Bia.Az

Çıxış yolu

Siyasət
 11-01-2022, 11:07     296

Əli Kərimli
AXCP sədri

Rusiya prezidenti Putin Qazaxıstandakı etirazlardan danışarkən ölkəni faktiki olaraq özününkü elan edir, “Biz evimizin içində rəngli inqilablara yol verə bilmərik” deyir. Diktator Lukaşenko və Rusiya rəsmiləri Qazaxıstan “qələbəsindən” ruhlanaraq indi də Özbəkistanı hədələyir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaqdan başqa çarəsinin olmadığını vurğulayırlar.

Lukaşenko keçmiş sovet məkanında yeni ittifaq dövləti yaradacaqlarını elan edir, Rusiya, Belarus, Qazaxıstan və təəccüblü də olsa, Ukraynanın adını çəkir. Sonrasını da güman etmək çətin deyil. İştaha diş altındadır.

Hazırkı Ukraynanın yeni imperiyaya qoşulmayacağı aydındır. Deməli, ya onu işğal edib hakimiyyətini dəyişərək, ya da mühüm bir hissəsini ondan qopararaq “ittifaq dövlətinə” qoşmağı planlaşdırırlar.

Rusiyanın Kremlə yaxın politoloqları dövlət televiziyalarında ictimai rəy yaradırlar ki, “SSRİ-ni bərpa etmək arzusunda, planında qeyri-adi və neqativ bir şey yoxdur”. İsrarla əsaslandırırlar ki, Rusiyanın dövlət, hətta imperiya (artıq bu sözü işlətməyə utanmırlar) maraqları keçmiş SSRİ ölkələrini vahid dövlətdə birləşdirməyi tələb edir.

Bizim ölkədə xeyli adam çox qəribə bir arxayınçılıqla düşünür ki, təhlükə ətrafımızı sarsa da, bizə toxunmayacaq. Belələri onunla da özünə təsəlli verir ki, Lukaşenko yeni “ittifaq dövlətində birləşənlər” sırasında bizim adımızı çəkmir.

Özümüzü aldatmayaq. Yadımıza salaq ki, Rusiyanın ABŞ və NATO ilə hazırda sərt qarşıdurma vəziyyətində olmasının səbəbi nədir. Rusiya ABŞ və NATO-dan (eləcə də NATO üzvü olan hər bir dövlətdən) tələb edir ki, keçmiş SSRİ ərazisində (Baltik respublikaları istisna olmaqla) heç bir müstəqil dövlətlə ciddi hərbi işbirliyi aparılmasın. Həmin ölkələrdə hər hansı xarici hərbi baza və müasir silahlar yerləşdirilməsin. Bu tələblər həm də Azərbaycana şamil olunur. NATO və ABŞ Rusiyanın şərtlərini qəbul etsə, bu o demək olacaq ki, bizim Türkiyə ilə hərbi ittifaqımız da kağız üzərində qalacaq. Hətta Rusiyanın şərtləri rəsmən qəbul edilməsə də, qarşıdurmada maraqlı olmayan Qərb Ukrayna və Gürcüstandan başqa (2008-ci ildə bu iki dövlətə NATO üzvlüyü vəd olunub) digər postsovet ölkələri ilə inteqrasiyanı dərinləşdirməkdə təşəbbüskar olmayacaq.

Müstəqilliyimizə çox ciddi təhlükə yarandığını bilməliyik. Cəmiyyət, müxalifət, hamımız birlikdə hakimiyyətdən dövlət müstəqilliyini möhkəmlətmək üçün təcili addımlar atmağı tələb etməliyik. Azərbaycan hakimiyyəti dövlət müstəqilliyimizi qorumaq üçün Avroatlantik məkana inteqrasiya istiqamətini seçməlidir. Bunu etməyə borcludur.

Ancaq bu xəttin seçilməsi də yaxın dövrdə bizim dövlət müstəqilliyimizə tam təminat verə bilmir. Dövlət müstəqilliyimizi yeni imperiya ambisiyalarından qorumaq üçün iki ən vacib və təcili atılmalı olan addım Türkiyə ilə hərbi ittifaqa gerçək məzmun vermək və ölkədə siyasi islahatlara başlamaq olmalıdır.

Aydındır ki, Türkiyə hələlik bütün türk dövlətlərini Rusiyanın aqressiv planlarından qoruya bilmir. Bunu Qazaxıstan nümunəsində də gördük. Ancaq Azərbaycanı qorumağa, bu təhlükəli planlardan kənarda saxlamağa Türkiyənin gücü və imkanı çatar. Bunun üçün isə Şuşa bəyannaməsi yetərli olmaya bilər. Ciddi qarşılıqlı öhdəliklər nəzərdə tutan hərbi müttəfiqlik paktı imzalanmalıdır.

Daxildə siyasi islahatlar, demokratik açılım isə bizim cəmiyyəti daxildən möhkəmlədər və güclü edər.

İlham Əliyev millət və tarix qarşısında məsuliyyətini unutmamalıdır. Zamanın qədrini bilmək lazımdır. Gecikmək təhlükəli ola bilər. Türkiyə ilə hərbi ittifaq haqda dövlətlərarası saziş imzalanıb parlamentdə ratifikasiya edilməlidir. Siyasi məhbusların azad olunmasından başlayaraq siyasi islahatlar kursu elan edilməlidir. Dövlətin və millətin taleyi bunu tələb edir. \Novator.az\скачать dle 12.1