Bia.Az

Əlillərin sosial müdafiəsi... yoxsa büdcənin ƏLİLLƏRDƏN MÜDAFİƏSİ? - NARAZILIQ VAR!

Sosial
 15-11-2022, 11:21     257

Azərbaycan xalqı, dünya azərbaycanlıları 8 noyabr – Zəfər Gününü qeyd etdilər. Müharibədən isə bizim cəmiyyətə yalnız qələbə və geri alınmış torpaqlar qalmadı. Doğrudur, həm Birinci, həm İkinci Qarabağa müharibəsi şəhidlərimizin də qanı yerdə qalmadı, düşmənin hay-küylə yaratdığı “yenilməz erməni ordusu” mifi dağıldı, dünya haqq savaşı aparan Azərbaycan əsgərinin gücünü gördü.

Amma müharibədən həm də “canlı şəhidlər” dediyimiz qazilərin səhhət problemi də miras qaldı. Çoxlu sayda əsgər və zabit sağlamlığını itirdi, əlil, şikəst oldu, əmək qabiliyyətini tam və ya qismən itirdi. Azərbaycan hökuməti həmin şəxslərin reabilitasiyası və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Bu müstəvidə görülən işlər sırasında mühüm biri də əlillik dərəcələrinin təyini və nəticə etibarilə həmin dərəcələrə görə pensiyaların təyin olunması məsələsidir. Etiraf etmək lazımdır ki, bu məsələdə həmişə məmurların korrupsiya hüquqpozmalarına rast gəlinib və əvvəllər tibbi sosial ekspert komissiyaları sədrlərinin və üzvlərinin məsuliyyətə cəlb olunmalarının şahidi olmuşuq. İndi qazilər məhz qalib əsgərlər kimi cəmiyyətdə onlara bəslənən hörmət və ehtiramın hesabına məmurların qurduqları (qurmaq istədikləri) süni maneələri aşa bilirlər. Ən azından qazilərin yaxasındakı, Prezidentin sərəncamı ilə təltif olunduqları orden və medallar məmurların gözünü qamaşdırır. Amma digər əlil vətəndaşlar (müharibə iştirakçısı olmayanlar) öz halal haqlarını tələb edəndə qarşılaşdıqları bürokratik əngəlləri dəf edə bilmirlər.

Belə haqsızlıqla üzləşən gənc əlil Asif Cənnətovun məruz qaldığı hüquqpozma barədə “Tibbi-Sosial Ekspertiza Agentliyində dırnaq əvəzinə barmaq kəsən “Möminə Xatun” kimdir” başlıqlı məqalədə yazmışdıq. Xatırladaq ki, Asifin anası Rəqsanə Cənnətova redaksiyamıza müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiya üzvü, özü barədə mömün qadın imici formalaşdıran, işə hicabda gələn nevropatoloq İradə xanımdan şikayətlənmişdi. Ötən məqalədən sitat: “Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib-dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin”.

Məqalədə haqlı olaraq sual da qoyulmuşdu: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Bu dəfə redaksiyamıza Asifin atası Cənnət Cənnətov müraciət edib: “İradə xanım yəqin özü də “yuxarıdan” təltifnamə qazanmaq istəyir ki, nəinki sadə vətəndaşlara, hətta müharibə əlilləri ilə söz güləşdirəndə də imtiyaz sarıdan geri qalmasın. Təltif isə yəqin ki, o həkim-ekspertlərə verilir ki, heç kəsə əlillik dərəcəsi təyin etməsinlər, əlillik statusu dayandırılmış olanların statusunu bərpa etməsinlər. Hər halda İradə xanımın sözlərindən belə çıxır. Oğlum Asif sonradan mənə dedi ki, İradə xanım onu humanistliyə dəvət edən həkim ekspert həmkarına belə cavab verib: “Bu uşaq ağıllı-başlı gəncdir, kollec tələbəsidir, özü də yüksək keçid balı toplayıb dövlət hesabına oxuyub, buna necə əlillik verək?” Maraqlıdır, məgər mənim oğlum əlil sayılmaq üçün oxuya bilməməli, Allah eləməmişkən, gerizəkalı olmalı, evdə, məktəbdə aldığı tərbiyəni bilərkdən gizlədib müayinə zamanı hoqqa çıxarmalıydı? Yaxud, özünü yalandan qıc olmuş kimi göstərməliydi? Oğlumun gözünün zəifliyini, nitqinin qüsurunu, bir sıra başqa aydın görünən, üzdə olan nöqsanlarını nəzərə almayan, sanki görməyən nevropatoloq İradə xanım bizə təklif edir ki, oğlumun evdə qıcolması baş tutan anda video-görünrüsünü qeydə alaq və çəkdiyimiz ona göstərək. Başa düşmürəm, biz valideyn olaraq övladımızın qıcolma anında onu özünə gətirməklə qayğılanmalıyıq, yoxsa, ürəyimizə daş bağlayıb video çəkməklə məşğul olmalıyıq? İradə xanımın istədiyi tibb müəssisələrindən aryışları, analiz, müayinə nəticələrini gətirib ona təqdim edəndən sonra axırda sözü bu oldu ki, bizim özümüzün daha bir ixtisaslı ekspert-həkimimiz var, amma xaricdədir, o gəlib çıxmayınca, rəy verməyincə iş alınmayacaq. Yenə də qəribədir, bu boyda ölkədə xaricə ezam olunmuş, yaxud, səyahətə çıxmış bir həkimi əvəzləyəcək başqa həmkarı yoxdurmu? Özünü “Allah adamı” kimi təqdim edib haqqı tanımayan (Allahın mübarək adlarından biri də Haqqdır), öz iradəsizliyini, qərar vermək məsələsində acizliyini Nazirliyin, guya dəyişən qaydaların, çatışmayan hansısa rəyin, xaricdə olan həkim ekspertin üstünə yıxmağa çalışan İradə xanım elə mövqe sərgiləyir ki, sanki təmsil etdiyi Nazirliyin vəzifəsi əhalinin, o cümlədən, əlillərin sosial müdafiəsi deyil, dövlət büdcəsinin əhalidən, eləcə də əlillərdən müdafiəsidir. Ən adi bir həqiqət unudulmamalıdır: Bu gün başqa əlamətlər bir yana, qıcolmasının müayinə günlərinə təsadüf etmədiyinə görə əlillik statusundan məhrum olan şəxs sabah tutaq ki, işlədiyi yerdə qəfil tutan qıcolma səbəbindən özü istehsalat xəsarəti ala, yaxud, hərəkəti və ya hərəkətsizliyi ucbatından kimlərinsə xəsarət almasına, istehsal vasitələrinin, əmlakın ziyan görməsinə səbəbkar ola bilər. Necə deyərlər, iş bir dəfə olur. Müayinənin aparıldığı 1-ci mərtəbədə hətta müayinəyə gətirilmiş başqa xəstələr və onları müşayiət edən yaxın adamları oğluma imtina cavabı verilməsini öyrənəndən sonra öz ümidlərinin də qırıldığını etiraf etdilər: “Əgər belə xəstəyə əlillik vermirlərsə, daha bizim burda vaxt itirməyimizin yeri yoxdur, dağılışıb gedək evimizə””.

Cənnət Cənnətov hətta İradə xanımın ünvanına dediyi tənqidi sözlərə görə, onun tərəfindən məhkəməyə də verilməsinə hazır olduğunu bildirmişdir: “Qoy həmin məhkəmə də ən yüksək reytinqli hakimlərin, lap elə tələb etdiyimiz təkrar müayinə də açıq formada sahənin ən ixtisaslı həkim ekspertlərinin iştirakı ilə, kütləvi informasiya vasitələrinin çəkilişlərinin müşayiəti ilə keçirilsin, efirdə, sosial şəbəkələrdə canlı olaraq yayımlansın. O halda hətta bizim üçün mənfi olacaq nəticə ilə barışmağa, İradə xanımın tələb edəcəyi üzrxahlığı etməyə hazırıq”.

Deryaz.az
скачать dle 12.1