Bia.Az

Ermənistanla sərhəd məsələsi haqda son məlumat: “Metr-metr dəqiqləşdirilir”

Siyasət
 3-02-2024, 17:39     182

“Məlum olduğu kimi 30 ilə yaxın müddət ərzində Azərbaycanla Ermənistan arasında dövlət sərhədi olmayıb. Sərhədlərimiz və ərazimizin 20 faizdən çoxu Ermənistanın işğalı altında olub və müharibə vəziyyətində olan iki ölkənin – işğala məruz qalan Azərbaycanın və təcavüzkar Ermənistanın qoşunlarının təmas xətti də torpaqlarımızdan keçib. Məhz bu səbəbdən, aralarında hələ də sülh müqaviləsi imzalanmayan, diplomatik və digər əlaqələr olmayan iki ölkənin sərhədlərinin qısa müddət ərzində delimitasiya olunacağını gözləmək sadəlövhlük olardı”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin nisbi uzunluğu 1007 kilometr təşkil edir:

“Bu, ölkəmizin 2647 kilometrlik quru sərhədinin, təxminən 60%-i deməkdir. Yəni Azərbaycanın ən uzun sərhədi Ermənistanladır.
Xatırladım ki, Gürcüstan ölkəmizin strateji tərəfdaşı olsa da, indiyədək iki ölkə arasındakı sərhədin, təxminən 70 faizi razılaşdırılıb. Bu səbəbdən hələ də iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı müqavilə yoxdur.


Elçin Mirzəbəyli

Delimitasiya prosesinin hüquqi standartı elədir ki, sərhədlər 100 faiz razılaşdırılmadan müqavilə imzalanmır. Sərhədin razılaşdırılmış hissələri üzrə razılaşmalar protokollaşdırılır, vəssalam. Məhz bu səbəbdən hüquqi baxımdan hələ də müharibə vəziyyətində sayılan, aralarında sülh müqaviləsi imzalanmamış iki ölkə – Azərbaycanla Ermənistan arasında sərhədlərinin delimitasiyası prosesinin xeyli vaxt aparacağını düşünürəm.

Prosesin ləng getməsi də bu baxımdan təbiidir. Azərbaycan üçün öz ərazisinin hər qarışı, hər millimetri əvəzsizdir və delimitasiya da sərhədlərin qarış-qarış olmasa da metr-metr dəqiqləşdirilməsi deməkdir. Onu da qeyd edim ki, delimitasiya prosesinin, iqtibas gətirdiyim Gürcüstan nümunəsində olduğu kimi, sülh müqaviləsinə, diplomatik əlaqələrin qurulmasına və s. məsələlərə heç bir aidiyyəti yoxdur”скачать dle 12.1