Bia.Az

Sülh sazişi ilə iş bitmir - Ekspertlər danışır...

Siyasət
 3-02-2024, 14:28     131

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai radiosuna müsahibəsində növbəti dəfə Konstitusiyaya dəyişikliklərlə bağlı müzakirələrdən danışıb. Məsələ barədə geniş açıqlama verən baş nazir deyib ki, Konstitusiya dəyişikliyi və referendum qərarları heç də Azərbaycanın təzyiqləri ilə bağlı deyil. Paşinyanın sözlərinə görə, istənilən hökumət başa düşməlidir ki, ölkənin təhlükəsizliyini hansı konsepsiya əsasında təmin edəcək. Onun sözlərinə görə, təhlükəsizliyə xarici təhlükə yaradan problemləri və məqamları müəyyən etmək lazımdır: "Biz düşmən mühitdə olduğumuzu bilirik. Bizim vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv olduğunu anlamaqdır. Mən sizə çox kobud bir misal çəkəcəyəm. Təsəvvür edin, biz A nöqtəsindən B nöqtəsinə getməliyik. Gedəndə görürük ki, yolun hər iki tərəfində öküzlər var və biz hamımız qırmızı geyinmişik. Üstəlik, bu qırmızı paltarı mənə artıq həyatda olmayan nənəm tikib. Bu mənim üçün talismandır. Birlikdə müzakirə edib qərar verməliyik, bu yolla gedəcəyik, ya yox? Qırmızı paltarlı versiyada yüz faiz zəmanət verə bilərəm ki, biz bu yolla gedə bilməyəcəyik. Bu halda müharibə olacaq, sülh yox". İrəvan hökumətinin başçısı Müstəqillik Bəyannaməsinin də Azərbaycanla sülhə maneə törətdiyini söyləyib. Əgər Ermənistanın dövlət siyasəti "Qarabağın Ermənistana birləşdirilməsinə" əsaslanırsa, heç vaxt sülh olmayacaq". Baş nazir vurğulayıb ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə deyib ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan Konstitusiyası Müstəqillik bəyannaməsinin müddəalarının yerinə yetirilməsini vəzifə olaraq müəyyənləşdirir. Analitikin sözlərinə görə, Müstəqillik Bəyannaməsində qondarma “miatsum” ideyası ilə Azərbaycana, “Qərbi Ermənistan” iddiası ilə Türkiyəyə qarşı iddia irəli sürülür:
"Bu iddialar konstitusiyadan götürülmədiyi təqdirdə sülh sazişinin imzalanması mümkün deyil. Hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verəndə yeni qüvvələr konstitusiyaya əsasən ərazi iddialarını yenidən davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir. Ermənistan ərazi iddialarını hüquqi sənədlərindən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürür. Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi müzakirələrinin başlanması isə Bakının tələbini nəzərə aldıqlarını göstərir".

Siyasi icmalçı Aqşin Kərimov da "Sherg.az"a bildirib ki, prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ekspert diqqətə çatdırıb ki, Ermənistanın Müstəqillik haqqında bəyannaməsində "Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə" və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var:
"Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin Konstitusiyasının dəyişdirilməsi üçün çağırışlarını artırır. Deməli, Paşinyan başa düşür ki, sülh müqaviləsinin imzalamasında münbit zəminin yaradılması Konstitusiyadakı dəyişikliklərdən keçir. Paşinyandan müsbət siqnalların verilməsi şifahi olaraq yaxşı görüntüyə malikdir. Ancaq Bakı bu prosesə ehtiyatlı nikbinliklə yanaşır. Ən azından ona görə ki, Paşinyan müxtəlif bəhanələrlə prosesdən yayına və əlində erməni cəmiyyətinin dəyişikliklərə etirazını bayraq tuta bilər. Üstəgəl, Paşinyan Ermənistana Qərbdə təhlükəsizlik zəmanətləri arayarkən bu müddəti vaxt qazanmaq üçün istifadə etmək kimi strategiyaya da malik ola bilər. Dövlət başçısı İlham Əliyevin Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək odun üstünə benzin tökmək prinsipindən çıxış etdiyini deməsi, Ermənistana təhlükəsizliklə bağlı vədlərin əsasən hansı mərkəzdən verildiyini təsvir etməyə yardımçı olur".

A.Kərimovun qənaətincə, istənilən vəziyyətdə Azərbaycan Prezidenti Baş nazir Paşinyanın qarşısında şərt qoyur ki, Azərbaycan torpaqlarının işğalda olduğu zamanlar qəbul edilmiş Ermənistan Konstitusiyasında dəyişiklik regional geosiyasi zərurətdir:
"Paşinyan zərurətlərə şifahi razılıqlarla yox, yazılı və müqaviləli öhdəliklərlə məsuliyyət daşımalıdır. Rəsmi Bakı bildirir ki, erməni xalqı necə işğal dövrünün reallıqlarının Konstitusiyada əksinə razı olubsa, indi erməni cəmiyyətini bu fikirdən daşındırmaq da Paşinyanın üzərinə düşən ağır məsuliyyətdir. Bu məsuliyyətdən qaçış isə regional eskalasiyadakı risk mənbələrindən birinə qahmar çıxmaqdır. Azərbaycan bu variantda hansı addımlarla irəliləyəcəyini onun kəşfiyyat imkanları, diplomatik səyləri, siyasi iradəsi və hərbi qüdrəti kompleks şəkildə müəyyənləşdirəcək".
скачать dle 12.1