Bia.Az

Praqadan sonra...

Siyasət
 9-10-2022, 14:40     154

Rusiya Ukraynaya qarşı müharibəyə başlayan vaxtdan“ yeni dünya düzəni yaranır” ifadəsi ən çox eşidilən terminlərdəndir desək.., yanılmarıq. İkinci Dünya müharibəsindən və SSRİ dağılandan sonra yaranmış dünya düzəni az qala hər ay, hər həftə, hətta hər gün dağılmaq üzrədir. Oktyabrın 6-da imzalanan Praqa bəyanatı isə, yenilənməkdə olan dünya düzəni prosesini özündə əks etdirən vacib hadisədir. Praqa bəyanatı yalnız Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıması deyil, eyni zamanda indiyədək sülhü yalnız Ermənistanın maraqları çərçivəsində görən Qərbin də mövqeyində dəyişikliyin baş verməsi və bu günədək bölgədə daha çox təsir imkanları olan Rusiyanın bu bəyanatın imzalanmasından kənarda qalmasıdır. Bu, əlbəttə Azərbaycan və Türkiyənin apardığı uğurlu siyasətin nəticəsi olaraq dövlətimiz üçün ciddi əhəmiyyətə malik tarixi hadisədir. 

Praqa bəyanatı hələ sülh müqaviləsi olmasa da, sülhə yaxınlaşmanın ciddi bir mərhələsi hesab olunmalıdır və bu, sülh müqaviləsi üçün Azərbaycanın irəli sürdüyü beş məlum prinsipin Ermənistan tərəfdən heç bir əlavə olmadan qəbul etməsinin ilk addımıdır. Eyni zamanda bu tarixi hadisə, 44 günlük müharibədə Azərbaycanın qələbəsinin, Qarabağ münaqişəsinin həlli yolunda Avropa İttifaqının 2021-ci ilin dekabrından başlatdığı siyasətin real nəticəsi kimi dəyərləndirilməlidir. Qərblə Rusiya arasında qarşıdurmanın indiki kritik dövründə Qərbin təşəbbüsü və iştirakı ilə iki ölkə arasında sülhə xidmət edən bir sənədin imzalanması, həm də Rusiyanın Cənubi Qafqazda təsirinin zəiflədilməsi prosesinin davamıdır. 
 
Amma, yuxarıda qeyd etdiyimiz və Azərbaycanın maraqlarına uyğun olan proses heç də bölgədəki aktorların hamısının marağında deyil və bu prosesdən narazı qalan tərəflər sülh arabasının təkərinə çomaq soxacaqları istisna olunmur. İlk növbədə Rusiyanın seyrçi qalmayacağı və prosesi öz çətiri altına almaq üçün hər cür varianta , o cümmlədən hərbi, siyasi təxribatlara qədər gedəcəyi ehtimalı yüksəkdir. Praqanın ertəsi günü MDB dövlətlərinin Sankt Peterburqda sammitinin başlanması, yubilyar Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə görüşü və iki ölkə arasında vəziyyyətin müzakirə olunması təsadüf sayıla bilməz. Zatən RF XİN sözçüsü Mariya Zaxarovanın Praqa bəyanatını “şou”, “tamaşa” adlandırması Rusiyanın hələlik diplomatik qəzəbinin təzahürü kimi qiymətləndirilməlidir və bu qəzəbin reallıqda müəyyən fəsadlar törədəcəyi gözləniləndi. Artıq Xankəndi separatçılarının Ukraynadakı süni “referendum” taktikası ilə hərəkət edəcəkləri barədə müraciətləri yayılıb və yaxın perspektivdə Ruben Vardanyanın elə həmin “referendum” yolu ilə Araik Arutunyanı əvəz edəcəyi barədə məlumatlar yayılmaqdadır. 
 
Separatçı rejimin parlament fraksiyalarının müraciətində “Donetsk, Luqansk xalq respublikalarının Rusiya tərəfindən tanınması, Xerson və Zaporojye vilayətlərinin də Rusiyaya birləşdirilməsi qərarlarının” Dağlıq Qarabağa da şamil edilməsinin vurğulanması onu göstərir ki, Ermənistanla imzalanacaq mümkün sülh müqaviləsi hələ son nöqtə deyil. Praqa görüşündən əvvəl də istər Ermənistan rəhbərliyi, istərsə də separatçı rejim liderləri Azərbaycan qarşısında tələb olaraq “Stepanakerti bərabər hüquqlu tərəf” kimi qəbul edib danışıqlar aparmağı irəli sürürlər. Bu və separatçılar tərəfdən deyilən istənilən şərt qəbul edilə bilməz. Dövlət başçısının dediyi kimi Qarabağ erməniləri bizim vətəndaşlarımızdır və vətəndaşlarla danışa bilərik. Deməli, Azərbaycan vətəndaşlığını qəbul edənlərin təhlükəsizliyi və hüququ qorunacaqdır. Azərbaycan dövlət nəzarətini Xankəndi üzərində tam yaratdıqdan sonra ağ bayraq qaldıran erməni əhalisi ilə danışıqlar aparılması mümkündür. 1991-ci ildə Çaykənddə də İrəvandan gələn silahlı dəstə məhv edildikdən sonra yerli sakinlər ağ bayraq qaldırıb rəsmi hökümət nümayəndələrindən onların köçürülməsini xahiş etdilər. 
 
Ermənistan müxalifəti Praqa bəyanatını süngü ilə qarşılayıb və bir ay ərzində “ayaqları altında olan Nikol minasını zərərsizləşdirməyi bütün Ermənistan və Dağlıq Qarabağın xilası” kimi görürlər. Qərbdən əlini üzən erməni siyasi qüvvələr İran və Rusiyanın köməyinə arxayın olduqlarını gizlətmirlər. Əvvəllər Rusiyanı öndə görənlər son çarəni daha çox İranda axtarmağa başlayıblar və İranın Azərbaycana olan düşmən münasibətindən yararlanmağı fürsət kimi dəyərləndirirlər. Hətta, İranın Azərbaycana müharibə elan edəcəyinin real olduğunu və İsrail müdafiə nazirinin Bakıya səfərini də bu təhlükə ilə əlaqələndirmək arzularını dilə gətirirlər. Ermənistan müxalifət nümayəndələrinin son açıqlamalarında Nikol Paşinyana sui-qəsd edilməsi elementləri də hiss olunur. 
 
İlin sonunadək, yəni sülh müqaviləsinin imzalanmasının planlaşdırılan tarixinədək Praqa bəyanatına kölgə salacaq hərbi-siyasi təxribatların olacağı tamamilə mümkündür. Bu həm dövlət sərhədində, həm də Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazilərdə baş verə bilər. Xüsusilə, Praqa bəyanatında nəzərdə tutulan beynəlxalq mülki missiyanın dövlət sərhədində iki ay müddətinə nəzarət həyata keçirəcəyi dövrdə, missiya üzvlərinə qarşı təxribatlar törədib Azərbaycanı günahlandırmaq cəhdləri istisna olunmur. 13 sentyabr silahlı təxribatından sonra ermənilərin apardığı diplomatik təbliğat və təxribatı unutmamalıyıq, çünki Azərbaycanı hədəfə gətirib, bizə sanksiyalar tətbiq edilməsi indiki vəziyyətdə Ermənistanın bir nömrəli siyasi istiqamətidir. Paşinyan hətta Praqda da buna cəhd etdi, amma Qərb liderləri bunun süni olduğunu və keçməyəcəyini ona başa sala bildilər. 
 
İndiyədək hər bir müsbət prosesin ardınca düşmənin və havadarlarının təxribatlarının olduğunun şahidi olmuşuq. Praqadan sonra da bu gözləniləndi. Biz hazır olmalıyıq.
 
İlham İsmayılскачать dle 12.1