Bia.Az

“MİLLİ MƏCLİS TOY MƏCLİSİ DEYİL Kİ...” – “O cür manipulyativ və dözümsüz davranışı ona yaraşdırmadım”

Siyasət
 27-05-2022, 18:03     272

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, bu gün “Ələt Azad İqtisadi Zonası” haqqında Qanuna əlavə və düzəlişlər müzakirə olunarkən Sizin çıxışınızdan sonra Valeh Ələsgərov deputatlara səbr arzuladı və xüsusi vurğuladı ki, layihə Prezident Administrasiyası daxil olmaqla bir çox dövlət qurumlarında müzakirə olunub, heç kim Konstitusiyaya zidd heç nə aşkar etməyib və layihə Prezidentin imzası ilə Milli Məclisə daxil olub. Sizcə, çıxışınızın hansı hissəsi onu belə qıcıqlandırdı?

- O, indiki təyinatına qədər uzun illər vitse-spiker olmasaydı, emosional bir təsərrüfat işçisi kimi dediklərinə əhəmiyyət verməmək də olardı. Vitse-spiker kimi ona hər zaman hörmətlə yanaşmışam.
Əvvəla, nəzərə almır ki, Prezident qanun layihələrini Milli Məclisə müzakirə üçün göndərir. Milli Məclis nə toy məclisi deyil ki, ancaq tərif deyilsin, nə də notarial orqan deyil ki, layihələri müzakirələrsiz təsdiq edib geri qaytarsın.
İkincisi, Prezidentə dövlət başçısı kimi hamımızın hörməti var və Milli Məclisin müzakirəyə çıxardığı layihələrin təqribən 99.99 % -i Prezidentin imzası ilə gəlir. Bundan başqa, Prezident Milli Məclisin açılış iclasında da söylədi ki, o Milli Məclisdən keyfiyyətli qanunlar gözləyir. Mənim fikirlərimlə Valeh Ələsgərov razı olmaya da bilər, necə ki, Tahir Mirkişili də razılaşmadı, amma fərqli mövqeyini ədəb çərçivəsində ifadə etdi. Sözün doğrusu, o cür manipulyativ və dözümsüz davranışı ona yaraşdırmadım. Arqumentlər zəif olanda gərək şəxsiyyətə hücum etməyəsən.
Sualınızın ikinci hissəsi ilə əlaqədar isə, düşünürəm ki, onu qıcıqlandıran bəzi dəyişikliklərin Konstitusiyaya zidd olmasını əsaslandırmağım, dəyişikliklərin sahibkarlar arasında ayrıseçkiliyə yol aça biləcəyi ilə bağlı narahatlığımı ifadə etməyim oldu.
- Konkretləşdirə bilərsinizmi?
- Ələt Azad İqtisadi Zonası gömrük rüsumlarından və vergilərdən azad ərazi kimi ölkəyə xarici investisiya cəlb etmək məqsədilə yaradılmışdı. İndi yerli şirkətlərə də ixracı stimullaşdırmaq adı ilə həmin ərazidə fəaliyyət imkanı yaradılır və Qanunun 24.2-ci maddəsinə görə, onlar Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürə biləcəklər (yəni ofşorlara).
İxracı stimullaşdırmaq lazımdırsa, qəbul edilən qərarlar bütün sahibkarlara şamil olunmalıdı. Prezident qeyri-neft sektorunda ixracı stimullaşdırmaq üçün “İxracın və investisiyaların təşviqi” Fondu yaradıb və ixrac olunan malın gömrük dəyərinin 3%-i dövlət büdcəsi hesabına sahibkara qaytarılır. Bu yetərli deyilsə, əlavə qərarlar qəbul oluna bilər, amma hamı üçün. Konstitusiyanın 149-cu maddəsi tələb edir ki, normativ hüquqi aktlar “bərabər mənafelərə, bərabər münasibətə” əsaslanmalıdır.
Bundan başqa, əlavə olunan 16.1-1-ci maddəyə əsasən, Azad Zonanın səlahiyyətli qurumu müəyyən kateqoriyadan olan işçilərin gəlirlərinə vergi tətbiq edə bilər. Bu da Konstitusiyanın 94-cü maddəsinə ziddir. Həmin maddənin 15-ci bəndinə görə, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər barədə Milli Məclis 63 səs çoxluğu ilə qanun qəbul etməlidir. Bu səlahiyyət heç bir dövlət orqanına verilə bilməz. Tahir Mirkişilinin “Milli Məclis vergilərin növlərini müəyyənləşdirir, vergi dərəcələrini qanunvericiklə digər dövlət orqanları da müəyyənləşdirə bilər və qanunvericilikdə bu barədə nümunələr var” yanaşması təcrübədə olsa da, Konstitutsiyaya ziddir. Bənzər fikri Komitə iclasında Dövlət Vergi Xidmətinin əməkdaşı Samirə xanım da bəzi mallara aksiz dərəcələrinin Nazirlər Kabineti tərəfindən təyin olunmasını nümunə kimi göstərməklə, səsləndirmişdi. Vergilər Məcəlləsinin 190-2-ci maddəsi də bu mənada Konstitusiyanın kobud şəkildə pozulmasıdır. 1991-ci ildə qəbul olunmuş “Aksizlər haqqında” Qanunda da qeyd olunurdu ki, hər il büdcə qanunu ilə yanaşı, aksiz vergilərinə cəlb olunan malların siyahısı və dərəcələri də Milli Məclis tərəfindən təsdiq olunur. Ali nümayəndəli orqanın (parlamentin) iştirakı olmadan heç bir dövlət idarəetməsi hakimiyyət bölgüsünə əsaslanan hüquqi dövlətdə vergi dərəcələrini, rüsumları müvafiq icra hakimiyyəti orqanı təkbaşına müəyyən edə bilmir. Bizim Konstitusiya da buna yol vermir. Layihəni müdafiə edən bəzi şəxslər Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 5.4-cü maddəsinə istinad edərək bildirirlər ki, Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə ola bilər. Bəli, amma fərqli hüquqi tənzimləmə o demək deyil ki, onu fərqli orqan həyata keçirə bilər. Vergi və rüsumlarla bağlı məsələ Milli Məclisin müstəsna səlahiyyətinə aiddir. Normativ Hüquqi Aktlar Konstitusiya Qanununun 2-ci maddəsində deyilir ki, referendumla qəbul edilmiş aktlar, qanunlar, Prezident Fərmanları Konstitusiya ilə ziddiyyət təşkil etdikdə Konstitusiya tətbiq olunur.
Bundan başqa, “Ələt Azad İqtisadi Zonası haqqında” Qanunun 26-cı maddəsinə də dəyişiklik edilir. Həmin normaya görə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələr də Azad Zonanın müstəsna yurisdiksiyasına aiddir. Bu isə Konstitusiyanın 71-ci maddəsinin kobud pozulmasıdır. Həmin maddənin 7-ci bəndində deyilir ki, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələri məhkəmələr həll edir. Bu hüquq məhdudlaşdırıla bilməz. Əmək hüquqları insanların fundamental Konstitusion hüququdur. Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsində deyilir ki, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azdlıqların dövlət təminatı Qanunlar qəbul edilməklə qorunur. O cümlədən 94-cü maddənin 16-cı bəndinə görə, Milli Məclis əmək hüquqlarının qorunması və tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsini qəbul edib. Ona görə Azad Zonanın Səlahiyyətli qurumu əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsindən fərqli Qaydalar nəzərdə tuta bilməz. Bunu yalnız Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 3-cü fəslinin normaları nəzərə alınmaqla Milli Məclis qanun qəbul etməklə edə bilər.скачать dle 12.1