KREMLİN “Paşayev” ƏMƏLİYYATI - Elbariz Məmmədli YAZIR

Sabah içimizdə sistemləşmiş rus yanlılardan biri çıxıb deyəcək ki, bəs, bu qanlı əməliyyatın keçirilməsidə erməni barmağı var. Rusiya bizə dost ölkədir və orda yüz minlərlə azərbaycanlımız işləyib, çörək qazanır. Zəhərə dönsünmü deyim, dönməsinmi deyim, belə çörəyi. Qurbanlıq qoyun kimi atılmışıq bu lənətə gəlmişlərin ayağına və vaxtaşırı amansız qətllərlə soyumuzu qurutmaqda qərarlıdırlar. Bilirsinizmi, niyə?
Son iki yüz illik əsarəti dövründə nə çar Rusiyası, nə də onun özü kimi cəllad varisi sovet İmperiyası bu xalqın ləyaqətini əlindən ala bilməyib. Zaman-zaman qanlı qətllər, repressiyalar həyata keçirib, amma daxili milli düşmənlərimizdən başqa heç kimin azadlıq arzusunu əlindən almağa təpəri çatmayıb. 1990-cı ilin Qanlı Yanvar qətliamı da bu hikkənin xain məntiqi nəticəsi idi. Sonra Xocalı soyqırımı, sonra Qarabağın işğalı, sonra Gəncəyə, Bərdəyə, Tərtərə və hətta Bakıya atılan raketlər, sonra təyyarə terroru, sonra Yekaterinburq cinayətləri, sonra…sonra….
Bu, səninlə tərəfdaş və ya müttəfiq olmaq istəyən bir ölkənin qonşuluq və dostluq niyyətinə bənzəyirmi? Əsla yox! Görünən odur ki, şər maşını olan şimal qonşumuz yenilməz Ukraynada ağır məğlubiyyətə uğrayıb və bunu etiraf etmək üçün işğalçılıq niyyətləri ona imkan vermir. Etiraf etmək istəmir ki, şərab şüşəsinin arxasında şirə dönən rus əsgəri çox fərsiz və aciz təsir bağışlayır. Bu boşluğu doldurmaq üçün Rusiyata yaşayan köklü türk və müsəlman, eyni zamanda bütpərəst xalqların nümayəndələrini Ukrayna ilə apardığı ədalətsiz müharibəyə səfərbər etməklə, soyqırımlara imza atır. Vəziyyəti ağırlaşdıqca aqressivləşir, heç vaxt tanımadığı ədalətə tüpürür. Çünki dünya üzərinə gəlir və bunun qarşısında əbədi dayanmaq mümkün deyil. Bir tərəfdən də Qafqazı əbədi itirmək qorxusu yuxularına haram qatıb.
Müttəfiqi (həm də özü xislətdə olan) İranın İsraillə savaşında tərəf olmaqdan qorxub müşahidəçi mövqeyini tutması cinayətkar siyasətinə uyğun gəlmədiyi üçün bunu həzm edə bilmir. Qardaş Türkiyənin dünyada və regiondakı təpərli mövqeyi ona Azərbaycanla hədə və güc dilində danışmağa imkan vermir. Anlamır ki, yüz illər onun cinayətkar siyasətindən ağır yaralar almış, torpaqlarının böyük hissəsini itirmiş, yüz mimlərlə övladını Vətən üçün Şəhid vermiş Azərbaycan xalqı və dövləti Ukraynaya qarşı aparılan ədalətsiz müharibədə onun yanında ola bilməz. Biz eşitdiyimiz yox, görüb yaşadığımız həqiqətin tərəfindəyik.
Yekaterinburq cinayətləri bir ölkə, bir cəmiyyət adına utancverici və alçaq hərəkətdir. Hərçənd ki, mən bunu əsl rus şovinizminin məişət hadisəsi kimi dəyərləndirirəm. Çünki feodalizmin bataqlığında hər gün yeni istismar və istilalara meyllənən bir ölkədə belə ölümlər hər gün baş verir. Sadəcə, cinayətin fonunda azərbaycanlıların qətliama məruz qalması, Kremlin birbaşa sifarişidir və bunu inkar edə bilməzlər. Əks halda”paşayev” bəhanəsi ilə törədilən qətllər baş verməz, məsələnin hüquq müstəvisində həllinə üz tutulardı. İndi növbə bizdədir. Ya Rusiyaya layiq olduğu mövqe göstərilməli, ya da qurbanlıqlar verilməkdə davam edilməlidir. Onsuz da on illərdi Rusiyada məskunlaşan azərbaycanlılar birləşmək, təşkilatlanmaq, bütövləşmək və dövlətin yuxarı eşalonunda milləti təmsil etmək kimi əməli fəaliyyətdə çoxlarından arxada qalıblar. Millətimiz və dövlətimiz var olsun!