Bia.Az

“RUSİYA ÜÇÜN PİS XƏBƏR: AZƏRBAYCAN QAZI QƏRBİ AVROPAYA TƏRƏF AXIR” - “Forbes” Cənub Qaz Dəhlizinin önəmindən yazdı

İqtisadiyyat
 12-01-2021, 18:24     49

Məlum olduğu kimi, Avropa Birliyi təbii qaz idxalında Rusiyadan asılılığı mümkün qədər azaltmağa çalışır. Buna görə də qaz tədarükünü maksimum şaxələndirmək istiqamətində işlər görür. O da məlumdur ki, yeni il ərəfəsində Azərbaycandan Avropaya təbii qazın ilk partiyası nəql olunub. Düzdür, Rusiya təbii qazının həcmi ilə müqayisədə Cənub Qaz Dəhlizi ilə ötürülən qazın həcmi çox da böyük deyil. Lakin bu layihə Rusiya qazından asılılığı azaltmaq yolunda müəyyən ümidlər verir.

Bu mövzu ilə əlaqədar ABŞ-ın “Forbes” nəşri “Rusiya üçün pis xəbər: Azərbaycan qazı indi Qərbi Avropaya tərəf axır” başlıqlı məqalə dərc edib.

”AzPolitika.info” həmin məqələni qısa ixtisarla təqdim edir:
“2020-ci ilin 1 dekabr tarixində çoxdan gözlənilən Cənub Qaz Dəhlizi rəsmi şəkildə işə düşdü və Azərbaycanın “SOCAR” şirkəti “Şahdəniz” yatağından çıxarılan ilk partiya təbii qazın İtaliyanın Adriatik dənizi sahilində yerləşən Melenduniya məntəqəsinə göndərilməsi xəbərini verdi. Uzunluğu 3500 kilometr olan bu qaz kəməri üç hissəyə ayrılır - Cənubi Qafqaz, Trans-Anadolu və Trans- Adriatik. Bu kəmər vasitəsilə ildə 16 milyard kub metr qaz nəql olunacaq. Türkiyə həmin həcmdən illik 6 milyard kub metr, Avropa isə 10 milyard kub metr qaz götürəcək.

Azərbaycan hökuməti 2013 -cü ildə Cənub Qaz Dəhlizinin tikintisinin anonsunu verdikdən sonra, bu kəməri Avropanın Rusiya təbii qazından asılılığını azaldan layihə adlandırmağa başladılar. 2020-ci ilin birinci rübündə Avropa Birliyinin istehlak etdiyi təbii qazın yarısı, neftin isə üçdə biri Rusiyadan tədarük olunub. Trans-Adriatik qaz kəməri vəsitəsilə Avropaya növbəti 25 il ərzində illik 10 milyard kub metrdən çox qaz nəql olunacaq. Bu 10 milyard kub metr qazın 8 milyard kub metri İtaliyaya, qalan 2 milyard kub metri isə Yunanıstan və Bolqarıstana, eləcə də qonşu ölkələrə çatdırılacaq. Bolqarıstanın keçmiş İqtisadiyyat və turizm naziri Asen Vasilyev deyib: ”Cənub Qaz Dəhlizinin tikintisinin yekunlaşması nəinki Cənub-Şərqi Avropanın, həmçinin bütün Avropa Birliyinin qaz tədarükünün şaxələnməsində mühüm yer tutacaq.”
“Qazprom” qazının nəqlindən əlavə Azərbaycan qazı da artıq Trans-Adriatik qaz kəmərilə axır. Cənub Qaz Dəhlizi Avropa Birliyi üçün qaz tədarükünün iri miqyaslı diversifikasiyası potensialına malikdir. Çünki o, Aralıq dənizinin şərqindəki yataqlardan Yunanıstandakı və Türkiyədəki Sıxılımış Təbii Qaz (STQ) terminallarından qaz nəql olunmasına imkan yaradacaq. Hərçənd ki, Cənub Qaz Dəhlizi müəyyən ruh yüksəkliyi yaratsa da, dəyişikliklər dərhal baş verməyəcək. Geosiyasi vəziyyət onu göstərir ki, Rusiya hələlik Azərbaycan və Ermənistan arasındakı atəşkəs müqaviləsinin əsas siyasi açarını öz əlində saxlayır.

31 dekabr 2020-ci il tarixində Azərbaycan qazı Nea Mesimvria məntəqəsində Yunanıstana çatıb. Eyni zamanda, Bolqarıstan da ilk partiya Azərbaycan qazı alıb. Geniş əhatəli qaz kəmərləri şəbəkəsi sayəsində Balkan ölkələri Rusiyadan qaz tədarükünün həcmini azalda və həmçinin “Qazprom” şirkətindən aldıqları qazın qiymətini aşağı sala bilərlər. Hazırda Bolqarıstan Rusiyadan 2,3 milyard kub metr qaz alır( qaz idxalının 80 faizi). Lakin onlar illik həcmi 1 milyard kubmetr olan qazın uzunmüddətli nəqli ilə bağlı Azərbaycanla müqavilə imzalayıblar.
Cənub Qaz Dəhlizinin fəaliyyətini şərh edən “ICGB” şirkətinin layihə direktoru Teodora Qeorqieva deyib ki, ”Bulgaria -Greece Interconnector”-un işə salınmsı təkcə Azərbaycan qazı ilə bağlı deyil. Onlar gözləyirlər ki, qaz kəmərlərini bir-birinə bağlayan şəbəkə təbii qazın bir neçə mənbədən əldə edilməsinə imkan yaradacaq.
2018-ci ildə Avropa Birliyi 108 milyard kub metr sıxılmış təbii qaz idxal edib ki, bu da onun ümumi qaz tədarükünün dörddə birindən çoxdur. Keçən il Avropanın əsas sıxılmış təbii qaz ixracatçıları Qətər(28%) Rusiya (20%) və ABŞ (16%) olub. Avropa Birliyinin enerji istehlakı strukturunda sıxılmış qazın payı böyüdüyündən, müvafiq olaraq bu sahənin infrastrukturu da inkişaf edir.
1 yanvar tarixindən Xorvatiyada “LNG Hrvatska” sıxılmış qaz terminalı kommersiya fəaliyyətinə başlayıb. Yunanıstan isə Aleksandropolisdə sıxılmış qaz terminalı (6,1 kub metr gücündə) tikməyi planlaşdırır və Bolqarıstanla Şimalı Makedoniyanın bu layihənin səhmdarları olacağı gözlənilir.
Qaz tədarükünün diversifikasiya prosesində Cənub Qaz Dəhlizi mühüm layihə hesab olunur. Lakin hələlik bizim analizimiz İtaliya, Yunanıstan və Balkan ölkələrilə məhdudlaşır. Hələ ki, bazar nöqteyi nəzərindən bu layihə digər Avropa Birliyi dövlətlərinə yox, Türkiyə və Cənub-Şərqi Avropa ölkələrinə rəqabət qabiliyyətli qiymətlər gətirəcək.
Cənub Qaz Dəhlizi qeyri-rus qazının qapılarını Avropanın üzünə aça bilər. Bu dəhlizin imkanlarını nəzərə alsaq( qarşılıqlı əlaqə xətlərinin inkişafı və digər qaz tədarükçilərinin bura qoşulmaq imkanları), bu layihə Avropanın Cənubi-Şərqində xüsusi ruh yüksəkliyi yaradacaq. Sözügedən qaz dəhlizi qitənin digər ucundakı Almaniya və Fransa kimi iri qaz istehlakçılarına qədər uzanmasa da, bu qaz dəhlizi regionda yeni STQ layihələrinin reallaşmasına yol açır.”
Vaqif Nəsibovскачать dle 12.1