Bia.Az

Manatla bağlı nə baş verir? - AKTUAL

İqtisadiyyat
 29-02-2024, 01:05     367

Azərbaycan banklarında yerləşdirilən xarici valyutada depozitlər (maliyyə institutları istisna olmaqla) 2024-cü ilin yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə 826,4 milyon manat artaraq 14 milyard 104,5 milyon manata çatıb.

Mərkəzi Bankın məlumatına görə, yanvarda fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manata, hüquqi şəxslərin xarici valyutada depozitləri 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manata yüksəlib. Yanvar ayında cəmi xarici valyutada depozitlərdəki 826,4 milyon manatlıq artımın 465,5 milyon manatı müddətli xarici valyutada depozitlər üzrə olub.

Dekabrda bankların cəmi depozit portfeli 445,3 milyon manat artaraq 34 milyard 995,4 milyon manata yüksəlib. Cəmi depozitlərə daxil olan xarici valyutada depozitlərin 826,4 milyon manat artması bu o deməkdir, milli valyutada depozitlər 381,1 milyon manat azalıb. Yanvarda fiziki şəxslərin cəmi depozitləri 249 milyon manat artaraq 2024-cü ilin yanvar ayının sonunda 12 milyard 831,2 milyon manata çatıb.

Yanvarda cəmi fiziki şəxslərin depozitlərinə daxil olan fiziki şəxslərin xarici valyutada depozitləri isə 284,4 milyon manat artıb. Bu o deməkdir ki, yanvarda milli valyutada fiziki şəxslərin depozitləri 35,4 milyon manat azalıb. Yanvarda hüquqi şəxslərin depozitləri ötən ilin dekabr ayının sonu ilə müqayisədə 196,3 milyon manata artaraq 22 milyard 164 milyon manata çatıb.

Cəmi hüquqi şəxslərin depozitlərinin 196,3 milyon manat artmasına qarşılıq hüquqi şəxslərin xarici valyutada depozitlərinin 542 milyon manat artması, milli valyutada hüquqi şəxslərin depozitlərinin 345,7 milyon manat azalması deməkdir.

Qeyd edək ki, depozitlərlə bağlı vətəndaşları bir sıra məqamlar narahat edir. Xarici valyutada depozitlərin yerləşdirilməsində artımın səbəbi nədir və dolların məzənnəsinin artma ehtimalının bua hansı təsiri var?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, yanvar ayında ölkədə valyuta ilə depozitlər 2023-cü ilin dekabrına görə xeyli artıb. Yanvarda fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manata, hüquqi şəxslərin xarici valyutada depozitləri 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manata yüksəlib:

“Bu ilin yanvarında milli valyutada depozitlər 381,1 milyon manat azalıb, yəni insanlar manatda olan depozitlərini dollara dəyişməyə başlayıblar. Başqa bir xəbər də var. 2024-cü ilin yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 315,2 milyon manat artaraq 4 milyard 682 milyon manata çatıb.

2024-cü ilin yanvar ayında bankların cəmi kredit portfelindəki artımın 82%-i xarici valyutada verilən kreditlər ilə bağlı olub. Bundan başqa Mərkəzi Bankən keçirdiyi formal hərraclarda dollara tələbat da kəskin artıb. 2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 15 valyuta hərracında banklara cəmi 1 milyard 207,7 milyon dollar satılıb. Bütün bu rəqəmlər onu göstərir ki, valyuta ilə bağlı gözləntilər artıb, ciddi ajiotaj, təlaş var. Mərkəzi Bank və hökumət isə bu gözləntilətri normal idarə edə bilmir. Vətəndaşlar və bizneslə ciddi kommunikasiya problemi var, bu isə təlaşı artıran faktordur”.

O deyib ki, dünyada Mərkəzi Bankların əsas funksiyalarından biri də gözləntiləri idarə etmək, sözlü müdaxilələrlə proseslərə yön verməkdir:

“Hələ ki, bizdə bu sahə axsayır. Mənim fikrimcə, Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə zaman məsələsidir. Açığı, bu il olacağına inanmıram, çünki ölkədə seçki sürəcləri var, amma gələn il ərzində hökumət bu addıma getməyə məcbur qalacaq. Hökumətin ən böyük günahı odur ki, heç vaxt öz səhvlərindən nəticə çıxartmır, 2015 devalvasiyalarından sonra bu yazıq manata balaca “hovuz” düzəldib yavaş-yavaş “üzməyi” öyrətməli idilər, etmədilər, sadəcə inzibatı üsulla məzənnə siyasəti yürütdülər. İnzibati üsulla, əmrlə məzənnəni bir müddət sabit saxlamaq olur, bu daimi proses deyil, ola da bilməz, necə ki, 2005-2015-ci illər arası biz bunu gördük, 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya. 2025-ci ildə növbəti 10 illik dövr başa çatır”.

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, bu gün ölkədə bütövlükdə depozitlər artıb, ancaq milli valyutada çıxarılıb:

“Sadəcə, artım əsasən xarici valyutada olanlar hesabınadır. Bu da böyük ehtimalla o deməkdir ki, Rusiya vətəndaşları, yaxud Rusiyada yaşayan azərbaycanlıların və digər xarici ölkə vətəndaşlarının əmanətləridir. Onlar əmanət qoyanda bizim valyuta ilə qoymurlar. Yəni milli valyutada olan əmanətlər azalmayıb. Heç kəs gəlib milli valyutada olan depozitlərini çıxarmayıb. Sadəcə artım da xarici valyutada olub”.

Hansı valyutada depozit yerləşdirilmənin daha uyğun olduğuna gəldikdə isə ekspert deyir ki, bir ilə qədər milli valyutada yerləşdirməkdə problem görmür:

“Bir il ərzində biz deyə bilmərik ki, devalvasiya ehtimalı yoxdur. Ancaq ehtimal çox aşağıdır. Bu baxımdan kimsə bir illik depozit yerləşdirirsə, milli valyutada olması daha çox sərf edir. Çünki o zaman daha çox faiz ödənilir. Ancaq daha uzunmüddətli depozit yerləşdirilirsə, orada devalvasiyaya görə milli valyutada təhlükə ola bilər”.
скачать dle 12.1