Bia.Az

BİR MİLYARDIN GÖYƏ SOVRULDUĞU ADA... - Rus ordusu İlan adasından niyə qaçdı? + VİDEO

Gündəm
 5-07-2022, 12:32     297

Rusiyanın Ukraynaya qarşı işğalı ilə məşhurlaşan Qara dənizdəki İlan adası bir neçə gün əvvəl öz sahibinin, yəni Ukraynanın nəzarətinə keçdi. Rus qoşununun adadan çəkildiyinin rəsmən elan edilməsi Rusiya-Ukrayna müharibəsində həm hərbi, həm də simvolik baxımdan olduqca əhəmiyyətli hadisə hesab olunur.
Ukrayna tərəfinin ardıcıl dəqiq zərbələrindən sonra adanın Rusiya tərəfindən tərk edilməsi rus ordusunun Qara dənizin bu əhəmiyyətli hissəsinə nəzarətini mümkünsüz etdi. Rusiya ordusu bu adada ümumilikdə müharibədə olduğu kimi, təkcə nüfuz, şərəf, hərbi güc deyil, həm də böyük məbləğdə maliyyə itkisi verib.
Məşhur “FreeДом” layihəsində çalışan jurnalistlərin və hərbi ekspertlərin hesablamalarına görə, Rusiya İlan adasında azı 1 milyard ABŞ dolları itirib. Bununla bağlı yayılan hesabatda deyilir ki, Rusiyanın bu ada ətrafında gedən döyüşlərdəki hərbi itkiləri sırasına hərbi gəmilər, katerlər, helikopterlər, hava hücumundan müdafiə sistemləri, raket kompleksləri və s. daxildir.
Hesabatda göstərilir ki, amerikalı ekspertlərin hesablamalarına görə, təkcə ada ətrafında vurulan məşhur “Moskva” kreyserinin dəyəri 750 milyon dollardır. 

Qeyd olunur ki, bu rəqəm hesablanarkən Rusiya ordusundakı şişirtmələr, korrupsiya və gəminin bundan öncəki modernləşdirmə xərcləri nəzərə alınmayıb. Bu isə o deməkdir ki, Ukrayna tərəfindən batırılmış flaqmanın rəsmi sənədlərdəki gerçək dəyəri daha böyük ola bilər. Gəminin göyərtəsindəki “R-300” raket kompleksi isə təkcə maliyyə deyil, həm də böyük hərbi itki sayılır. Çünki onun məhv edilıməsilə Rusiya donanmasının Qara dənizin bu hissəsindəki “çətiri” darmadağın edilib.
“Moskva”dan sonra sözügedən ərazidə batırılan ən yeni gəmilərdən olan “Vasili Bex” gəmisi də ciddi itki sayılır və onun dəyəri 25 milyon dollar hesablanır.

Bundan başqa İlan adası ətrafında dənizin dibinə göndərilənlər arasında 20 milyon dəyərindəki “Serna” desant gəmisi və hərəsi iki milyon dollar olan iki “Raptror” katerləri var.
Həmçinin, adada hərəsi 50 milyon dollara başa gələn iki ədəd “Tor” zenit-raket kompleksi, dəyəri 15 milyon dollar olan və “Bayraktar”la mübarizə aparan 3 ədəd “Pansir-C1”, eləcə də birinin dəyəri 3 milyon hesablanan 3 “Strela-10” kompleksi məhv edilib.
İtkilər sırasında 8 milyon dollarlıq “Mİ-8” helikopteri və ən azı 6 milyon dollarlıq radiolakasiya qurğuları da var.

Hərbi və maliyyə itkilərilə yanaşı, Rusiya ordusu ada ətrafında böyük canlı qüvvə də itirib. Təkcə “Moskva” gəmisində yüzlərlə rus hərbçisinin məhv edildiyi bildirilir. Ancaq mütəxəssislərin də qeyd etdiyi kimi, Putin üçün insan itkilərinin heç bir ciddi əhəmiyəti yoxdur və o, bunu müharibənin gedişində dəfələrlə büruzə verib.





Yeri gəlmişkən, rus qoşunlarının adadan qovulmasında Qərbin verdiyi gəmi əleyhinə raket kompleksləri ilə yanaşı, məşhur Türkiyə “Bayraktar”larının olduqca əhəmiyyətli rolu olub. Onlar müharibənin ilk günlərindən bu ərazilərdə həm kəşfiyyat, həm də zərbə endirilməsi üçün istifadə olunublar.
Rusiya ordusunun 4 aydan artıq öz nəzarətində saxladığı və bunun üçün böyük itkilər verdiyi adadan qaçmasının səbəbinə gəlincə, Kreml iddia edir ki, bu, Rusiya tərəfinin növbəti “xoş məram nümayişi”dir.
Xatırladaq ki, Kiyevin həndəvərinə qədər gəlib, sonradan ağır zərbələr aldığı üçün geri çəkilməli olan zaman da Kreml bu məğlubiyyətini “xoş məram nümayişi” kimi qələmə vermişdi. Hansı ki, həmin bu “xoş məram” Buça qətliamı, eləcə də dinc şəhərlərin, yaşayış binalarının, uşaq bağçalarının, ticarət mərkəzlərinin bombalanması, on minlərlə günahsız insanın qətlə yetirilməsilə müşaiyət olunub. Elə İlan adasından çəkilməklə paralel olaraq, eyni gündə rus qoşunları “xoş məram nümunəsi” kimi Odessada yaşayış binalarına, Kremençuqda isə ticarət mərkəzinə raket zərbələri endirərək, aşkar qətliam törətdi.

İstər Kiyev ətrafında, istərsə də İlan adasında yalnız Ukrayna Ordusunun şiddətli müqaviməti və ağır zərbələri sayəsində rus qoşunları geri çəkilməli, daha doğrusu qaçmalı olublar. Odur ki, Rusiyanın geri çəkilməsi xoş məramdan deyil, yalnız ağzının üstünə vurulan ağır yumruqdan sonra mümkündür...
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski adanın geri qaytarılması ilə bağlı deyib ki, Ukrayna İlan adasında olduğu kimi, bütün itirilmiş torpaqlarının geri alınmasına nail olacaq: “İlan adası buna yaxşı nümunədir. Gün gələcək və biz eyni şeyi Donbass haqqında deyəcəyik”.

Xatırladaq ki, hələ 2022-ci ilin 24 fevral tarixində, Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə Ukrayna Dövlət Sərhəd Xidməti yerli vaxtla təxminən saat 18:00-da İlan adasınınRusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən hücuma məruz qaldığını elan etmişdi. "Moskva" kreyseri və patrul kateri Vasili Bıkovun göyərtələrindən ada ağır atəşə tutulmuşdu. 

Rus hərbi gəmisi özünü təqdim etdikdən sonra Ukrayna əsgərlərinə təslim olmalarını əmr etmişdi və əvəzində “Русский военный корабль, иди на...” cavabını almışdı. Ukraynalılar və bütün sivil dünya ümid edir ki, işğalçı ordu yaxın zamanda İlan adasından olduğu kimi, bütün Ukrayna ərazisindən, eləcə də sülhməramlı adıyla soxulduğu bütün qonşu dövlətlərin ərazilərindən çıxmağa məcbur olacaq...

“AzPolitika.info”скачать dle 12.1