Əliyev de-fakto sülh mövcuddur deyir, Paşinyan konstitusiyanı dəyişir!
Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Ermənistanla sülh gündəliyini yeni prioritetlərlə gündəmə gətirib. Prezidentin ilk növbədə Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün mövcudluğunu deməsi ona işarə edir ki, iki dövlət prosesi hüquqi sənədlərlə yekunlaşdırmalıdır.
Ermənistanda isə konstitusiya və dövlət atributlarının dəyişdirilməsi məsələsi gündəmdədir. Bəzi erməni ekspertlər iddia edir ki, Nikol Paşinyan bu addımı Azərbaycan prezidentinin təzyiqi ilə atır. Bəzi ekspertlər isə sülhün əldə edilməsi baxımından atılan bu addımları doğru hesab edir.
Bəs Azərbaycanla ilə Ermənistan arasında sülhün əldə edilməsi nə dərəcədə realdır? İrəvan konstitusiya və dövlət atributlarını Bakının təzyiqi əsasında dəyişir?
Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, indiki məqamda Azərbaycanla Ermənistan arasındakı münasibətləri tənzimləyən Bakının geosiyasi təzyiq alətləridir:
“10 Noyabr Bəyanatının müddəalarından irəli gələn məsələləri Azərbaycan özü həll edir. Deməli, əsas nizamlayıcı xassə Azərbaycanın geosiyasi məqsəd və məramlarında, güclənən hərbi qüdrətində “gizlənib” və Ermənistanın tək çıxış yolu isə hüquq sistemində müvafiq dəyişiklikləri etməkdir.
Əliyev buna görə deyir ki, prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Aqşin Kərimov
Əliyev Paşinyanın qarşısında şərt qoyur ki, Azərbaycan torpaqlarının işğalda olduğu zamanlar qəbul edilmiş Ermənistan konstitusiyasında dəyişiklik edilməlidir. Yəni erməni xalqı necə işğal dövrünün reallıqlarının konstitusiyada əksinə razı olubsa, indi erməni cəmiyyətini bu fikirdən daşındırmaq da Paşinyanın üzərinə düşən ağır məsuliyyətdir”.
Ekspert deyib ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var:
“Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin Konstitusiyasının dəyişdirilməsi üçün çağırışlarını artırır. Deməli, Paşinyan başa düşür ki, sülh müqaviləsinin imzalamasında münbit zəminin yaradılması konstitusiyadakı dəyişikliklərdən keçir.
Bakı bu prosesə ehtiyatlı nikbinliklə yanaşır. Ən azından ona görə ki, Paşinyan müxtəlif bəhanələrlə prosesdən yayına və əlində erməni cəmiyyətinin dəyişikliklərə etirazını bayraq tuta bilər”.