Bia.Az

RUSİYA-UKRAYNA MÜHARİBƏSİ BAŞLAYARSA... – Azərbaycan geosiyasi savaşdan necə itkisiz çıxa bilər?

Gündəm
 26-01-2022, 17:06     222

Ukrayna uğrunda Rusiya ilə Qərb arasında yaranmış gərginlik kuliminasiya nöqtəsinə çatıb. Dünən və bu gün verilən bəyanatlardan məlum olur ki, artıq ABŞ və NATO öz hərbi qüvvələrini Şərqi Avropa və Baltikyanı ölkələrin müdafiəsini gücləndirməyə yönəldib. Prezident Baydenin Avropa İttifaqı liderləri ilə danışıqları da müsbət sonluqla başa çatıb. Eyni zamanda Ukraynaya fasiləsiz olaraq lazım olan silah-sursatın, hərbi qüvvələrin çatdırılması davam edir. Rusiya isə ölkənin müxtəlif regionlarından həm Ukrayna ilə sərhədə, həm də Belarus-Ukrayna sərhədlərinə nəhəng qoşun qruplaşması, ağır texnika cəmləşdirir.

Böyük müharibənin olmaması ancaq qarşı-qarşıya duran tərəflərdən birinin geri çəkilməsi zamanı mümkün ola bilər. Amma nə Rusiya, nə də Qərb hələ ki, bu variantı istisna edirlər. Ukrayna isə yaranmış mürəkkəb vəziyyətə Donbassın separatçılardan təmizlənməsi üçün unikal fürsət kimi baxır, müttəfiqləri də Kiyevin bu hüququnu dəstəkləyir. Beləliklə, nəhəng hərbi qüvvələrin səfərbər olunması çəkindirmə, güc nümayişi anlamından çıxaraq real döyüş situasiyasının bir addımlığına gətirib çıxarıb.
Müharibə başlayarsa, tərəflərin hansı ssenari üzrə hərəkət edəcəyi ilə bağlı çoxsaylı versiyalar var. Əksər ekspertlər düşünür ki, Rusiya ordusu sərhədi keçməyəcək, amma qanadlı raketlər və aviasiya ilə Ukrayna ordusunun dislokasiya məntəqələrini, silah anbarlarını, əlaqə yollarını, habelə ölkənin dərinliklərində yerləşən strateji hərbi obyektlərini darmadağın etməyə çalışacaq. 
Ukrayna isə əsas zərbəni separatçıların silahlı birləşmələrinə, onları dəstəkləyən Rusiya silahl qüvvələrinin məhv edilməsinə yönəldəcək. Əsas hədəf düşmənin motoatıcı birliklərinə, tank qoşunlarına sarsıdıcı zərbə vurmaqdır. Artıq Ukrayna ordusunun əlində bu planı icra etmək üçün ən müasir silahlar var. Qərb isə Baltikyanı və Şərqi Avropa ölkələrini hava hücumundan mühafizə etmək üçün HHM sistemlərini işə salacaq, buradakı hərbi qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirəcək. Paralel olaraq Rusiyaya qarşı ağır sanksiya paketləri bir-birinin ardınca elan ediləcək, habelə Ukraynaya siyasi dəstəklə yanaşı hərbi yardımlarını intensivləşdirəcək.
Müharibə başlayarsa, region ölkələrinin də hansı addımı atacağı önəmlidir. Dünən Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib ki, ölkənin seçimi Avro-Atlantik strukturlara tam inteqrasiyadır: "Bu, gürcü xalqının sivil seçimidir və konstitusiyamızda da əks olunub. Gürcüstan hökuməti öz mövqeyinin müdafiəsi üçün əlindən gələni edəcək".
Azərbaycanın və Ermənistanın mövqeyi də məlumdur. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, eyni zamanda Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Ən yüksək səviyyədə bəyan olunub ki, Azərbaycanın başqa ölkələrlə ikitərəfli münasibətləri üçüncü tərəfə qarşı yönəlməyib. Bugünlərdə Prezident İlham Əliyevin Ukraynaya səfərinə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarova demişdi: "Bizim üçün əsas məsələ ikitərəfli əməkdaşlığın üçüncü tərəf qarşı yönəlməməsidir".

Ukrayna Azərbaycanın MDB məkanında Rusiyadan sonra ən böyük iqtisadı əlaqələrə malik olduğu ölkədir. Prezidentin səfəri zamanı imzalanan yeni razılaşmaların hamısı iqtisadi və humanitar sahələri əhatə edib. Məlumdur ki, Azərbaycan şirkətləri Rusiyanın Ukraynada fəaliyyət göstərən şirkətlərinin səhmlərini əldə edib. 2019-cu ildə rus oliqarx Vladimir Yevtuşenkoya məxsus mobil rabitə operatoru MTS-in Ukraynadakı bütün səhmləri 784 milyon dollara "Bakcell" MMC tərəfindən satın alınıb. Yaxud Qərbin sanksiyalarına məruz qalan Rusiyanın neft şirkətlərinin Ukraynadakı işlərinin bir hissəsi Azərbaycan şirkətlərinə ötürülüb.
Müharibə başlayarsa, Azərbaycan tərəfsizliyini qoruyacaq, amma geosiyasi qarşıdurmanın təhlükələrindən zərərsiz çıxmaq üçün bu kifayət deyil. Məsələn, Gürcüstanın Qərbin təhriki ilə Rusiyanı qıcıqlandıran addımlara yol verməsi regionda ciddi risklər yarada bilər. Məlumdur ki, həm Gürcüstanda, həm də Qara dənizin ona məxsus ərazi sularında NATO və ABŞ hərbi qüvvələri yerləşib. Müharbə zamanı bu ərazilərdən Rusiya və ya separatçılara hər hansı zərbələrin vurulması Moskvanın əks reaksiyasına səbəb ola bilər. Gürcüstanın müharibə zolağına düşməsi isə Azərbaycanı Qərbə bağlayan strateji neft-qaz kəmərləri üçün böyük təhlükədir. Məlumdur ki, belə situasiyalarda neft, qaz kəmərlərinin fəaliyyəti dayandırılır, bu da əsas gəliri bu satışlardan formalaşan Azərbaycan üçün arzuolunmazdır. Bundan başqa Rusiyanın qonşu ölkəyə qarşı reaksiyasını proqnozlaşdırmaq da çətindir. Müharibə situsiyasında Abxaziya və Cənubi Ostetiyada dislokasiya edilmiş hərbi qüvvələrin hərəkətə gətirilməsi də mümkündür.
Ermənistan KTMT üzvü kimi Rusiyanın təsir dairəsindədir, onun müstəqil siyasət yürütməsi mümkün deyil. 2014-cü ildən başlayaraq İrəvan Krım və Donbass məsələsində həmişə Rusiyanı dəstəkləyib, Ukraynanın beynəlxalq hüquqla tanınan sərhədlərinin əleyhinə səs verib. Paşinyan hakimiyyətinin bu siyasəti dəyişdirməsi real deyil. O, çalışır ki, bu ərəfədə Türkiyə ilə münasibətləri yoluna qoymaqla regionda NATO-nun aparıcı üzvünün iqtisadi potensialından faydalansın.
Əsas məsələ Türkiyənin mövqeyidir, Ankaranın atacağı addımlar bütövlükdə region ölkələrinin qərarlarına ciddi təsir göstərir. Bu günə qədər Ərdoğan hökuməti Ukraynaya dəstək verib, Krım məsələsində Qərblə ortaq mövqe sərgiləyib. Paralel olaraq ikitərəfli, iqtisadi, siyasi, hərbi əlaqələr gücləndirilib. Türkiyə bütün həssas nöqtələrdə Rusiyanın maraqlarını nəzərə alır, amma Ukrayna məsələsində ardıcıl, prinsipial mövqe sərgiləyir. Bu da qardaş ölkəyə iqtisadi fayda ilə yanaşı, beynəlxalq müstəvidə əlavə dividendlər gətirir, NATO-da ABŞ-Türkiyə-Böyük Britaniya xəttini üst səviyyəyə çıxarır. Avropa Birliyində Almaniya, Fransa və Macarıstanın sürüşkən mövqeyini nəzərə alanda, hərbi ittifaqda güc blokunun bu üçlüyün əlində cəmləşdiyi aydın görünür.
Regionda bu güclə ən sıx münasibətdə olan iki ölkədən bir də Azərbaycandır. Rəsmi Bakının 44 günlük müharbədəki qalibiyyətdən sonra NATO üçlüyü, eyni zamanda İsrail, Pakistan kimi nüvə dövlətləri ilə əlaqələrini daha da dərinləşdirməsi ona beynəlxalq təhlükəsizlik zəmanəti qazandırır. Ötən ilin avqust-sentyab aylarında İranla baş verən gərginlik zamanı bu təhlükəsizlik mexanizmi uğurla sınaqdan çıxdı.
Əlbəttə, Rusiya İran deyil, Azərbaycan isə Qərb tərəfindən küncə sıxışdırılmış bu ölkənin cənub qonşusudur. Ona görə ehtiyatlı xarici siyasətin davam etdirilməsi alternativsiz görünür.скачать dle 12.1