Bia.Az

RUSİYANIN UKRAYNADA TEZ-TEZ DƏYİŞƏN SON HƏDƏFİ... - Putin bir şey deyir, Patruşev başqa bir şey, Şoyqu isə...

Gündəm
 6-07-2022, 13:15     92

Fevralın 24-də Rusiya Ukraynaya qarşı açıq işğalçılıq savaşına başlayanda, bu müharibəni “xüsusi əməliyyat” adlandıran Putin bir neçə hədəf göstərmişdi. O, rus xalqına bildirmişdi ki, Moskvanın məqsədi Ukraynanı demilitarizasiya etmək və nasistsizləşdirmək, habelə Ukrayna hökuməti tərəfindən səkkiz illik "zülm və soyqırıma məruz qalmış" xalqı qorumaqdır.

Ancaq müharibənin gedişində hədəflər bir neçə dəfə dəyişdi. Əslində, ilk növbədə Rusiya liderinin məqsədi bütövlükdə Ukraynanı ələ keçirmək, hökuməti devirmək, onun yerinə öz oyuncaq hökumətini yerləşdirmək və Kiyevin NATO-ya qoşulmaq istəyinə tamamilə son qoymaq idi. Kiyevə uğursuz və biabırçı məğlubiyyətlə nəticələnən hərbi yürüş də ilk öncə məhz bu məqsədə xidmət edirdi.
İlkin hədəflərə çatmağın mümkünsüz olduğunu görən Kreml sonrakı mərhələlərdə öz ritorikasını və məqəsdlərini dəyişməyə başladı və demilitarizasiya və denasifikasiya kimi mücərrəd anlayışları öz leksikonundan çıxardı. Bu dəfə əsas məqəsəd “Donbasın azad edilməsi” oldu.
Ancaq buna paralel olaraq da, Putin özünü I Pyotrla müqayisə edərək, əsas məqsədin Rusiyanın “tarixi torpaqlarının” geri qaytarılması olduğunu bəyan etdi.

Son olaraq, iyunun 30-dakı çıxışında isə Kreml sahibi bildirdi ki, “xüsusi əməliyyat”ın məqsədi “Donbasın müdafiəsi və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün şəraitin yaradılması”dır.
Bütün bu hədəf sapmalarından belə nəticə çıxarmaq olar ki, Putinin hədəfləri döyüş meydanındakı vəziyyətə uyğun olaraq dəyişir. Qlobal strateji miqyasda məğlubiyyətə uğradığını və döyüş meydanında Ukrayna Ordusunu məhv edə bilmədiyini və bilməyəcəyini anlayan Rusiya başçısı hədəfləri kiçiltmək məcburiyyətində qalıb.
Artıq Putinin dilindən denasifikasiya və demilitarizasiya ifadələri eşidilmir. Söhbət Donbasdan və hansısa mücərrəd “Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün şəraitin yaradılması”ndan gedir.
Ancaq Putindən fərqli olaraq, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev yenə köhnə hədəfləri göstərməkdə davam edir.
Ötən gün Xabarovskda keçirdiyi iclasda TŞ katibi deyib ki, “xüsusi əməliyyat”ın əsas hədəfləri dəyişməz olaraq qalır və bunlar “insanların soyqırımdan müdafiəsi, Ukraynanın bütün ərazisinin demilitarizasiyası və denasifikasiyası, ölkənin neytral statusunun konstitusiyada əks olunmasıdır”.


Patruşevin sadaladığı məqsədlərin Ukraynanın hazırkı hakimiyyətinin dövründə reallaşması qeyri-mümkündür. Çünki Zelenski hakimiyyəti delimitarizasiyanı, yəni silahsızlaşdırmanı nəinki yaxın buraxmır, əksinə, Qərbdən, xüsusilə ABŞ-dan daha çox ağır silahlar almaqda davam edir. Hələ qarşıda ABŞ-ın Lend-Liz qanununun icrası ilə bağlı külli miqdarda silah təchizatı gözlənilir. Həmçinin, əksər ekspertlər müharibə başa çatandan sonra Ukraynanın NATO-ya üzvlük məsələsinin yenidən gündəmə gələcəyini bildirirlər.
Denasifikasiyaya gəlincə, bu mücərrəd tələbin də yerinə yetirilməsi artıq qeyri-mümkündür. Əksinə, məlum səbəblərdən Ukraynada cəmiyyətin, əhalinin Rusiyaya qarşı mənfi münasibəti, hətta nifrəti hədsiz dərəcədə artıb. Bir çox şəhərlərdə yerli əhali Rusiyaya aid bütün işarələri, adları, heykəlləri və s. sökməklə, dağıtmaqla məşğuldur. Rus dilinin istifadəsi minimuma endirilib.

Ölkədə rusiyameylli kollobarant partiyaların fəaliyyəti ləğv və qadağan edilib. Bütün bunlardan sonra denasifikasiya barədə danışmaq isə qeyri-real, hətta gülünc görünür. Bu, o deməkdir ki, Patruşev ya 24 fevralda qalıb, ya da bilərəkdən Putinin dediklərinin əleyhinə gedir...
Nəhayət, son olaraq “xüsusi əməliyyat”ın hədəfləri barədə danışan Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib ki, Rusiya ordusu “Luqansk vilayətinin tam azad olunması” ilə kifayətlənmək fikrində deyil: “Bu gün bizim üçün əsas prioritet şəxsi heyətin həyatını və sağlamlığını qorumaq, mülki əhalinin təhlükəsizliyini təmin etməkdir”.

Göründüyü kimi, Şoyqunun göstərdiyi hədəflər nə Putinin, nə də Patruşevin dediklərilə üst-üstə düşmür. Nazir həmçinin, “Luqanskla kifayətlənməyən” rus ordusunun hara qədər getmək fikrində olduğunu da açıqlamaqdan çəkinib. Ən azından ona görə ki, təkcə sözügedən vilayətin Ukrayna miqyasında heç də böyük olmayan Severodonetsk və Lisiçansk kimi şəhərlərinin işğal edilməsi Rusiyaya böyük şəxsi heyət və silah-sursat itkisi hesabına başa gəlib.
Son hesablamalara görə, Rusiya bu şəhərlər uğrunda döyüşlərdə azı 7 min hərbçisini itirib. Hesab olunur ki, Putinin Şoyqu ilə son görüşündə Luqansk istiqamətində döyüşən ordu hissələrinin “dincəlməli olduğunu” bildirməsi də elə bununla əlaqədardır.
Bütün bunlar həm də onu göstərir ki, Kreml döyüş meydanındakı vəziyyətlə bağlı və beynəlxalq birliyin təzyiqləri altında “xüsusi əməliyyat”ın hədəflərini tez-tez dəyişmək məcburiyyətində qalıb. Böyük ehtimalla bu hədəflər müharibə bitən günə qədər də hələ bir neçə dəfə dəyişəcək.
Ancaq istənilən halda son olaraq gec və ya tez haqlı olan tərəfin – Ukraynanın hədəfləri dəyişməyəcək və bu ölkə layiq olduğu müstəqilliyə, ərazi bütövlüyünə və qələbəyə nail olacaq.//“AzPolitika.info” скачать dle 12.1