Bia.Az

Əsrə bərabər 7 gün - ABŞ Bakı və İrəvanı barışdırır, Rusiya nə edəcək?

Gündəm
 3-05-2023, 11:27     269

Kişinyov sammitinədək, bir həftəyə sülh sənədinin “qaralama” variantı və yekun “yol xəritəsi” hazırlana bilər; ən böyük uduşda Azərbaycan olacaq, çünki...; təhlilçilərdən maraqlı gözləntilər

Vaşinqtonda ABŞ-ın moderatorluğu ilə xarici işlər nazirləri (+ dövlət katibi) formatında Azərbaycan-Ermənistan sülh danışıqları 3 gündür davam edir. Artıq məlumdur ki, yeni çərçivədə müzakirələr təxminən bir həftə çəkəcək. Bu da Birləşmiş Ştatların Bakı-İrəvan sülh anlaşmasına verdiyi önəmin göstəricisi sayılmalıdır.
Əlbəttə ki, ABŞ-ın prosesi irəli aparmaqda özəl maraqları da var. Əslində Ağ Evin 1 nömrəli hədəfi düşmən münasibətlərdə olan iki qonşu ölkəni barışdırıb Rusiyanın regiona təsir imkanlarını minimuma endirmək, ardınca isə Moskvanın Güney Qafqazdakı hərbi mövcudluğunu sıfırlamaqdır. Bunu Rusiya da bilməmiş deyil.
*****
Paşinyan Kolonna ilə Laçın yolundakı vəziyyəti müzakirə edib
Xatırladaq ki, ötən həftəsonu Fransa XİN başçısı Ketrin Kolonna İrəvanda olarkən bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ bilərlər. Vaxta isə elə çox qalmayıb. Ehtimal ki, ona kimi rəsmi Vaşinqton tərəflərin mövqelərini maksimum yaxınlaşdıraraq, heç olmasa, sülh sənədinin “qaralama” variantına və yekun sənədin imzalanması üçün bitkin “yol xəritəsi”nə nail olmaq istəyir.
Azərbaycan üçün isə kapitulyant ölkə ilə məlum 5 baza prinsipi əsasında sülh sazişinin, yaxud buna bənzər çərçivə sənədinin harada, kimin vasitəçiliyi ilə imzalanacağı xüsusi əhəmiyyət kəsb eləmir. Bizim sülh gündəliyimiz bəlli. Bizə lazım olan 44 günlük müharibədəki hərbi qələbəmizin masa üzərində 100 faizlik maddiləşməsidir. Bunun ardınca Qarabağın yerdə qalan kəsimində də suverenliyimizin bərpası yalnız zaman məsələsi olacaq və sürətlənəcək.
Ermənistan isə ən zəif “bənd” olduğu üçün onun istəkləri yox, Ermənistandan kimin (ABŞ və ya Rusiya) necə, hansı şəkildə və nə məqsədlə istifadə edəcəyi maraq kəsb edir. Odur ki, əsas sual belədir: Ağ Evin budəfəki diplomatik həmləsi ciddi nəticə verəcəkmi?  
*****
Etiraf edək ki, nikbinliyə əngəl olan ən azı, iki mühüm faktor var. Onları görməzlikdən gəlmək mümkünsüzdür. Biri Ermənistanın müstəqil olmaması, yəni götürdüyü öhdəliklərə sadiq qala bilməməsi təhlükəsidir. Yəni Paşinyan hansısa sənədi imzalasa belə, istisna deyil ki, ölkədəki vəziyyəti bəhanə edib tutaq ki, onun parlament tərəfindən ratifikasiyasını tormozlaya bilər. Məhz həmin vaxt qərbyönlü qüvvələrlə Rusiya tərəfdarlarının real nisbəti də üzə çıxacaq. Erməni toplumun sülh, yoxsa hərb istədiyi dəqiq məlum olacaq.  
Sülh sənədinə ikinci potensial əngəl, sözsüz ki, Rusiya amilidir. Şübhə yox ki, Moskva nə qədər başı Ukraynaya qarışsa da, bu kritik bir həftədə Vaşinqton prosesini diqqətlə izləyəcək və onu pozmaq üçün hər şeyi edəcək. Əfsus ki, bundan ötrü onun öhdəsində rıçaqlar qalır. Moskvanın Qarabağda və Ermənistanda davam edən hərbi mövcudluğu, kapitulyant ölkədə Rusiyanın “5-ci kolonu”, İrəvana iqtisadi xarakterli (qaz təminatı və s.) təzyiq imkanları, separatçılarla Azərbaycan əleyhinə müxtəlif təxribatçı oyunlar qurmaq bu qəbildən hesab edilə bilər.
Bu və başqa səbəbdən situasiya Bakının da məxsusi diqqətində olacaq. Hərçənd situasiyanın gedişi rəsmi Kremli ölkəmizə münasibətdə pozitiv gedişlərə də vadar edə bilər - Birləşmiş Ştatların moderatorluğunu arxa plana keçirmək, təşəbbüsü ondan almaqdan ötrü. İstənilən variantda Azərbaycanın uduşda olmaq şansı hamıdan çoxdur. Çünki qalib və güclü tərəfdir. Bölgənin vazkeçilməz, açar dövlətidir. Üstəgəl, arxamızda NATO üzvü güclü Türkiyə dayanır. Hansı ki, seçkilərdən dərhal sonra böyük ehtimalla, öz aktiv regional siyasətini qaldığı yerdən davam edəcək - təbii ki, fors-major hallar olmazsa...
*****
Qabil Hüseynli müxalifətə çağırış etdi:
Qabil Hüseynli 
“Məndə olan məlumatlara görə, ABŞ sülh müqaviləsinin  mayın sonunadək imzalanmasını şərt kimi Ermənistan qarşısında qoyub. Çünki artıq Qərb də İrəvanın Rusiya ilə yaxınlaşdığını və oradan gələn təlimatlar əsasında sülhyaratma prosesini əngəlləmək üçün təxribatlar törətdiyini anlamağa başlayıb”.
Bunu politoloq Qabil Hüseynli deyib. O, artıq Vaşinqtonun təşəbbüsü tam ələ almaq üçün ciddi addımlar atdığı qənaətindədir.
“Hazırda Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yan keçməsi, ona lazım olan məhsulları öz ərazisindən ötürməsi geniş miqyas alıb. Qərb İrəvanın Rusiyaya iqtisadi dəstəyini müşahidə edir və bundan çox narahatdır. Belə təəssürat yaranır ki, ABŞ sülhyaratma məsələsində təşəbbüsü tam öz üzərinə götürmək, Ermənistana ciddi təzyiqlər etmək, onun Rusiya ilə əlaqələrini mümkün olarsa, bütün sahələrdə minimuma endirmək və ən azından sanksiyalar məsələsində tam dayandırılmasına nail olmaq üçün hərəkətə keçib. Bəzi xarici analitiklərin də vurğuladığı kimi, ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədilə çox ciddi proqram üzərində işləyir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra sözügedən proqramın ardıcıl icrası başlayacaq”, - deyə politoloq qeyd edib.
*****
Bakı üçün sülh sənədi isə Qarabağdakı separatçı tör-töküntülərin axırına çıxmaq üçün əlavə “kart-blanş” rolu oynayacaq.
“Əminliklə deyirəm ki, Laçında dövlət sərhədlərimizin tam bərpa olunması bizi Ermənistanla sülhə yaxınlaşdırdı. Hazırda bizi sülhdən daha çox ərazi bütövlüyümüzün bərpası və Qarabağda dövlət suverenliyinin təmin edilməsi narahat etməlidir. Qarabağda dövlət suverenliyinin bərpa olunmasından sonra biz daha ədalətli və beynəlxalq hüquqa əsaslanan sülhə nail ola bilərik”.
Qüdrət Həsənquliyev: “Bu fikirlə razı deyiləm ki..."
Qüdrət Həsənquliyev
Bu fikir isə millət vəkili Qüdrət Həsənquliyevə məxsusdur (Moderator.az).
Onun zənnincə, növbəti addım kimi Ermənistandan Azərbaycana (Qarabağa - red.) çəkilmiş qaz, elektrik və internet xəttini kəsib, Azərbaycanın müvafiq şəbəkələrinə birləşdirmək lazımdır: “Qarabağda yaşayan ermənilər də digər sakinlərimiz kimi eyni qiymətə onun pulunu ödəməlidir. Laçında sərhəd-keçid məntəqəsində xüsusi otaqlar yaradılmalı və Qarabağın erməni sakinlərinə şəxsiyyət vəsiqəsi və Azərbaycan pasportlarının verilməsi təşkil olunmalıdır”.
Q.Həsənquliyevə görə, ermənilərin cəmiyyətimizə reinteqrasiyasını sürətləndirmək, onlarda daima rus əsgərinin himayəsi altında yaşayacaqlarına dair yaranmış illüziyaları aradan qaldırmaq üçün bəri başdan deyilməlidir ki, rus sülhməramlıların Azərbaycanda qalma müddəti uzadılmayacaq: “Bu addımlar atılandan bir müddət sonra Xankəndidə antiterror əməliyyatı keçirilməlidir. Yoxsa separatçı-quldur rejimin qorxusundan Qarabağın heç bir erməni sakini deməyəcək ki, mən Azərbaycanın vətəndaşlığını qəbul edirəm”.
Bu da bir gözlənti, bir yanaşma. Əsas odur ki, yanlışlıq edib “atı arabanın arxası”na bağlamayaq...
Analitik xidmət,
“Yeni Müsavat”скачать dle 12.1