Bia.Az

"İlin sonunda yeni bahalaşma dalğasını görəcəyik" - NƏ ETMƏLİ?

Sosial
 11-10-2022, 00:53     262

Dünyanın siyasi gündəmi kifayət qədər zəngindir.

Ölkədə əsas gündəm Praqda baş tutan Azərbaycan, Ermənistan, Türkiyə, Fransa və Avropa İttifaqının liderlərinin görüşü və əldə olunan razılıqlardır.

Digər tərəfdən Rusiya Ukrayna cəbhəsində də gərginlik pik səviyyəyə çatıb. İranda etirazlar səngimir. Dünyanın iqtisadi gündəmində isə əsas müzakirə mövzuları neft qiymətləri, ABŞ-ın dollarla bağlı qərarı və bütün dünyada hökm sürən inflyasiyadır.

BİA.AZ xəbər verir ki, bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb.

- Natiq bəy, ilk olaraq Praqa görüşü ilə bağlı fikirlərinizi almaq istərdik... Görüşdən sonra bildirildi ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb, sülh sazişi üçün müəyyən irəliləyişlər var. Azərbaycan Praqa görüşündən istədiyini aldımı?

- Praqa görüşünün ilkin nəticələri ondan ibarətdir ki, ən azından Azərbaycan tərəfinin təqdim etdiyi prinsip nə vasitəçilər, nə də Ermənistan tərəfindən ciddi narazılıq doğurmadı. Doğurdan da həmin 5 prinsipə heç kim etiraz edə bilməz. Çünki beynəlxalq hüquqa söykənən və Azərbaycanın haqlı edən bir təkliflər paketidir. Hesab edirəm ki, bu 5 prinsip əsasında aparılan danışıqlar beynəlxalq miqyasda, o cümlədən Praqa görüşündə də öz mövqeyini bir daha möhkəmləndirməsi ilə yadda qaldı. Maraqlı detallardan biri odur ki, sərhəddə ən çox 2 ay Avropa Birliyinin nəzarətçiləri olacaq və onlar Ermənistan tərəfdə yerləşəcək. Bu da Azərbaycan tərəfi üçün daha sərfəlidir. Müşahidəçilərin Ermənistan tərəfdə olması onların törədəcəyi təxribatların qarşısını ala biləcək, ən azından qeydə alınmasına imkan yaradacaq faktora çevrilə bilər. Çünki Qərbin, xüsusilə də Avropa Birliyinin vasitəçiliyi ilə keçirilən danışıqlardan hansısa bir irəliləyiş baş verən kimi sərhəddə Ermənistanın təxribatlarının artmasının da şahidi olurduq.

- İlin sonuna qədər sülh sazişinin imzalanacağı ilə bağlı müəyyən fikirlər səslənir. Necə düşünürsüz, Ermənistan həqiqətən də sülhə gələcəkmi?

- Açığı ilin sonunadək hərtəfəli, bütün məsələlərin ehtiva olunduğu irimiqyaslı sülhün baş tutacağı gözlənilən deyil. Çünki nə qədər Qərbin moderatorluğu ilə danışıqlarda irəliləyişlər olsa da, görünən odur ki, Rusiyanın da bölgədəki maraqlarını tamamilə gözardı etmək mümkün deyil. Rusiyanın da Ermənistanda təsir mexanizmlərinin hələ də çox yüksək olduğunu nəzərə alsaq, böyük sülh sazişi o demək olacaq ki, Rusiyanın bölgəyə təzyiq riçaqları xeyli dərəcəd azala bilər. Düşünmürəm ki, indiki dövrdə ilin sonuna qədər Rusiyanın bu məsələyə maneçiliyi olmasın. Amma ilin sonuna qədər hansısa sənədlərin imzalanması mümkündür.

Yəni ilkin çərçivə anlaşması, kommunikasiyalarla bağlı məsələnin razılaşdırılması, Azərbaycan tərəfindən təqdim edilmiş ümumi prinsiplər ətrafında danışıqların aparılması ilə bağlı imzalanmış sənədlər ola bilər. Düşünürəm ki, hətta iki sənədin imzalanması ehtimalı var. Çox güman ki, sənədlərdən biri Brüsseldə, biri isə Rusiya imzalacaq. Bununla da Rusiyanın prosesdən tamamilə kənarda qalmasının qarşısı alınar, həm də Avropa Birliyinin bu məsələdə çox mühim rol oynadığını göstərilə bilər. Amma ümumilikdə götürəndə, əgər beynəlxalq proseslərdə hansısa bir dəyişiklik olarsa, Rusiyanın Ukraynada başı daha çox qarışarsa, bu, irimiqyaslı sülh üçün imkanlar yarada bilər. Amma zaman çox dardır, ilin sonuna iki aydan bir qədər çox vaxt qalıb. Belə az vaxtda, bütün problemləri həll edib, irimiqyaslı sülh imzalamaq real görünmür.

- Rusiya Ukrayna müharibəsinə toxunmuşkən, Kerç körpüsü partladılana qədər belə bir görüntü yaranmışdı ki, Rusiya ordusu geri çəkilir. Ukrayna tərəfinin də yaydığı məlumatda da görünürdü ki, bir sıra əraziləri işğaldan azad edir. Amma körpünün partlamasından sonra Rusiya Ukraynanın bir çox şəhərlərini raket zərbələri ilə vurdu. Hazırda Rusiya Ukrayna müharibəsində mənəzərə necədir? Hansı tərəf üstün durumdadır?

- Bu məsələyə “ağ-qara” yanaşmanın əleyhinəyəm. Bu, çox “rəngarəng” və ağrılı, faciələrlə dolu bir prosesdir. Yəni burada Rusiya və Ukrayna udur məsələsi taktiki, günlük dəyişən məsələlərdir. Bu gün Ukrayna şəhərlərinin raketlə vurulması onu göstərir ki, müharibə daha qanlı bir fazaya keçib.

Kiyev mərkəzinin vurulması bir daha onu göstərdi ki, hələ də Ukraynanın Hava Hücümundan Müdafiə Qüvvələri istənilən səviyyədə deyil. Bu da Rusiyanın daha böyük dağıntılara səbəb ola biləcək zərbələrinin ehtimalını artırır. Bu da müharibədə daha təhlükəli fazaya keçidin işarəsidir. Faktiki olaraq əsas problem güzəştlərlə bağlı bütün qapıların bağlanmasıdır. Rusiya işğal etdiyi əraziləri mənasız referendumla öz ərazisi elan etməsi güzəşt qapısını bağladı. Rusiyanın öz qanunlarına görə, vətəndaşlar və elita tərəfindən artıq o ərazilər Rusiya ərazisi kimi qəbul edilir. İndi əgər güzəşt paketi olacaqsa, əks proseslər başlamalıdır, ərazilərin Ukraynaya qaytarılması üçün yenidən referendum keçirilməlidir. Bu da asan proses deyil. Əgər bu baş verərsə, Rusiya elitası dağılar, daxildən çox ciddi təhlükələr yarana bilər. Ona görə də qarşılıqlı güzəştlər qapılarının bağlanması irəlidə daha qanlı proseslərin başlayacağından xəbər verir. Bu proseslərin sonu isə aydın görünmür. Ukrayna təbii ki, öz torpaqlarını işğaldan azad etmək üçün hüquqi baxımdan haqlıdır. Amma real olaraq baxsaq, əgər Ukrayna müharibəni tam qələbə ilə udacaqsa, bu necə görünür? Rusiya kapitulyasiya aktına imza atacaq? Bunları indiki şəraitdə təsəvvür etmək belə çətindir. Ona görə də Ukraynanın hərbi qələbəsi mümkünsüz görünür, Rusiya isə onsuz da tam hərbi qələbə qazana bilmədi. Çünki Rusiyanın da hədəfi Ukraynanın siyasi elitasının dəyişməsi, Kiyevin nəzarətə götürülməsi, özünə yaxın hakimiyyətin formalaşdırılması idi. Bu da nail ola bilmədi. Yəni hər iki tərəfin də tam hərbi qələbə qazanmaq imkanları sıfıra yaxındır.

- Natiq bəy, İranda vəziyyət gərgin xətt üzrə davam edir. Etirazlar səngimir. İranda gedən proseslərlə bağlı hazırkı rejimin dəyişməsi də daxil olmaqla müxtəlif fikirlər səslənir. Siz necə düşünürsüz, İranda davam edən etirazların nəticəsi necə olacaq?

- Ola bilər ki, bu dəfə rejim dəyişməsin. Amma İranda baş verənlər bir daha sübut etdi ki, istənilən qapalı rejimlər hər şeyə nəzarət etməyə cəhd etdikcə, nəsil dəyişimini, demoqrafik məsələni unudurlar. İranda əsas məsələ ondan ibarətdir ki, demokrafiq olaraq çox gənc ölkədir və onlar köhnə qaydalarla yaşamaq istəmirlər. Ciddi dəyişikliklərin olması üçün prosesləri idarə edən ciddi bir qurum olmalıdır. Hələlik İranda gedən proseslərin ən zəif tərəfi budur. Etirazlar xaotik şəkildə gedir, hansısa bir qurumun bütün maraq dairələrini birləşdirdiyini söyləmək mümkün deyil. Ona görə də indiki durumda etirazların hansısa ciddi nəticə verəcəyinin gözləntisi azdır. Amma baş verən hadisələr onu göstərdi ki, əhalisinin 70 faizinin 45 yaşa qədər olan ölkədə artıq köhnə qaydalarla yaşamaq istəməyən çox böyük bir kütlə var.

Etnik mənsubiyyətindən asılı olmayaraq bu kəsim formalaşıb. Bütün etnik qrupların içində dəyişiklik istəyən gənclər var. Bu böyük bir siqnaldır. 45 yaş o deməkdir ki, bu rejimin zamanında doğulub böyüyüblər və indiki rejim onları öz siyasətlərinə inandıra bilməyib. Hesab edirəm ki, bu çox ciddi və həlledici bir detaldır. Belə bir məqamda qapalı rejimlərin iki yolu qalır: ya daxildən ciddi islahatlara getməlidir, ya da qapalı rejimi davam etdirmək. İkinci halda elə bir vəziyyət yaranacaq ki, artıq etirazları boğmaq mümkün olmayacaq.

- Bir az da iqtisadi məsələlərdən danışaq... “OPEC+” təşkilatı neft hasilatının 2 milyon barel azaldılması ilə bağlı qərar verib. ABŞ isə bu qərara sərt etiraz edərək, bunu faydasız adlandırıb. Bir müddət əvvəl baş verən geosiyasi proseslər, müharibə və digər amillər neft qiymətinin ciddi dərəcədə artmasına səbəb olmuşdu. Necə düşünürsüz, bahalı neft ABŞ-a sərf etmir? ABŞ neftin ucuzlaşmasına çalışır?

- Bəli, görünən odur ki, ABŞ yaxın zamanlar üçün marağı neftin ucuzlaşmasıdır. Çünki neft dəyər itirəndə, benzin ucuzlaşır. Noyabrın 8-də ABŞ-da ara seçkiləri keçiriləcək, indiki hakimiyyətin, demokratların reytinqi isə aşağıdır. Son illərdə onların ən aşağı reytinqdə olduğu bildirilir. ABŞ seçiciləri üçün isə ən vacib məsələlərdən biri elə benzin qiymətləridir. Benzinin baha olması ABŞ seçicisinin mövqeyində ciddi rol oynayır. Ona görə də düşünürəm ki, ABŞ-ın istəyi seçkilərə qədər neft qiymətlərinin 60-70 dollara qədər ucuzlaşmasından ibarətdir. Amma bu baş vermədi, “OPEC+”un qərarı neft qiymətlərinin daha da artmasına səbəb oldu. Bu isə o deməkdir ki, ən azında ABŞ seçkilərə qədər yanacağın qiymətini ucuzlaşdıra bilməyəcək.

Neftin bahalaşması isə təkcə iqtisadi qərarlarla bağlı deyil, Rusiya-Ukrayna müharibəsi, sanksiyaların da bu məsələdə çox önəmli payı var. Digər tərəfdən bir müddət əvvələ qədər elə ABŞ-ın öncülüyündə “yaşıl enerji”yə keçid elan olunmuşdu. Amma bu keçid elə də asan məsələ deyil. Daha çox vəsait bu sahəyə ayrılırdı, şirkətlərə böyük dotasiyalar verilirdi. Nəticə etibarı ilə neft hasilatının gözlənilən templə artmadığının şahidi olduq. 10-12 il əvvəl Beynəlxalq Enerji Agentliyi proqnozlaşdırmışdı və haqlı da çıxdı ki, 2020-21-ci ildə neft təlabatı 2010-cu ilə nisbətdə 15 faiz artacaq. O zaman neft hasiləri gündəlik 90 milyon bareldən az idi, indi 101 milyon barel civarındadır. Buna baxmayaraq, böyük investisiya layihələrinin olmaması neft sənayesində ciddi problemlər yaradır. Hasilatın kəskin artırmaq mümkün olmur, neftə təlabat isə artır. Məsələn, Çin bu illər ərzində neft istehlakını 2 dəfə, Hindistan 2.5 dəfə artırıb. Bütün bunlar onu deməyə əsas verir ki, neft təlabatı azalmayacaq, hətta yaxın illərdə artacaq.

Rusiyanın isə bazardan çıxarılması, sanksiyalar dünyada təxminən 10 milyon barel nefti sual altına qoyur, çünki Rusiyanın illik 11 milyon barel neft istehsalı var idi və bunun da yarıdan çoxunu Qərb ölkələrinə satırdı. Sanksiyalar sərtləşdikcə bu neftin bir hissəsi də bazardan çıxacaq. Bunu nəzərə alaraq, dünyada neftin qiymətinin artımı mümkün görünür. “OPEC+” məsələsinə gəlincə isə, hesab edirəm ki, gələcəkdə bizi maraqlı proseslər gözləyir. “OPEC+” bir kartel anlaşmmasıdır və beynəlxalq hüquqa görə isə belə anlaşmalar iqtisadi cinayətdir. Ola bilməz ki, bir sahənin istehsalçıları bir yerə yığışıb istehsalı azaldıb qiyməti qaldıraraq əlavə pul qazansınlar. Son qərar isə son damla ola bilər. Onsuz da bu qərarların dünyada iqtisadi mənzərəni puzub pozmaması ilə bağlı mübahisələr gedirdi, hətta bir məhkəmə işi də var idi, 2000-ci ildə dayandırıldı. İndi ola bilər ki, ABŞ “OPEC+”la bağlı hüquqi addımlar atsın. Hətta “OPEC”in gələcəkdə dağılması ehtimalı da var. Əgər beynəlxalq məhkəmələr qərar versə ki, bu inhisarçılıq qanunu pozur, o zaman bu təşkilat dağıla bilər.

- Valyuta bazarında nə baş verir? Avro ucuzlaşdı, dollar möhkəmləndi... Prsesin gedişatı nələr vəd edir?

- Son 6 ayı götürsək, dolların kifayət qədər möhkəmləndiyini görürük. Dünyada dollar indeksi 100-dən aşağıda idi, indi artıq 118 punkta qədər yüksəldiyini görürük ki, bu da son 20 ilin ən yüksək göstəricisidir. İndi dollar dünyanın bütün valyutalarına qarşı təqribən 108-112 punkta qədər dəyişir. Bunun səbəbi FED-in aqressiv faiz siyasətidir. Artıq ard-arda bir neçə toplantıda gözləntilərdən yüksək faiz artımına getdi. Bu isə o deməkdir ki, dünyada dollara çıxış imkanları məhdudlaşır, kredit faizləri yüksəlir. Bu da inflyasiya ilə mübarizə çərçivəsində aparılır. Yəni ABŞ-da, Avropa inflyasiyanın qarşısını almaq üçün təlabatı azaltmaq yolunu seçiblər. Amma bunun ikinci tərəfi ondan ibarətdir ki, bu, həm də iqtisadi aktivliyi azaldır. FED sanki pislə çox pis arasında seçim etmək məcburiyyətində qalmışdı. Çox pis odur ki, inflyasiya var və xalq narazıdır. Pis isə odur ki, iqtisadi çətinliklər artacaq, amma inflyasiya dayanacaq. FED-in bu aqressiv faiz siyasəti bir müddət sonra inflyasiyanı dayandırsa da, iqtisadi aktivliyi də zəiflədəcək. İş yerlərləri bağlanacaq, kreditə çıxış imkanları azalacaq, dünyada iqtisadi dağılma yaradacaq ki, bu da heç də inflyasiyadan az təhlükəli məsələ deyil.

- Azərbaycan bazarında nə baş verəcək? Dolların stabilliyi pozula bilərmi?

- Bizdə Mərkəzi Bank çox sadə, primitiv, amma necə deyərlər effektli bir yol tutub. Azərbaycanda inzibati məzənnə rejimidir və manat ancaq dollara bağlıdır. Dolların manata qarşı məzənnəsinin sabit saxlanılması ilə bağlı iqtisadi və siyasi qərar verilib. Nəticə etibarı ilə manatın digər valyutalara qarşı məzənnəsi dolların həmin valyutalara qarşı olan məzənnəsi ilə hesablanır. Çox sadə dildə desək, dollar avro qarşısında bahalaşırsa, manat da avroya qarşı bahalaşır. Amma manat həm də neftin bir kağız formasıdır. Azərbaycanda ilk 8 ayın nəticələrinə görə 5 milyarda yaxın müsbət saldo var. Bu, kifayət qədər yüksək bir göstəricidir. Yəni neftin, qazın qiyməti nə qədər ki, yüksəkdir, manata bir təhlükə yoxdur.

- Natiq bəy, hər gün bahalaşmanın şahidi oluruq... Bahalaşmı prosesi nə qədər davam edəcək?

- Noyabr, dekabr ayında yeni bahalaşma dalğasını görəcəyik. Təəssüf ki, bu, ənənəvi haldır artıq, yeni ilə az qalmış tələbin artması ilə əlaqəli olaraq qiymətlərin də artmasının şahidi olacağıq. Digər tərəfdən yanvar ayından əmək haqları və təqaüdlərin artması gözlənilir. Nə qədər qəribə görünsə də, bizdə bu gözləntinin özü belə qiymət artmını sürətləndirən faktora çevrilir. Ona görə də dekabr ayında inflyasiyanın artması ehtimalı yüksəkdir.

Amma hökumətin əlində kifayət qədər effektiv alətlər var ki, bunlardan istifadə etmir. Biz artıq bir neçə aydır təklif etmişik ki, ərzaq məhsullarının və dərmanların əlavə dövlət vergisi 18 faizdən 2 faizə salınmalıdır. Bu qiymətlərin geri çəkilməsində və bahalaşmanın sürətinin azalmasında effektli rol oynaya bilər. Digər tərəfdən ərzaq məhsulları ilə bağlı gömrük rüsumları sıfırlanmalıdır. Azərbaycan özünü cəmi 25 faiz ərzaq məhsulları ilə təmin edir. Ərzaq məhsulları ilə təminat belə aşağı səviyyədədirsə, niyə ölkə gələn ərzaq məhsullarının gömrük rüsumu 15 faiz olmalıdır? Azərbaycan hökuməti heç olmasa, yanvar ayının 1-dən etibarən ərzaq məhsullarının və dərmanların əlavə dövlət vergisini 2 faizə salmalıdır, gömrük rüsumlarını ən azından 1 illik ləğv etməlidir.
скачать dle 12.1