Bia.Az

MEHDİYEV ŞƏBƏKƏSİNİN "İNQİLAB" ŞANTAJI... - Və ya şəbəkə gündəmi dəyişməklə nəyə nail omaq istəyir?

Gündəm
 15-02-2022, 15:53     260

AMEA prezidenti Ramiz Mehdiyev siyasi səhnəni tərk etməsi barədə getdikcə artan tələblərə bir müddət müqavimət göstərsə də, sonda geri çəkilməli oldu. Dünən zavallı bir şəkildə istefa verdiyini açıqladı. Ancaq ötən iki həftə ərzində baş verənlərlə uzun illər ərzində bədheybət imici formalaşdırılan keçmiş Prezident Administrasiyası (PA) rəhbərinin əslində dövlət adamı deyil, cılız, marginal, xırda maraqlar uğrunda çarpışan "balaca adam" olduğu ortaya çıxdı.

Məlum oldu ki, Mehdiyev özünün təqdim etdiyi kimi nəhəng siyasi sistem qurucusu, deyil. O, hakimiyyətdə müəyyən faktorlara əsasən imtiyaz almış bacarıqlı intriqantdır. Məhz bu keyfiyyəti 2003-cü ildən sonra ona iqtidardakı mövqelərini möhkəmlətməyə şərait yaradıb. Amma bundan təxminən 10 il sonra Mehdiyev iqtidardakı gücünü itirməyə başladı. Onun bu prosesə qarşı müqavimət göstərmək cəhdləri isə puça çıxdı. Çünki böyük siyasətdə olduqca balaca adam olan Mehdiyev lazım olan əsas siyasi resurslardan məhrum idi. Nə parlaq obrazı, nə təmiz siyasi imici, nə xalq kütlələri tərəfindən dəstəyi olmayan PA rəhbəri, onu layiq olmadığı kürsüdən aşağı yuvarlayan gücə qarşı müqavimət göstərə bilməzdi.
O, uzun illər mühüm dövlət postunda əyləşməsini təmin edəcək siyasi obrazını Rusiyadan aldığı dəstəklə yanaşı, intriqa, şantaj, ətrafındakı kriminal ünsürlərin zoru vasitəsi ilə formalaşdırıb. Rəqib gördüyü məmurlara qarşı amansız davranışlarını hər fürsətdə nümayiş etdirib, Rusiya kəşfiyyatının köməyi ilə öz şəbəkəsini qura bilib. 

Bura hüquq-mühafizə orqanları və sosial təminat sahələrindən tutmuş yerli idarəetmənin ən müxtəlif institutlarına qədər yüksək mövqelərə malik şəxslər daxildir. Mehdiyev onların vasitəsi ilə zaman-zaman Azərbaycan hakimiyyətinə, onun daxili və xarici siyasətinə təsir etməyə çalışıb.
Məsələn, ölkədə ictimai-siyasi prosesləri mütəmadi izləyən təbəqə yaxşı xatırlayır ki, Azərbaycanın Qərb və Türkiyə ilə əlaqələrinin potensial imkanlara çatmamasında Mehdiyevin zərərverici xidmətlərinin rolu kifayət qədərdir. Bakı-Brüssel, Bakı-Vaşinqton əlaqələrinin tormozlanması, hakimiyyətlə xalq arasında uçurum yaratmaqla onun güc strukturlarına və Rusiyanın siyasi dəstəyinə möhtac edilməsi cəhdləri ara vermədən davam edib.
Ramiz Mehdiyev PA-dan kənara atıldıqdan sonra belə həmin şəbəkə fəaliyyətini davam etdirib. Düzdür, şəbəkə üzvlərinin böyük hissəsi vəzifədən uzaqlaşdırılaraq, səlahiyyətləri əllərindən alınıb, gücü minimuma endirilib. Ancaq Mehdiyevə sədaqət andı içib, Moskvaya xidmət edən şəbəkə üzvlərinin tam neytrallaşdırıldığını da söyləmək mümkün deyil.

Hazırda onların mediaya, sosial şəbəkəyə yansıyan fəaliyyəti iki istiqamətə köklənib:
Birincisi, Mehdiyevin hakimiyyətdən vurulması ilə daxildə iqtidara qarşı təhlükəli siyasi atmosferin yaranacağı iddiasını ortaya atıblar.
İkincisi, Rusiya-Qərb geosiyasi qarşıdurması kontekstində Vaşinqton və Brüssel tərəfindən guya ölkədə növbəti inqilab ssenarisinin işə düşəcəyi təbliğatına start veriblər.
Bəli, məlum şəbəkə Mehdiyevin istefası ərəfəsində öz mətbu orqanlarında “inqilab təhlükəsi” barədə yazılar dərc etməyə başlayıb. Ancaq qeyd edilən hər iki tezis dərin siyasi təhlil aparmadan belə elementar tənqidə dözmür.
Birincisi, Azərbaycanda Ramiz Mehdiyevə biət edən konkret şəbəkə olsa da, onun ölkədə qarşıdurma yaratmaq imkanı və gücü yoxdur. Çünki bu şəxslər hansı postu tutmalarından asılı olmayaraq, Mehdiyevlə eyni obrazı bölüşür. Mehdiyev cəmiyyətdə Moskvaya xidmət edən, milli maraqlara xəyanət edən biri kimi tanındığından, onun dəstəyi ilə deputat, politoloq, media rəhbəri olan, onunla eyni fikri bölüşən Rusiyapərəst qüvvələrlə bağlı da cəmiyyət eyni fikirdədir. Yəni bu adamlar cəmiyyətin nifrət etdiyi odioz fiqurlardır.
İkincisi, ölkədə müəyyən sosial narazılıq olsa da, Mehdiyev şəbəkəsinin iddia etdiyi kimi əhalini “inqilaba” qaldıracaq hər hansı şərait yoxdur. Bunun müxtəlif səbəbləri var.
İlk növbədə 44 günlük müharibədə əldə olunan zəfər hakimiyyətə cəmiyyətdən siyasi dəstəyi böyük ölçüdə təmin edib. Bu gün xalq hakimiyyətə həmişə olduğundan daha çox dəstək göstərir.

Bundan əlavə ölkədə ümumiyyətlə, inqilabi dəyişiklik etmək istəyən və bunu bacara biləcək siyasi qüvvələr yoxdur. Müxalifətin ən radikal qanadının belə nə inqilab edəcək dəstəyi, gücü var, nə də belə bir niyyəti. Ölkədəki bütün siyasi qüvvələr hazırkı geosiyasi kontekstdə inqilab cəhdlərinin Azərbaycanın son illər əldə etdiyi uğurları və daxili sabitliyi təhlükə altına ata biləcəyini qəbul edir. Bundan isə Türkiyə-Azərbaycan birliyindən qəzəbli olan digər regional qüvvələr məharətlə istifadə edə bilərlər.
Üçüncüsü, inqilabların populyarlıq dövrü arxada qalıb. Belarusda və Qazaxıstanda baş verən hadisələr Azərbaycan cəmiyyətinə də ciddi təsir edir. Bu təsir Ərəb inqilabları dövründən kəskin fərqlənir, çünki hər iki postsovet ölkəsində inqilab cəhdləri cəmiyyəti və ölkəni daha arzuolunmaz duruma salıb. Məsələn, Belarus ağır iqtisadi sanksiyalar altında əzilir, cəmiyyətdən qopmuş siyasi elita Kremlə sığınaraq dövlətin müstəqilliyini təhlükə altına alıb və s.
Qazaxıstanda da təxminən eyni vəziyyət yaranıb, cəmi iki ay əvvəl Orta Asiyanın çiçəklənən ölkəsi Türk Birliyinə inteqrasiya, dünyaya yeni açılım planları qururdusa, hazırda Moskvanın təzyiqləri qarşısında duruş gətirməyə çalışır.
Azərbaycan dövləti bu kontekstdə kifayət qədər risklərlə üz-üzədir, Rusiyanın ölkəmizə qarşı məkrli niyyəti dəyişməyib. Əgər ölkədə güclü daxili nəzarət təmin olunmasa, hakimiyyətin işğaldan azad edilmiş torpaqların yenidən qurulması, Türkiyə və Qərblə əlaqələrin daha da dərinləşdirilməsi kimi mühüm fəaliyyətləri ləngiyə bilər.
Bəs, Mehdiyev şəbəkəsinin iddia ertdiyi inqilab ssenarilərində Qərb maraqlıdırmı? Rusiya və İranın qonşuluğunda yerləşən Azərbaycanda nəticəsi heç bir halda əvvəldən proqnozlaşdırılmayan proseslər kollektiv Qərbin maraqlarına cavab verirmi?

Bu suala cavab axtarmaq üçün uzağa getməyə ehtiyac yoxdur, son hadisələrə diqqət etmək kifayətdir. Məsələn, Avropa İttifaqı Azərbaycana 2 milyard avro dəyərində yardım ayırdı və bu vəsaitin bir hissəsi işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə sərf olunacaq. Hazırda Bakı-Brüssel danışıqları Azərbaycanın Avropa İttifaqı ilə Tərəfdaşlıq Sazişinin yaxın zamanlarda imzalanmasını ehtiva edir. Çox güman ki, yaxın aylarda Azərbaycana yeni imkanlar yaradan bu sənəd imzalanacaq.
İkinci nümunəyə baxaq. Fevralın 8-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirildi və orada Avropanın əksər enerji rəsmiləri yer aldı. Brüssel Rusiyanın illik 200 milyard kubmetrə çatan qaz asılılığından qurtulmaq istəyir və bu niyyətinə çatmaq üçün Azərbaycan kimi təchizatçı ölkələrə ciddi ehtiyac duyur. Müşavirədə əsas müzakirə olunan mövzuların başında Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Avropaya əlavə 10-11 milyard kubmet qaz çatdırılması dayanırdı. Bakı bu təkliflərə razıdır, bir şərtlə ki, konkret sərmayələr elan olunsun və ikitərəfli uzunmüddətli müqavilələr imzalansın...
Bəs, bu şəbəkənin "inqilab narahatlığı"nın arxasında nə dayanır?
Əlbəttə, Ramiz Mehdiyevin hazırkı arzuolunmaz vəziyyətdən çıxarılması, qanunsuz əməllərinin araşdırılmasının, şəbəkəsinin tam məhv edilməsinin qarşısının alınması, hətta bacararlarsa onun siyasi reanimasiyasının həyata keçirilməsi. Bu niyyətlər isə təkcə Mehdiyevin arzusu deyil, onu himayə edən dairələr də ciddi-cəhdlə buna çalışırlar. Nədənsə Azərbaycan hakimiyyətini inqilabla qorxutmaq ssenarisi onlara hələ də cəlbedici gəlir. Amma nəzərə almırlar ki, artıq nə hakimiyyəti, nə də cəmiyyəti belə yalanlarla əsas hədəfdən yayındıra bilməyəcəklər...скачать dle 12.1