Bia.Az

"Aİ-nin missiyasının Minsk Qrupundan heç bir fərqi olmayacaq" - NƏ ETMƏLİ?

Siyasət
 13-10-2022, 10:33     180

Rəsmi Moskva Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərməsinə qarşıdır. Bunu Rusiya Xairici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə bildirib. XİN rəsmisi Avropa İttifaqına üzv ölkələrin səfirlərinin Ermənistana mülki missiya göndərmək qərarına etiraz edərək, bu addımın Rusiyanın vasitəçilik səylərinə qarşı yönəldiyini söyləyib:

"Biz Avropa İttifaqının mülki missiyasına təəssüflər olsun ki, bu təşkilatın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq". Ekspertlərin fikrincə, Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə yolu Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir. Burada əsas məsələ Qərb-Rusiya arasındakı mövcud qarşıdurmadır. Azərbaycan-Ermənistan məsələsində Rusiyanın Qərbdən bəzi istəkləri var. Rusiya indiki mərhələdə beynəlxalq qurumlar tərəfindən müzakirə olunan mövzuların çoxundan təcrid edilib. Digər yandan rəsmi Bakı Minsk Qrupundan imtina edib. Rusiya regiondakı proseslərdən tamamilə izolyasiya olmaq istəmir. Regionda həyata keçiriləcək proseslərdə Qərbin onunla birgə hərəkət etməsini tələb edir. Yəni Moskva düşünür ki, bölgədə iş görmək istəyən ölkə onunla əməkdaşlıq etməyə məcburdur.

BİA.AZ-ın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, təqaüddə olan general-mayor Yücel Karaüz “Şərq”ə açıqlamasında bildirib ki, əvvəlki təcrübələrdən bəllidir ki, 30 il ərzində bölgəyə göndərilmiş beynəlxalq missiyalar heç bir problemin həllində müsbət nəticə əldə etməyib. General deyib ki, Qərbin proseslərə "burun soxma" metodu göstərir ki, onların məqsədi Cənubi Qafqazdakı problemləri çözmək deyil:

"İddia edildiyi və çoxlarının inandığı kimi Qərb bölgəyə sülh, əmin-amanlıq, iqtisadi inkişaf gətirmir. İndiki dövrdə Azərbaycan-Ermənistan sərhədlərinə beynəlxalq missiya göndərmək istəyənlərin hədəfi məsələnin həlli deyil. Əksinə, problemin ömrünü uzatmaq, Ermənistana zaman qazandırmaqdır. Ən əsası isə bölgədə mövcud olduqlarını hiss etdirmək, Türkiyə, Rusiya və İranı bloklamaq, bu dövlətləri nəzarət altında saxlamaqdır. Ona görə də Qərbin səmimiyyətinə inanmaq çətindir. Bu missiyanın fəaliyyətsiz və uğursuz ATƏT-in Minsk Qrupundan heç bir fərqi olmayacaq".
скачать dle 12.1