Bia.Az

QURU SƏRHƏDLƏRİ NİYƏ TAM QAPADILDI? – Hökumət susur, cəmiyyət 3 hissəyə bölünüb...

Gündəm
 4-07-2022, 14:09     76

Bir neçə aydır sosial şəbəkələrdə və mətbuatda quru sərhədlərinin açılıb-açılmayacağıyla bağlı geniş müzakirələr gedirdi. Hətta bəzi KİV-lərdə iyulun birindən quru sərhədlərinin açılacağıyla bağlı fikirlər də səsləndirilirdi. Lakin Nazirlər Kabinetinin xüsusi karantin rejimini sentyabrın 1-nə qədər artıran qərarı ilə bütün ümidlərin üzərindən böyük bir xətt çəkildi. Bunun ardınca Naxçıvanın Türkiyə və İranla olan quru sərhədlərinin də bağlanması ölkə vətəndaşlarının xaricə yalnız hava yolu ilə getməsini məcburi hala gətirdi.

Xatırladaq ki, yeni qərara əsasən, iyulun 1-dən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri iki ay müddətinə sərnişin daşımalarına qapadıldı.

Bu məsələ ilə bağlı, Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanılıb: “Bu qərarda bildirilir ki, sentyabrın 1-dək yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxış dayandırılsın. Sözügedən qərarda sərhədin bağlanmasının pandemiya ilə əlaqədar olduğu göstərilib”.

Məlumat üçün qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqəsdilə, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Bu Qərara əsasən, Azərbaycan ərazisinə yerüstü nəqliyyat yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb. Lakin bu qərara uyğun olmasa da, Naxçıvan Muxtar Respublikasından qonşu dövlətlərə (İran və Türkiyə) quru sərhədləri ilə səyahət etmək mümkün idi. Ancaq yeni qərala birlikdə, Azərbaycanın qonşu dövlətlərlə olan bütün quru sərhədlərində vətəndaşların gediş-gəlişi məhdudlaşdırıldı.
Qeyd edək ki, quru sərhədlərinin bu qədər uzun müddətə bağlı qalması və dövlət rəsmilərinin bu barədə açıqlama verməməsi, mətbuatda və sosial şəbəkələrdə müxtəlif iddiaların yayılmasına səbəb olub.
Kifayət qədər böyük fikir ayrılıqlarının olduğu bu mövzuda cəmiyyət 3 hissəyə bölünüb - ““AZAL”-ı tənqid edənlər”, bu məsələni “daxili turizm”-lə əlaqələndirənlər ,“təhlükəsizlik”-lə bağlı belə bir addımın atıldığını bildirənlər. Dövlət rəsmiləri isə artıq iki ildən çoxdur ki, quru sərhədlərinin bağlanmasını “epidemioloji vəziyyət”lə izah etməyə çalışırlar.
“AzPolitika.info” ekspert rəyləri və mümkün ehtimallar üzərində bu mövzunu araşdırmağa çalışıb

“Pandemiya” faktoru

Dövlət qurumları sərhədlərin bağlı olmasının səbəbini “epidemioloji vəziyyət”lə izah etməyə çalışsalar da, bu barədə heç bir ətraflı məlumat verilmir. Yəni, “epidemioloji vəziyyət” dedikdə konkret olaraq hansı virusdan söhbət getdiyi bildirilmir. Məlum olduğu kimi koranavirus infeksiyası zəifləsə də, tam olaraq bitməyib. Hazırda ölkəmizdə koranavirusa gündəlik yoluxanların sayı 20-50 nəfər arasında dəyişir.
Bir çox ölkədə rast gəlinən və dünya miqyasında pandemiya elan edilən meymunçiçəyi virusuna isə ölkəmizdə rast gəlinməyib. İndiyə qədər qonşu ölkələrdən yalnız Türkiyə və Gürcüstanda meymunçiçəyinə yoluxma faktı qeydə alınıb.

Ötən gün Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib ki, “heç bir sərhəd-keçid məntəqəsində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur”.
Nazir Azərbaycanda yoluxma qeydə alınmadığı üçün bu virusla əlaqədar “vaksinasiyanın aparılmasının da nəzərdə tutulmadığını” açıqlamışdı. Sual olunur ki, hər iki pandemiyayla bağlı ciddi bir risk faktoru olmadığı halda quru sərhədləri niyə bağlanılıb?

Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, müvafiq qurumlar hökmən bu məsələyə aydınlıq gətirməlidirlər: “Hazırda quru sərhədlərinin bağlı olması qeyri-adi bir situasiya yaradır. Cəmiyyət arasında da sərhədlərin açılmasıyla bağlı böyük tələblər var. Bu gün dünyanın hər yerində quru sərhədləri açılıb. Azərbaycanın israrla quru sərhədlərini bağlı saxlaması və hökumətin xalqa heç bir açıqlama verməməsi ciddi narazılıqların yaranmasına səbəb olur. Hər halda bu qərarın məntiqli bir izahı olmalıdır. Belə bir addımın atılmasını epidemioloji vəziyyətlə əlaqələndirmək düzgün deyil”.
Qeyd edək ki, hazırda Türkiyə, Gürcüstan, İran və Ermənistan quru sərhədləriylə bağlı heç bir məhdudiyyət tətbiq etməyib. Rusiya isə iyulun 15-dən quru sərhədlərinin açılacağını və pandemiyayla bağlı bütün qadağaların ləğv ediləcəyini açıqlayıb.
“Rospotrebnadzor”-un məlumatına əsasən, epidemioloji vəziyyət normallaşdığı üçün maska, iaşə obyektlərinin fəaliyyətinə və bir sıra kütləvi tədbirlərin təşkiliylə bağlı qoyulan qadağalar ləğv edilib.
Həmçinin bu yaxınlarda Türkiyə ilə Ermənistan XİN rəsmiləri arasında baş tutan görüşdə quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəlinib. Bütün bunlar onu göstərir ki, “epidemioloji vəziyyət” hazırda həm ökəmizdə, həm də qonşu ölkələrdə stabildir. Belə olan halda quru sərhədlərinin bağlı olmasını “epidemioloji vəziyyət”lə əlaqələndirmək doğru hesab edilə bilməz.

“AZAL” faktoru

Hazırda quru sərhədlərinin bağlı qalmasını “AZAL”-la əlqələndirənlərin sayı kifayət qədər çoxdur. Sosial şəbəkələrdə səsləndirilən iddialara əsasən, quru sərhədləri “AZAL”-ın tələbi əsasında bağlı saxlanılır və ölkədən giriş-çıxışa qoyulan məhdudiyyət nəticəsində qurum daha böyük vəsaitlər əldə edir. Əslində bu məsələdə vətəndaşlara müəyyən qədər haqq qazandırmaq mümkündür. Çünki həqiqətəndə quru sərhədlərinin bağlı olması hazırda bir tək “AZAL”-ın işinə yarayır. Sanki elə bu qadağa məhz bu qurumun daha çox gəlir əldə etməsi üçün ortaya atılıb.

Hər halda təsadüfi deyil ki, müvafiq qərar mövsümlə əlaqədar olaraq, Türkiyəyə və Naxçıvana səyahətlərin artdığı bir vaxtda icra edilməyə başlandı.
“AZAL”-la müqayisədə Naxçıvan üzərindən Türkiyəyə səfərlərin 2-3 dəfə ucuz olması əlbəttə ki, qurumun monopolist siyasətinə mənfi təsir göstərirdi. Məsələn, bu marşurut xətti üzrə vətəndaşlar Bakı-Naxçıvan (60 manat), Naxçıvan - Iğdır- 10 manat, Iğdır-İstanbul avtobus bileti- 450 tl ( 45 manat 66 qəpik) və ya Iğdır-istanbul aviareysi - 740-890 tl (75-90 manat) ilə müvafiq olaraq, 105-160 manata İstanbula səfər edə bilirdi.
Ancaq bu qərardan sonra vətəndaşlar məcburdurlar ki, “AZAL”-ın “şişirdilmiş bilet qiymətləri”lə daha yüksək məbləğlərə Türkyəyə səyahət etsinlər. Məsələn, hazırda Bakı-İstanbul reysininin qiyməti “AZAL”la- 416 manat, “Buta”-la isə 364 manat təşkil eidr. Yəni, Naxçıvan marşurutundan 3-4 dəfə baha qiymətə...

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, cari ilin ilk 6 ayı ərzində Türkiyə və Azərbaycanı birləşdirən “Dilucu” gömrük-sərhəd keçid məntəqəsindən Türkiyə ərazisinə 123 min 414 xarici vətəndaş daxil olub. Təkcə may ayı ərzində 35 min 730 xarici vətəndaşın bu yolla Türkiyəyə səfər etdiyi bildirilir. Bəzi qeyri-rəsmi mənbələrə görə, iyun ayında bu rəqəm iki dəfə artaraq, 60-70 min nəfərə yüksəlib.

Siyasi təhlilçi Mehman Əliyev ehtimal edir ki, son vaxtlar Naxçıvan üzərindən Türkiyəyə gediş-gəliş çoxaldığı üçün bu marşurut xətti qapadılıb. O hesab edir ki, hakimiyyət geriyə axını məhdudlaşdırmaq üçün də bu cür addımlar atır: “Bu, (geriyə axın) daxili iqtisadi gərginlik yaradır. O mənada ki, işsizlərin sayı çoxalır, yaxud da digər problemlər yaradır. Sonra götürək İranı. İnsanların çoxu İrana, Gürcüstana müalicəyə gedirdi və bu mənada bizim səhiyyə sistemimiz xeyli vəsait itirirdi. Yalnız təyyarə ilə uçmaq mümkün olduqdan sonra İrana da, Gürcüstana da axın azaldı. Bu mənada hökumət gediş-gəlişin məhdudlaşdırılmasında maraqlıdır. Digər tərəfdən isə hökumət insanların getməsinin, bununla da vəsaitlərin - hansılar ki, tibbə və digər başqa sahələrə yönləndirilə bilərdi - ölkədən çıxmasının qarşısını almaq istəyir”.

“Daxili turizm” faktoru

Bəzi iddialara görə, quru sərhədləri daxili turizmi inkişaf etdirmək üçün bağlı saxlanılır. Hazırda ölkədaxili turizm paketləri o qədər də sərfəli hesab olunmadığından, əksər vətəndaşlar Türkiyə və digər ölkələrdə səyahətə üstünlük verirlər. Məsələn, quru sərhədləri bağlanmamışdan əvvəl Naxçıvan üzərindən çalışan turizm şirkətləri 290-500 manata 4-5 günlük Türkiyənin müxtəlif bölgələrinə turlar təşkil edirdi. Ona görədə bazarda bu cür təkliflərin olduğu bir vaxtda heç kim otel qiymətləri kifayət qədər yüksək, xidmət keyfiyyəti aşağı olan ölkə turizminə maraq göstərmirdi.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may aylarından xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 530,2 min nəfər olub. Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiyaya gedənlərin sayı isə 1,5 dəfə artıb.

İqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, quru sərhədlərinin bağlı olmasını daxili turizmlə əlaqələndirmək düzgün deyil: “Əgər dövlətin quru sərhədlərini bağlı saxlayaraq, ölkədən xaricə valyuta axınının qarşısını almaq niyyəti olsaydı, hava yolu nəqliyyatını da bağlayardı. Həmçinin daxili turizmin inkşafında xarici ölkələrdən, xüsusəndə Türkiyə və İranda gələn turistləri rolu böyükdür. Sərhədlərin açıq olması daxili turizmə daha müsbət təsir edə bilərdi”.
Ekspert qeyd edib ki, bu qərar əsasən Naxçıvan üzərindən Türkiyə ilə çalışan turizm və ticarət şirkətlərinə təsir edəcək: “Bu cür şikətlər quru yolu ilə öz bizneslərini davam etdirirdilər. Ancaq quru sərhədlərinin bağlanması bu şirkətlərin işinə mənfi təsir göstərəcək. Ölkə iqtisadiyyatına isə böyük təsirləri olmayacaq. Çünki ölkə iqtisadiyyatı iki ildən artıqdır ki, bu vəziyyətə adaptasiya olub. Hesab edirəm ki, turizmin iqtisadi aktivliyinin artırılaması üçün yaxın gələcəkdə quru sərhədləri məsələsinə yenidən baxılmalıdır”.

“Təhlükəsizlik” faktoru

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə yaxın günlərdə Qarabağda yeni hərbi əməliyyatların başlayacağıyla bağlı şaiyələr yayılmağa başlayıb. Bəzi vətəndaşlar quru sərhədlərinin bu səbəbdən qapadıldığını iddia edirlər.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “AzPolitika.info”-ya şərhində bildirib ki, quru sərhədlərinin bağlanmasının Qarabağdakı mümkün hərbi əməliyyatlara heç bir dəxli yoxdur: “Ümumiyyətlə Qarabağda hər hansı bir əməliyyatın olacağı gözlənilmir. Çünki Qarabağda hərbi əməliyyat başlasa, gərək Rusiya qoşunlarına qarşı da mübarizə aparaq. Rusiya qoşunları Qarabağda atəşkəsə nəzərət edirlər. Bu baxımdan hazırda həmin ərazidə anti-terror əməliyyatı keçirmək real görünmür”.

Ekspert quru sərhədlərinin hərbi əməliyyatlara görə bağlanmasını “şaiyə” adlandırıb: “Təəssüf ki, dəqiq izahat olmadığı, cəmiyyətə ətraflı məlumat verilmədiyi üçün bu cür şaiyələr yaranır. Sadəcə olaraq başqa ölkələrlə- İran və Rusiyayla münasibətlərdə yaranan gərginlik səbəbindən belə bir addım atıla bilər. Ancaq hər halda aydınır ki, quru sərhədlərinin bağlanmasının pandemiya və Qarabağdakı mümkün hərbi əməliyyatlarla heç bir əlaqəsi yoxdur”.
Sonda qeyd etmək istərdik ki, quru sərhədlərinin hans əsasla bağlanmasından aslı olmayaraq, bu durumdan ən çox vətəndaşlarımız əziyyət çəkir. Hazırda minlərlə insanımız səyahət etmək və ya öz qohumlarının, ailəsinin, yaxınlarının yanına gedib-gəlmək üçün böyük vəsaitlər ödəməyə məcbur olur. Ona görə də müvafiq qurumlar problemi “epidemioloji vəziyyət”lə izah etmək əvəzinə, cəmiyyətə ətraflı məlumat verməyə borcludurlar...скачать dle 12.1