Bia.Az

Azərbaycanda daxili köç

Sosial
 15-11-2022, 19:40     251

İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev daxili miqrasiya problemini təhlil edib. Bakı Araşdırmalar İnstitutunun saytında dərc edilən təhlıldə qeyd olunur ki, Azərbaycanda əhalinin daxili miqrasiyasına dair hər hansı statistik informasiya bazası yoxdur: “Hüquqi tələblərə görə, daxili miqrasiya axınlarının uçotu aparılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əsasən, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməli və olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Azərbaycanda belə bir fikir hakimdir ki, regionlar boşalıb və ölkənin az qala yarısı Bakı şəhəri və ona bitişik ərazilərdə məskunlaşıb. Böyük ehtimalla ən azı polis orqanlarının əlində əhalinin coğrafi paylanması ilə bağlı dəqiq məlumatlar var və mərkəzi hökumət daxili miqrasiyanın real mənzərəsini bilir. Lakin rəsmi qurumlar bu mövzu ilə bağlı müzakirələrdə davamlı sükut nümayiş etdirir.
Hökumətin daxili miqrasiyaya münasibətdə qeyri-şəffaf davranışının və susqunluğunun səbəbini təxmin etmək çətin deyil. Son 20 ildə hökumətin qurmaq istədiyi uğur hekayələrindən biri regional inkişafa yatırılan milyardlarla manat sərmayə, yaradılan infrastrukturdur. Daxili miqrasiya ilə bağlı reallığı əks etdirən rəsmi statistika ortaya çıxsa və 4 regional inkişaf proqramının icra olunduğu 20 ildə bölgədən paytaxta sürətli köçün davam etdiyi etiraf olunsa, hökumət özünün səmərəsiz bölgə siyasətini hansı arqumentlərlə müdafiə edəcək?
Bəzən müzakirələrdə konkret ərazidə real məskunlaşma səviyyəsini kommunal xidmətlərin istehlak səviyyəsi əsasında müəyyən etməyin mümkünlüyü vurğulanır. Bu, real mənzərəni təsəvvür etməyə imkan yaradır, lakin əhəmiyyətli riyazi kənarlaşma ehtimalı çox yüksəkdir. Məsələn, Dövlət Statistika Komitəsinin hazırladığı enerji balansına görə, 2020-ci ildə ölkə üzrə təsərrüfatlar təxminən 4 milyard kubmetr təbii qaz, 7 milyard kilovat-saat elektrik enerjisi istehlak edib. Bakı Şəhər Statistika İdarəsinin açıqladığı məlumata görə isə paytaxt əhalisinin təbii qaz istehlakı 1,4 milyard kubmetr, elektrik enerjisi istehlakı 3 milyard kilovat-saat təşkil edib.
Sırf əhali istehlakı götürüldükdə təbii qaz istehlakının 43%-i Bakının payına düşür. Paytaxtın statistika idarəsinin başqa bir məlumatına görə isə Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən də azdır. Təbii qaz və elektrik enerjisi istehlakında pay əsasında paytaxtda qeydiyyatda olan əhali ilə müqayisədə daha çox insanın məskunlaşdığını təxmin etmək çətin deyil, amma real rəqəm səsləndirmək də imkansızdır. Əvvəla, ölkənin bölgələri üzrə qazlaşdırma səviyyəsində fərqlər var. Bakıda az qala bütün mənzillər qazlaşdırıldığı halda bir sıra bölgələrdə bu göstərici aşağıdır. Eyni zamanda Bakıda əhalinin xeyli hissəsi çoxmərtəbəli binalarda yaşayır və mənzillərin qızdırılması üçün həyət evləri ilə müqayisədə daha az təbii qaz sərfi tələb edilir.
Çox kiçik istisnalarla bölgələrdəki bütün mənzillərdə elektrik təminatı var və bu göstəricinin səviyyəsi məskunlaşma ilə bağlı daha real mənzərə yarada bilər. Amma bu göstərici ilə də bağlı iki problem var: həm əhalinin maddi imkanlarının nisbətən yüksək olması, həm də xüsusilə dağlıq bölgələrlə müqayisədə daha mülayim iqlim paytaxtda adambaşına elektrik istehlakının daha yüksək olması ehtimalını artırır; Bakıda bölgələrlə müqayisədə elektrik verilişində kəsinti və fasilələrin daha az olması paytaxtda enerji sərfinin yüksək olmasına gətirib çıxarır.
Rəsmi statistika bölgələr üzrə əhalinin enerji istehlakına dair məlumatı qapalı saxladığı üçün dəqiq hesablama aparmaq da mümkünsüzdür. Hətta kommunal istehlak yanaşmasında abonent sayı da mənzərəni təhrif edə bilər. Məsələn, qeyri-rəsmi kanallarla əldə etdiyimiz məlumata görə, elektrik enerjisi şəbəkəsinə qoşulan təxminən 2,6 milyon əhali abonentinin təxminən 36%-i Bakı şəhərinin payına düşür. Sumqayıt və Abşeron nəzərə alındıqda Böyük Bakı üzrə bu göstərici 42% ətrafındadır. Bəs bölgələrdə və Bakı şəhərində 1 abonentə düşən ailə üzvlərinin sayı nə qədərdir? Ola bilər paytaxt üzrə orta hesabla 1 abonentə 3, bölgələrdə isə 5 nəfər düşür. Bütün hallarda həm abonent sayı, həm də xidmətlərin istehlak səviyyəsi paytaxtda real məskunlaşma səviyyəsinin rəsmi qeydiyyatda olan əhali ilə müqayisədə xeyli yüksək olduğunu göstərir.
Qeyri-rəsmi kanallarla əldə etdiyimiz məlumata görə, Abşeron rayonu üzrə təbii qaz istehlakçısı olan əhali abonentlərinin sayı 153 minə çatır. Bu rəqəm Bakının Qaradağ, Nərimanov və Səbail rayonlarının birlikdə əhali abonentlərinin sayından təxminən 4% çoxdur. Halbuki rəsmi statistikaya görə, Abşeronda cəmi 215 min nəfər, Qaradağ, Nərimanov və Səbail rayonlarında isə 411 min nəfər yaşayır. Bu fakt onu ehtimal etməyə əsas verir ki, Abşeron rayonunda real əhali sayı statistikada əks olunan göstəricidən az qala 2 dəfə çoxdur”.
Ekspert orta məktəb şagirdlərinin rəsmi qeydiyyatda olan 6-17 yaşlı əhaliyə nisbətinə də nəzər salıb. Məsələn, Lerikdə orta məktəb şagirdlərinin rəsmi qeydiyyatda olan 6-17 yaşlı əhaliyə nisbəti 39%, Naxçıvan Muxtar Respublikasında 60%, Bakıda 147,4%, Abşeron rayonunda 227,6%-dir: “Abşeron ərazisində şagird sıxlığı ilə bağlı son zamanlar medianın apardığı araşdırma da rayonda məskunlaşmanın real səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir. Həmin araşdırmalardan biri üzə çıxarıb ki, Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində 2 saylı məktəb 1380 yerlik olsa da, təhsil alanların sayı bundan təxminən 4,5 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikasında isə orta məktəb şagirdlərinin rəsmi qeydiyyatda olan 6-17 yaşlı əhaliyə nisbətinin 60% olması isə ən kobud hesablama ilə 470 min nəfərə yaxın əhalinin ən azı 120-140 min nəfərinin daxili köç etməsi ehtimalını gücləndirir”.скачать dle 12.1