iki nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması Azərbaycanda böyük narahatlıqla qarşılandı. Artıq bir çox səviyyələrdə Kremlə bununla bağlı narazılıqlar edilib. Rusiyanın bu davranışlarını necə izah etmək olar?
- Əslində, bu basqınlar təkcə azərbaycanlılara qarşı deyildi. Hadisələrin gedişini izləyəndə görmək olur ki, artıq MDB dövlət başçıları səviyyəsində etirazlar da edilib. Çünki Rusiyada qeyri-rus millətlərinə qarşı zorakı bir münasibət var. Rusiyada insan hüquqları ilə bağlı o qədər nöqsanlar var ki, bu proseslər də həmin amillərlə bağlıdır. Faktiki olaraq, Rusiyada öz vətəndaşları olan qeyri-ruslara qarşı şovinist bir kampaniya başlayıb. Görünən odur ki, bu yuxarıdan idarə olunan bir prosesdir. Şovinist-millətçi çıxışlar, siyasi elitanın bu təbliğata qoşulması sözsüz ki, narahatlıq yaradır. Azərbaycan dövləti öz soydaşlarının taleyindən narahatdır. Ona görə də bu kimi halların baş verməməsi üçün Azərbaycandan etirazlar edilir. Rusiya Prezidenti Vladimir Putin Bakıya gələndə qeyd edir ki, Azərbaycan rus dilinə münasibət yaxşı səviyyədədir. Sözsüz ki, Azərbaycanda digər millətlərə və dillərə hörmət var. İstəyimiz odur ki, bizə də o hörməti göstərsinlər. Azərbaycandan haqlı olaraq verilən sərt reaksiyalar da bununla bağlıdır. Amma indi elə bir mənzərə yaranır ki, sanki Rusiyanı Putin deyil, digər şəxslər idarə edir. Rusiyanın “Vaqner” özəl hərbi qrupunun rəhbəri Yevgeni Priqojinin 2023-cü ildəki üsyanından sonra Rusiyada hakimiyyətin kimdə olduğu bəlli deyil.
- Proseslərin bundan sonrakı inkişafında Azərbaycanın dövlət olaraq davranışları necə olmalıdır? Soydaşlarımızla bağlı hansı qərarlar verilə bilər?Ətraflı- Hazırda Rusiyada çox dərin siyasi böhran hökm sürür. Bu böhran getdikcə dərinləşir. Belə olan halda Rusiyada qanunlara kimin riayət edəcəyi ilə bağlı konkret fikir söyləmək çox çətindir, heç buna ümid də yoxdur. Bu baxımdan Rusiyada yaşayan azərbaycanlılara aydın şəkildə göstərilməlidir ki, onlar digər ölkənin vətəndaşları olduqları üçün müəyyən məsələlərə bağlı qərarları özləri verməlidirlər. Azərbaycan dövləti öz soydaşlarına dəstək verməyə hər zaman hazırdır. Amma kimsə gedib digər ölkədə yaşayırsa və orada vətəndaşlıq alıbsa, burada imtiyazları və riskləri də üzərinə götürüb. İndi Rusiya dövləti qeyri-millətlərə qarşı anormal siyasət yürüdür. Bu siyahıda zərər çəkənlər təkcə azərbaycanlılar deyil.
- Sizcə, Rusiyadakı qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək? Bir çoxları bunu Rusiya-Ukrayna müharibəsi ilə bağlamağa çalışsa da, bunun əksini iddia edənlər də az deyil...
- Rusiyada indi hakimiyyətin əməllərindən azərbaycanlılar və qeyri-millətlərlə yanaşı, rusların özləri də əziyyət çəkirlər. İndi ruslar daha çox öz ölkələrindən qaçmağa çalışırlar. Son dövrlər Azərbaycana köçüb yaşayan rusların sayındakı artım da bununla bağlıdır. Ermənistana, Gürcüstana və hara getmələri mümkündürsə, o ölkələrə gedən rusların sayı hər gün artır. Rusiyada azərbaycanlılarla bağlı zorakılıq halları olsa da, bu təkcə bizim millətlə bağlı deyil.