Bia.Az

Bank kartları əməliyyatında problem:“Azərbaycan hazır deyil”

İqtisadiyyat
 10-01-2024, 18:31     220

Yanvarın 6-da Azərbaycanda bank kartlarının əməliyyatlarında problem yaranmışdı. Çoxsaylı şikayətlərə görə, bir neçə saat ərzində bankların mobil tətbiqindən, posterminallardan istifadəsi alınmayıb, heç bir əməliyyatı həyata keçirmək mümkün olmamışdı. 

Problemin "Azərikard"la bağlı olan banklarda yaşandığı bildirilirdi. 
Şikayətlərdə vurğulandığına görə, müştərilərə deyilib ki, texniki problem yaşanıb və mütəxəssislər qısa bir zamanda həmin priblemin həlli üzərində çalışırlar.
"Azərikard" Məhdud Məsuliyyətli Cəmiyəti (MMC) Azərbaycanda 15 banka prosessinq xidməti göstərir .Ölkədə başqa bir prosesinq mərkəzi - MilliKart MMC də fəaliyyət göstərir və bu iki şirkətdən başqa həmin sahədə işləyən qurum yoxdur. 
Bank məsələlər üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadiosuna bildirib ki, əvvəl də oxşar problemlə üzləşib: "Mənim istifadə etdiyim bank kartlarım "Azərikard"a bağlıdır. Keçən ilin noyabrın 29-da eyni problem yaranmışdı. Mən Azərbaycanda deyildim, postterminalla ödəniş etmək istəyəndə ödəniş edə bilmədim. Oradan zəng etdim banka, dedilər ki, ümumi problemdir… " 
Ə.Həsənov problemlərin həm də ölkədə normal bazar iqtisadiyyatının olmadığından qaynağlandığını düşünür. Onun fikrincə, Mərkəzi Bank yaranmış problemlə bağlı yoxlamalar aparmalıdır: "Ötən il "Ödəniş sistemləri haqqında" Qanun qəbul olunub. Həmin qanunda qeyd olunub ki, Mərkəzi Bank istehlakçıların hüquqların müdafiəsinə nəzarət edir. İndi Mərkəzi Bank araşdırmalıdır ki, nə üçün belə şeylər baş verir. ". 
Bu deyilənlərə Azərbaycan Mərkəzi Bankından münasibət öyrənmək mümkün olmayıb.
Amma "Azərikard" MMC-dən “Turan”a şikayətlərlə bağlı bildirilib ki, bu sırf texniki səbəb üzündən baş verib: "Beləliklə, 06 yanvar 2024-cü il, saat 16:23-də Bakı vaxtı ilə, Azərikard Prosesinq Mərkəzinin infrastrukturunun təkmilləşdirilməsi məqsədilə UPS avadanlıqlarının planlaşdırılmış yenilənməsi zamanı şəbəkə və UPS avadınlığı arasında olan generatorla sinxronizasiya edilərkən yaranan tezlik fərqi səbəbindən 1 saniyəyə qədər gözlənilməz gərginlik sıçrayışı baş vermişdir, bu da cihazların sönüb və yenidən işə düşməsinə səbəb olmuşdur".
Qurumdan qeyd olunub ki, nəticədə, saxlama (storage) cihazlarının qeyri-adekvat davranışı səbəbindən sistem bloklanmışdır və xidmətlərində məhdudiyyətlər yaranmışdır: "Elektrik və gərginlik problemi dərhal həll edilsə də, storage avadanlığını dərhal blokdan çıxarmaq mümkün olmamışdır. Səbəbi, fövqəladə bloklama elementinin qeyri-adekvat olaraq işə düşməsi idi".
"Azərikard"dan vurğulanıb ki, əsas prioritet məlumat itkisinin qarşısını almaq olduğundan, yaranmış vəziyyətin ətraflı təhlili və istehsal mühitində bərpaya başlamazdan əvvəl lazımi testlər aparılması mütləq şərt idi: "Bu, nisbi gecikməyə səbəb oldu. Nəhayət, saat 23:13-də prosessinqin tam fəaliyyəti bərpa edildi".
Prosesing mərkəzindən bildirilib ki, Azərikardda müştəri məlumatları yüksək səviyyədə qorunur: "Bununla bağlı şirkət bütün lazımi beynəlxalq sertifikatlara malikdir. O cümlədən sistemin bərpası ilə bağlı şirkətin lazımi sertifikatları var. Həmçinin öncə qeyd edildiyi kimi, əsas prioritet məlumat itkisinin qarşısını almaq idi və buna nail olmuşuq".
Qurumdan vurğulanıb ki, onlara IT xidmət göstərən şirkətlər müqavilə öhdəliklərini yerinə yetiriblər.
İnternet texnologiyalar (IT) üzrə mütəxəssis Vahid Qasım isə deyir ki, yaranmış problemin səbəbləri müxtəlif ola bilər: "Yəni, həm texniki problem, həm kiberhücum ola bilər. Amma mən təxmin edirəm ki, bu sadə bir texniki problemdir. Texnoloji aləmdə bütün hər şey avadanlıqdan, proqramdan ibarətdir. Adətən avadanlıqdan ibarət olan problemlər olanda, yəni hansısa resurslarda çatışmazlıq əmələ gəldiyi zaman proqram təminatında donma baş verə bilər və bununla əlaqədar bəzən bir neçə dəqiqə, bəzən isə bir neçə saat texniki problem yaşana bilir". 
Ekspert hesab edir ki, bu, kiçik sistemlər üçün normal haldır: "Amma ölkə miqyasında olan sistemlər üçün bu, təbii ki, normal hal deyil və əvvəlcədən bu halların olma ehtimalı nəzərə alınmalıdır. Ona görə ehtiyat modullar olmalıdır və birində problem yaşanırsa, dərhal digərinə keçməlidir". 
Ancaq mütəxəssisin fikrincə, Azərbaycan bu cür problemlərə hazır deyil və bu, ölkədə məsuliyyətsizlik olduğuna görədir: "Məsuliyyətsizlik ondan ibarətdir ki, bizdə istehlakçıların hüquqlarının qorunması yoxdur. Başqa ölkədə belə hal olduqda hər hansı istehlakçı məhkəməyə müraciət edə bilər ki, bir neçə dəqiqə ərzində əməliyyat edə bilmədiyinə görə bir neçə milyon zərərə düşüb, bundan sonra da məsul şirkət bir neçə milyon zərərə düşəcək. Bizdə məhkəmə sistemi problemli olduğuna görə, bunu heç kim edə bilmir və qurumlar heç bir məsuliyyəti boynuna götürmürlər. Bu həm intetnet provayderlərə, həm bank sektoruna, həm də nəqliyyat sisteminə də aiddir".
V.Qasımın fikrincə, kart istifadəçiləri üçün bunun heç bir texniki riski yoxdur: "Amma əgər kiberhücum olsa və bank sistemi buna hazır deyilsə o zaman ola bilsin istehlakçıların hsabına xələl gələ bilər. Hərçənd, bank sistemində bundan sığortalanma sistemi nəzərdə tutulur, amma Azərbaycanda sığorta sistemi düzgün bir şəkildə işləmədiyinə görə müəyyən problemlər ola bilər".скачать dle 12.1