Bia.Az

Avropadan Bakıya ölüm cəzası ilə bağlı çağırış - o protokolu niyə imzalamırıq?

Siyasət
 13-10-2022, 10:39     178

Hüquqşünas Xəyal Bəşirov: “Ölüm cəzası ömürlük həbslə əvəzlənsə də, konstitusiyamıza görə, dövlətin ərazi bütövlüyünü, suverenliyini pozan, vətəndaşlarını qətlə yetirən şəxslərə qarşı ölüm hökmü cəzası verilə bilər”

Avropa və Ümumdünya Ölüm Cəzasına qarşı Mübarizə Günü ilə əlaqədar Avropa İttifaqı (Aİ) və Avropa Şurası (AŞ) hər zaman, hər yerdə və bütün hallarda ölüm cəzasına qeyd-şərtsiz etirazlarını qəti şəkildə təsdiq edirlər. “Turan”ın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə iki təşkilatın birgə bəyanatında deyilir.
Bu il Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində bütün hallarda ölüm cəzasının ləğvi haqqında 13 nömrəli Protokolun qüvvəyə minməsinin iyirminci ildönümü qeyd olunur.  “Bütün hallarda ölüm cəzasını ləğv edən Avropa Şurasına üzv dövlətləri (o cümlədən Aİ-yə üzv dövlətləri) alqışlayırıq və Avropa Şurasının bu protokola hələ də qoşulmayan sonuncu iki üzvünü - Ermənistanı və Azərbaycanı ləngitmədən bunu etməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Azərbaycanın və Ermənistanın cinayət qanunvericiliklərində ölüm cəzası ləğv olunub, amma müharibə dövrü şərtlərində onun tətbiqinə yol verilir. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi. ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır. Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Məlum qərara görə, cinayət edənədək on səkkiz yaşına çatmayan şəxslərə və qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında on beş ildən çox, lakin iyirmi ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası bütün cəza müddətində həbsxanada saxlanılmaqla təyin olunur. Ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Bu barədə qərar qəbul edən hakimlərdən biri xüsusi rəydə qalarsa, şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz. 13 saylı protokolu niyə imzalamırıq? Bu çağırış nəyə hesablanıb?
Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az
Xəyal Bəşirov
Hüquqşünas Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan qanunvericilikdə dekriminallaşdırma tədbirlərinin görülməsi ilə bağlı indiyə qədər ciddi addımlar atıb. Xüsusilə də Prezident Əliyevin hakimiyyətə gəlişindən indiyədək Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə dəfələrlə dekriminallaşdırma, yəni əməllərin cinayətsizləşdirilməsi istiqamətində çoxlu sayda dəyişikliklər edilib: "Bu, Azərbaycanın hüquq sistemi ilə bağlı atılmış mühüm addımlardır. Amma təbii ki, qanunvericiliyimzdə çox maraqlı məqamlar da var ki, sualın cavabı oradadır. Haqqında söhbət gedən 13 nömrəli Protokolu Azərbaycan təsdiq edərsə, Azərbaycanın Konstitusiyasında və digər qanunlarında, Cinayət Məcəlləsində ölüm cəzası ilə bağlı bütün qadağanedici normalar öz əksini tapmalıdır. Ermənistan isə onsuz da bütün istiqamətlərdə beynəlxalq hüququn prinsiplərin pozur. Onların qanunvericilik sistemində qeyd olunan dəyişikliyin edilib-edilməməsinin səbəblərinə toxunmazdan öncə Ermənistanın özünün idarəetmə sisteminə diqqət yetirmək lazımdır. Ermənistanın qanunlarında, hətta konstitusiyasında qonşu dövlətlərə ərazi iddiaları belə əksini tapıb. Bütün bunlar Ermənistanın hüquqi dövlət anlayışından uzaq dövlət olmasından xəbər verir. Dünyada bəlkə də yeganə dövlət Ermənistandır ki, konstitusiyasında digər dövlətlərə ərazi iddiasını qeyd edib.  Azərbaycanın 1995-ci ildə qəbul etdiyi konstitusiyasında isə qanunvericilik sistemi adlanan bir fəsil var. Həmin qanunvericilik sistemində Azərbaycanda qanunvericilik normativ aktlarının iyerarxiyası nəzərdə tutulur. İyerarxiyaya görə, Azərbaycanda qəbul edilmiş hüquqi aktlar, qanunlar ən yüksək hüquqi qüvvəyə malikdir, xüsusilə konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan normativ akt kimi qeyd olunur. Ana qanunumuzda istisna hal kimi yazılır ki, Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul etdiyi qanunvericilik aktları beynəlxalq müqavilələrdən üstün qüvvəyə malikdir. Buradan məntiqi nəticə çıxır ki, Azərbaycan Avropa Şurasının və Avropa İttifaqının birgə bəyanatında qeyd etdiyi 13 saylı Protokolu təsdiqləməyə bilər”. 
Hüquqşünas qeyd etdi ki, konstitusiyamızın 27-ci maddəsinə görə, hər kəsin yaşamaq hüququ var. Maddənin 2-ci hissəsində qeyd olunur ki, Azərbaycan dövlətinə silahlı basqın edən və vətəndaşlarımızı qətlə yetirən əsgərlərin, hərbçilərin öldürülərək zərərsizləşdirilməsinə icazə verilir. Eyni zamanda dövlətin ərazi bütövlüyünə qarşı, vətəndaşlarına qarşı qəsd həyata keçirən, ərazi bütövlüyünü, suverenliyini pozan, vətəndaşlarını qətlə yetirən şəxslərə qarşı ölüm hökmü cəzası verilə bilər: “Konstitusiyamız istisna hal kimi ölüm hökmünün verilməsinə icazə verir. Konstitusiyamızın 27-ci maddəsinin 3-cü bəndində isə deyilir ki, ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına qarşı xüsusilə ağır cinayətlərə görə ölüm hökmü cəzası tətbiq edilə bilər. Konstitusiyamızda bu maddənin nəzərdə tutulması və hələ də saxlanması bir sıra məqamlarla bağlıdır. Azərbaycanın ərazi bütövlüyünü pozan, dövlətə qarşı ağır cinayətlər törədən Ermənistan dövlətinin bir sıra siyasi, hərbi ünsürləri, həmçinin erməni separatçılarının liderləri var. Onların bir çoxu haqqında Azərbaycan dövlətinin müvafiq qurumları cinayət işi açıb. Həmin şəxslərin bir çoxu məhz qanunla ölüm cəzasına layiq olan şəxslərdir. Ona görə də Azərbaycanın qanunvericilik sistemində ölüm cəzasına istisna hal kimi icazə olması tamamilə düzgündür, əsaslıdır. Bu, qətiyyən qanunvericilik sistemimizdə humanizm prinsiplərinin olmaması anlamına gəlməməlidir. Azərbaycan dövləti Cinayət Məcəlləsindən ölüm cəzasını çıxarıb. O zamandan indiyə qədər də ölüm cəzasının tətbiqi ilə bağlı heç bir addım atılmayıb. Sadəcə olaraq qeyd etdiyim səbəblərə görə Azərbaycan 13 nömrəli Protokolu hələ təsdiqləməyib. Çünki mənim fikrimə görə, Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Robert Köçəryan, Serjik Sərkisyan, Seyran Ohanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və digər onlar kimi cinayətkarlar var ki, həmin şəxslərə qarşı ədalət mühakiməsi həyata keçirib onları ölüm cəzasına məhkum etmək Azərbaycan dövlətinin qanuni haqqıdır. Azərbaycanda ölüm cəzası ləğv edilsə də, konstitusiyamıza görə bu şəxslərə ölüm cəzası verilə bilər”.скачать dle 12.1