Bia.Az

Sabiq başçıya təzyiq var?

Siyasət
 29-03-2021, 14:56     422

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun həbsdə təzyiqlərlə üzləşdiyi iddia olunur.

Saleh Rüstəmov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1992-1993-cü illərdə – Xalq Cəbhəsinin hakimiyyəti vaxtı çalışıb. 1997-ci ildən Rusiyada yaşayıb. İş adamıdır.

2018-ci il mayın 8-də Saleh Rüstəmov Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub. Mayın 25-də AXCP üzvləri Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov da həbs ediliblər.

Tutulanlar əsasən qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndiriliblər. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay, Aqil Məhərrəmova 4 il, Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzaları kəsib, Vidadi Rüstəmli ilə Ruslan Nəsirovu isə 6 il 8 aylıq şərti cəzalarla azadlığa buraxıb.

Hökmdə Saleh Rüstəmovun qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunması da yer alıb.

Bakı Apellyasiya Məhkəməsi 2019-cu il mayın 8-də hökmü qüvvədə saxlayıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Saleh Rüstəmov Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Məhbusun qardaşı Taleh Rüstəmov martın 27-də “Amerikanın səsi” radiosuna deyib ki, dövlət başçısının martın 18-də imzaladığı əfv sərəncamından əvvəl Saleh Rüstəmovla bir neçə dəfə profilaktik söhbətlər aparılıb: “Əfv ərizəsi yazmaq təklif olunub. Təklifləri rədd edib. Bundan sonra ona qarşı təzyiqlər başlayıb. Onu indi ailə üzvləri barədə ifşaedici material yayacaqları ilə hədələyirlər”.

Martın 27-də qardaşı ilə telefonla danışdığını bildirən Taleh Rüstəmov qeyd edib ki, təzyiqlər dayanmasa, Saleh Rüstəmov aclıq aksiyasına başlayacaq”.скачать dle 12.1