Bia.Az

Peşəkar məmur, xalq adamı, ən əsası vətəndaş - ziyalı...

---
 28-02-2024, 14:51     356

Onun haqqında saatlarla, günlərlə danışmaq, yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin tanınmış bir vəzifəli şəxs barədə iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, uzun illər müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində həm öz peşəsini, həm də insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. O, yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi-aləmini zədələyir.

Söhbət Aqrarkredit QSC-nin İdarə Heyətinin sədri, ASK-nın prezidenti Məmməd Musayevdən gedir. O Məmməd Musayevdən ki, sözünün qədir-qiymətini bilir. O Məmməd Musayevdən ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Məmməd Musayevdən ki, sözünün ağasıdır. O Məmməd Musayevdən ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Məmməd müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir adamdır, adamlar adamı...

QISA ARAYIŞ: Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur.
1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir.
1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır.
Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan “Zilaat” Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan “Başak” Sığorta Şirkəti ilə birgə “Başak-İnam” Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır.
Hazırda onun rəhbərlik etdiyi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, “Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya” (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, “Bakı Banklararası Valyuta Birjası”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.
İşlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.
Ailəlidir, üç övladı var.

...Bəli, Məmməd müəllim hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran iqtisadcıdır. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən Məmməd Musayev sadə, təbii bir insandır. O da var ki, onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki Məmməd müəllim haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında coxlarına örnək ola bilər.

Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.

...Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.

Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:

Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.

Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz Məmməd Musayevin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Məmməd müəllimin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Məmməd Musayev, sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.

Bəli, Məmməd müəllim kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayırlar… Məmməd müəllim də bax beləcə ömür sürən ziyalı məmurlarımızdandır. O, hədisiz dərəcədə sadə, alicənab, təvazökar insandır.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Məmməd Musayevin həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Məmməd Musayev bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Məmməd Musayevin etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Məmməd Musayev işində həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Məmməd müəllim saf əqidəsi və məsləki olan vəzifə sahibidir. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O, öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə həmkarlarından fərqlənən məmurdur, xalq adamıdır, ən əsası vətəndaş-ziyalıdır.

Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Məmməd Musayevə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Məmməd Musayevdir! Məmməd müəllim həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Məmməd müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir fikir nur kimi ətrafa yayılır: “İnsanlar, adam olun, bu Sizin birinci vəzifənizdir!”. Məmməd müəllimin anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!

Məmməd Musayev rahat həyat sürmək üçün kiməsə, nəyəsə əyilən deyil. Həm də var-dövlət toplamaq üçün. Cünki Məmməd  müəllimin həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalı - məmur olmagı nümayiş etdirir. O, bu zirvədə uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb, yaraşır və yaraşacaqdır...

***

Aqrarkredit QSC-nin İdarə Heyətinin sədri, ASK-nın prezidenti Məmməd Musayevin daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Allah təaladan istəyimiz odur ki, Məmməd Musayev kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərd insanlara ehtiyacı var. Tanrı Sizi qorusun, Məmməd müəllim! Tanrı Türkü qorusun! Amin!!!

BİA.az
скачать dle 12.1