Bia.Az

Gürcüstan yol ayrıcında - ABŞ və AB “düyməyə” basıb, sonra?

Siyasət
 18-05-2024, 10:10     343

Gürcüstanda “Xarici agentlər haqqında” Qanun parlamentin təsdiqindən keçəndən sonra ölkə rəhbərliyi ABŞ başda olmaqla, Qərbin görünməmiş hədələrinə və şantajına məruz qalıb. Doğrudur, qanun hələ qüvvəyə minməyib. Çünki qatı qərbçi prezident Salome Zurabişvili onu imzalamaqdan imtina edib. Qalır parlamentdə konstitusion çoxluqla prezident imzasının “aşılması”. 
Bəs hakimiyyət bu addıma gedəcəkmi, yoxsa yekun nöqtə payızdakı parlament seçkilərindən sonra qoyulacaq? Nəzərə alsaq ki, Gürcüstan parlamentli respublikadır, qalmaqallı qanun hakim “Gürcü Arzusu”nun səslərinə necə təsir edə bilər? Qərbə qarşı hələ ki, duruş gətirən hökumətin yumşalması mümkünmü? Ümumiyyətlə, siyasi böhrandan çıxış yolu varmı, görünürmü? Bu bir Qərb-Gürcüstan, yoxsa Qərb-Rusiya qarşıdurmasıdır? 
“Xarici qüvvələr ölkədə çevriliş etməyə çalışır”. 
Bunu “Gürcü Arzusu” Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib. Kaladze Tiflisdə “Xarici agentlər haqqında” Qanuna etiraz məqsədilə keçirilən mitinqə İslandiya, Litva və Estoniya XİN başçılarının da qatılmasını pisləyib: “Təbii ki, kənardan ölkədə çevriliş, inqilab etmək cəhdi var. Buna hətta mitinqə gələn o əcnəbiləri misal göstərmək olar”, - mer əlavə edib.
Əli Orucov: "Etik qaydaları pozan şəxslər öz tərbiyələrini göstərirlər"
 Əli Orucov: “Hakim partiya dirəniş göstərsə...”
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Gürcüstandakı hakim partiyanın payızdakı parlament seçkilərinə bu gedişlə zəif halda gedə biləcəyini vurğuladı: “Gürcüstanda müxalifətin ”Rus, yaxud Putin qanunu" adlandırdığı “Xarici agentlər haqqında” qanunun parlamentdə qəbulundan sonra baş verən hadisələr, ictimai-siyasi vəziyyətin gərginləşməsi və proseslərə kənar müdaxilələrin daha aydın şəkildə özünü büruzə verməsi narahatlıqla izlənilməkdədir. Gürcüstan Azərbaycanla qonşu olan və dünya bazarına çıxmaqda mühüm tranzit əhəmiyyətə malik dövlətdir. Eyni zamanda, Gürcüstan yarım milyondan çox soydaşımızın ana vətənidir. Gürcüstanın Şərqi Avropa ilə Asiyanın kəsişdiyi coğrafi məkanda və Qara dəniz hövzəsində yerləşməsi supergüclərin həmişə maraq dairəsində olub. Bu gün Gürcüstanda yaşananlar da məhz bölgəni ənənəvi nüfuz zonası hesab edən Rusiya ilə Qərbin apardığı kəskin rəqabətin doğurduğu təhlükəli nəticələrdir. Gürcü milyarder Bidzina İvanişvilinin “Gürcü Arzusu” Partiyası hakimiyyətdə möhkəmləndikdən sonra Rusiya ilə münasibətlərində yumşalmalar və ehtiyatlı siyasət sərgilənməsi izlənildi. Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda da hakim partiya Moskva ilə risk yaradacaq addımlardan çəkindi. Hakim partiyanın yürütdüyü bu xarici siyasət Qərbi qane etmirdi. Gürcüstanın Avroatlantik məkana inteqrasiyası barədə verdiyi bəyanatlar və atdığı addımlar Kremlin də səbrini tükəndirdi. Və qarşıduran tərəflərə Gürcüstan üzərində ziddiyyətləri çözmək və münasibətləri aydınlaşdırmaq üçün “Xarici agentlər haqqında” qanunun parlamentdə müzakirəsi və qəbulu bəhanə oldu. ABŞ və qərbli müttəfiqlərin əvvəllər gizli və yaxud diplomatik vasitələrlə göstərdiyi təzyiqi daha sərt və açıq şəkildə özünü göstərməyə başladı. 150 yerlik Gürcüstan parlamentində 2020-ci ildə keçirilən son seçkilərdə hakim “Gürcü Arzusu” 75 mandat qazansa da, ölkənin siyasətinə total nəzarət etmək imkanında deyil. Müxalifətin arsenalında parlamentdə 55 kreslosu, yüzlərlə QHT-si, mediası və digər təsir qrupları var. Üstəlik də, Gürcüstan prezidenti də mübahisəli qanunun əleyhinədir. Ən vacib faktorladan biri də Qərbin Gürcüstan müxalifətini və etirazçıları açıq şəkildə dəstəkləməsidir. Demək, tərəflərin güc balansında ciddi fərqlər yoxdur. Məncə, etirazların səngiməməsi, Qərbin davamlı şantaj və basqıları Gürcüstan hakimiyyətini daha sərt, qəti addımlar atmaqdan bir qədər çəkindirir. Baxmayaraq ki, “Gürcü Arzusu” partiyasının və yaxud rəsmi şəxslər narazılıqlarını bildirir, diqqəti buna çəkməyə çalışır. Ancaq konfrantasiyaya meyillik hələ ki, hiss olunmur. Fikrimcə, hakim partiya dirəniş göstərsə proseslərə nəzarəti itirə və oktyabrda keçiriləcək parlament seçkilərinə zəif halda gedə bilər. Qarşıdurma və zorakılığa əl atmaq ən pis variant olardı. Odur ki, həm müxalifət, həm də hakimiyyət indiki ictimai-siyasi kazusdan çıxmaq üçün ən optimal variant kompromisin seçilməsidir. Əlbəttə ki, bütün böhranlardan çıxış yolu var, yetər ki, ortada siyasi iradə olsun. Tutaq ki, “Gürcü Arzusu” parlamentdə çoxluqdan istifadə edərək “Xarici agentlər haqqında” qanunu etirazlara baxmayaraq qəbul etdi. Ancaq bu hakim partiyanın möhkəmlənməsinə, onun yolunu təmizləməsinə təsirləri olmayacaq, əksinə, cəmiyyətdə dayaqlarını itirəcək, beləliklə də bu ilin payızında keçiriləcək parlament seçkilərində uğursuzluğa gətirib çıxaracaq. Onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın və AB-nin Cənubi Qafqazdan Rusiyanı çıxarma planları yeni fazaya qədəm qoyub və bütün risklər gözə alınıb. Qərbin Cənubi Qafqazla bağlı siyasətinin ayrıcı xətləri getdikcə daha da dərinləşdiyindən Gürcüstanın Moskvaya yem ediləcəyini düşünmürəm. Baxın Estoniyanın, Litvanın, İslandiyanın və digər Qərb ölkələrinin rəsmi şəxsləri nümayişçilərlə bir yerdədir. Baxmayaraq ki, belə hal beynəlxalq hüquqa ziddir. Analoji proseslər Kiyevdə “Maydan” hadisələrində də baş vermişdi. Bu nümayişkəranə ediən jest o deməkdir ki, Qərb necə olursa olsun Gürcüstanın indiki hakimiyyətinə Moskvaya boylanmasına imkan vermək niyyətində deyil".
Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”
Azər Hüseynov: “Biriləri sənə pul verirsə, ona uyğun rəqs də sifariş verəcək”
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu məsələni bir neçə aspektdən dəyərləndirir: “Gürcüstan balaca ölkədir. Polietnik dövlətdir. Əsas gəlirləri turizm və tranzitdir. Cənubi Qafqazın açıq dənizə çıxışı olan yeganə dövlətidir. Saakaşvilidən başlayaraq açıq Qərb yolu tutdu. Bir çox daxili islahatlar etdi. Bu ölkədə bir çox irəliləyişə gətirib çıxardı. Amma Qərb Gürcüstanda daxili demokratiyanın inkişafı ilə dayanmadı. Onu bölgənin əsas gücü olan Rusiya ilə konfrantasiyaya vadar etdi. Hərbi gücünü düzgün qiymətləndirməyən Gürcüstan Abxaziya və Cənubi Osetiyanı azad etmək üçün hərbi həmlə etdi. Gürcüstanı buna təhrik edən Qərb onun arxasında dayanmadı. Yalnız Polşa prezidenti Kaçinskinin səyləri Gürcüstanın tam süqutunun Allahın izni ilə qarşısını aldı. Abxaziya və Cənubi Osetiya getdi və Rusiya onların müstəqilliyini tanıdı. Orada hərbi baza yerləşdirdi. Bundan sonra bir sıra Gürcüstan siyasətçiləri anladı ki, demokratik təsisatların dərinləşməsi yaxşıdır, amma daxili resurslarla olsa. Çünki biriləri sənə pul verirsə, ona uyğun rəqs də sifariş verəcəkdir. İvanaşvili dövrü başladı. İvanaşvili Rusiyanın gücünü, Qərbin geosiyasi uzaqlığını, xeyli gürcünün Rusiyadan dolandığını, turistlərin əksəriyyətinin Rusiyadan gəldiyini, Gürcü çaxırının əsasən Rusiya bazarına ehtiyac duyduğunu nəzərə alaraq birtərəfli Qərb meylinə son qoydu. Bununla da hüquq sistemini uyğunlaşdırmağa başladı. Lakin Qərbin də maliyyəsi işini görmüşdü. Sosial və siyasi, eləcə də QHT sektorunda Qərb meylli güclər az deyildir. Bu gün məhz bunlar bu qanuna qarşı aksiyaların başındadır. ABŞ və AB üçün belə reaksiya verir? Həqiqətənmi demokratiya üçün? Elə olsa idi Qərbin İraq, Suriya, PKK və PYD məsələsi, Qarabağ problemi, bu gün Fələstin xalqının dərdlərinə münasibətində niyə bu yoxdur? ABŞ və AB ölkələrinin Ukrayna siyasəti fiaskoya uğradı. Bunu onsuz da ilk gündən deyirdim. Sadəcə, bizdə də ”aşiq"lər başqa cür düşünür. İndi gürcülər sabitlik və təhlükəsizlik, iqtisadi maraqlarla Qərbin dizaynında demokratiya arasında seçim etməlidirlər. O ki qaldı meydanlara. Meydanlar heç də həmişə reallığı əks etdirmir. Oturuşmuş və güclü siyasi hakimiyyətlərə qarşı onların təsiri ancaq təhdid xarakteri daşıyır. O ki qaldı necə olacağı məsələsinə, bu da gələr, bu da keçər..." 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”скачать dle 12.1