Bia.Az

Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin mümkün nəticələri

Siyasət
 11-01-2022, 11:03     219

“Bir tərəfdən baxanda Rusiyanın Qazaxıstana hərbi müdaxiləsi riskli addım kimi görünür. Çünki bu, qazax xalqının kütləvi şəkildə Rusiyadan uzaqlaşmasına, hətta onunla düşmənçiliyə başlamasına, Qazaxıstanda Rusiyaya qarşı müqavimətin formalaşmasına gətirib çıxara bilər”. Moskva Karneqi Mərkəzinin direktoru Dmitri Trenin belə düşünür.

Novator.az-ın məlumatına görə, Dmitri Trenin başçılıq etdiyi mərkəzin saytında ingilis dilində yerləşdirdiyi məqaləsində yazır ki, ilkin rəy sorğuları Qazaxıstanda Rusiyanın bu ölkəyə qoşun yeritməsinin əleyhinə çıxanların bu addımı dəstəkləyənlərdən iki dəfə çox olduğunu göstərir.

Ancaq müəllif məsələnin başqa tərəfinə də toxunur. Bildirir ki, Rusiya Qazaxıstandakı hakim rejimi gerçəkdən dəstəkləyə bilsə, onun təkcə sözdə yox, əməldə də qatı rustpərəst mövqe tutmasına nail olsa, onda Belarus kimi Qazaxıstan da Moskva üçün tam etibarlı müttəfiqə çevrilə bilər.

Dmitri Trenin vurğulayır ki, artıq Rusiya Belarusda və Ermənistanda çoxşaxəli xarici siyasəti aradan qaldırmağa nail olub və onun buna Qazaxıstanda da nail olacağı ehtimalı yüksəkdir. Ona görə də Rusiyanın Qazaxıstana qoşun yeritməsinin mümkün nəticələri arasında Dmitri Trenin Moskvanın daha bir keçmiş sovet respublikasını özünə daha çox tabe etdirəcəyi variantına üstünlük verir. Bu isə, müəllifin fikrincə, Kremlin hərbi müdaxilələri davam etdirəcəyi ehtimalını gücləndirir.

Qazaxıstanda yanvarın 2-də sosial və siyasi tələblərlə başlanan kütləvi aksiyalar yanvarın 5-dən hökumət qüvvələri ilə toqquşmalara və iğtişaşlara gətirib. 160-dan çox adamın öldüyü, yüzlərlə adamın yaralandığı, 6 minə yaxın şəxsin tutulduğu xəbər verilir.

Prezident Qasım-Comərd Tokayev ölkədə sabitliyin bərpası üçün yanvarın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib. Yanvarın 6-dan KTMT-nin sülhməramlı hərbi kontingentinin Qazaxıstana yeridilməsinə başlanıb. Yanvarın 9-da bu prosesin başa çatadığı açıqlanıb.

Hərbi kontingentdə Rusiya 3000 nəfərlə təmsil olunur. Belarus Qazaxıstana 500, Tacikistan 200, Qırğızıstan 150, Ermənistan 100 hərbçi göndərib.
Mənbə: Carnegiemoscow.orgскачать dle 12.1