Bia.Az

Bakının Baş Planı üçün nəzərdə tutulan 93,6 milyard manatın mənbəyi necə olacaq? - O pulu tapın!

İqtisadiyyat
 11-01-2024, 00:52     232

Bakının yeni hazırlanmış Baş Planının həyata keçirilməsinə 93,6 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Və bu vəsaitin böyük hissəsi də Azərbaycan büdcəsinin üzərinə yüklənib…

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair təqdim olunan Baş Plana görə, vəsaitin 60,5 milyard manatı dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək.

Baş Planla tanış olan bir çox ekspertlər qeyd edirlər ki, investisiya qoyuluşu məsələsində dövlət büdcəsi həddən artıq yüklənib. Bakının “yenidən qurulması” illik təxminən 6 milyard manat tələb edir və bu vəsaitin üçdə birinin büdcədən maliyyələşdirilməsi nəzərdə tutulub. Amma bu, quruculuq işləri ilə bağlı büdcənin üzərinə düşən yeganə xərc deyil. İşğaldan azad edilən Qarabağ problemi də var və oradakı bərpa prosesləri də büdcədən qaynaqlanır.

Bakı ilə yanaşı, hər il 1-1,5 milyard manat tələb edən regionların inkişaf proqramı da var. Üstəlik, Qarabağın bərpası da hər il 3-4 milyard manat tələb edir. Beləliklə, ən kobud hesablamalar belə, 16 ilə bu xərclərin 150 milyard manat və daha çox olacağını göstərir.

Bəs bu vəsait haradan əldə ediləcək?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, nəzərdə tutulan büdcə dəyəri reallıqdan kənardır.

“Bakının 225 səhifəlik Baş Planının yazılı izahının cəmi 64 səhifəsi icra proseslərinə dair effektiv tərəfi əhatə edir. Burada da ən “qorxulu” səhifə 207, 208 və 209-cu səhifələrdir. Çünki burada planın icrası üçün lazım olan maliyyə vəsaitlərinin strukturu və ümumi 93 milyard 571 milyon manat vəsaitin lazım olduğu göstərilib. Bu, hər il üçün ortalama 5 milyard 848 milyon manat deməkdir. İşğaldan azad edilmiş ərazilər (İAEƏ) üçün bu il dövlət büdcəsində cəmi 3,9 milyard manat nəzərdə tutulur. Yəni, bu plana görə, təkcə Bakı üçün hər il nəzərdə tutulan vəsait bütün İAEƏ-də olan iki iqtisadi rayonun yenidən qurulması və bərpası üçün xərclənən vəsaitdən illik 2 milyard manat çoxdur”.

Digər məsələ özəl sektorla bağlıdır. Plana görə, qeyd edilən dövrədək Bakı şəhəri ərazisinin inkişafına 47,6 milyard manat vəsait xərclənəcək və bunun 30,9 milyard manatı özəl sektorun, 16,7 milyard manatı dövlət sektorunun payına düşəcək.

Ekspertin sözlərinə görə, bu o deməkdir ki, xərclənəcək hər 100 manatın 35 manat 32 qəpiyi özəl sektorun payına düşür: “Təbii ki, bu zaman özəl sektor bu vəsaiti cibindən çıxarıb, dövlətə vermir. Bu sadəcə biznes fəaliyyəti çərçivəsində, eləcə də infrastrukturların yaradılması və digər proseslər zamanı xərclənəcək vəsaitdir. Plana görə “Ərazi inkişafı” üzrə xərclərin 65%-i özəl sektorun payı kimi göstərilib. Narahatedici məqam bu 65%-lik payda yox, yerdə qalan 35%-lik xərcin dolayı yollarla sahibkarların çiyinlərinə yüklənməsi təhlükəsindədir. Özəl sektorda ciddi fəsadlar yaşana bilər. Buna görə də 16 il davamlı ciddi nəzarət mexanizmi yaradılmalıdır”.

Ekspert onu da qeyd edir ki, nəzərdə tutulan işlər üçün əslində daha çox vəsait lazım olacaq və ən pis məqam da budur: “Çünki planda “İnşa olunacaq hər hansı obyektin vahidinin dəyəri Bakı Dövlət Layihə İnstitutu tərəfindən aparılmış təhlillərə əsaslanır və bu dəyərlər Bakı şəhəri üzrə 2020-ci ilin cari orta qiymətlərini əks etdirir” cümləsi var. İndi təsəvvür edin ki, 2040-cı ilə qədər 93.6 milyard manatlıq dəyər 20 illik ardıcıl inflyasiyanın təsiri ilə hansı səviyyəyə yüksələcək! Azərbaycanın isə təkcə Bakıdan ibarət olmadığını da unutmayaq”.

Təəssüf ki, Baş Plan hazırlanan zaman reallıqların nəzərə alınmadığı təəssüratı yaranır. Heç də həmişə dəqiq olmayan rəsmi statistikaya əsaslanaraq plan hazırlanması ilə planın həyata keçirilməsi arasında çox böyük fərq var. Hər şey plan həyata keçirilənə qədər ölkənin iqtisadi durumunun, inflyasiyanın hansı yöndə dəyişməsindən asılı olacaq.

Hə, bir də, məmurların fəaliyyətindən.

Yaşayıb görəcəyik…

Müəllif: Günay Elşən - Mənbə: Pressklub.az
Dia-az.infoскачать dle 12.1