Bia.Az

“Rusiya Ermənistanı heç vaxt əlindən buraxmayacaq” - Politoloq Qrant Mikaelyan

Siyasət
 22-01-2024, 16:48     181

Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlayanda ələ keçirdiyi əraziləri qanuniləşdirməyə səy göstərsə də, beynəlxalq hüququn norma və prinsipləri buna imkan vermirdi. Buna baxmayaraq Ermənistan özünün müstəqillik bəyənnaməsində Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etməklə Azərbaycan ərazilərini zorla ələ keçirməyi rəsmləşdirməyə çalışırdı.

Hətta 1995-ci ildə qəbul edilən Ermənistan Konstitusiyasının preambulasında da Ermənistanın müstəqilliyi haqqında bəyannamədə təsbit olunmuş milli məqsədlər əsas götürülürdü. Bunların arasında Qarabağın öz müqəddəratını təyin etməsi xüsusi yer tutur. Bu, o deməkdir ki, Ermənistanda heç bir hökumətin Qarabağın öz müqəddəratını təyin etməsi faktını inkar etməyə haqqı yoxdur. Ermənistan Respublikası tərəfindən imzalanmış hər hansı bir saziş Ermənistan Konstitusiyasına zidd olacaq.

Reallıq isə dəyişib və Ermənistan Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyıb. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Sülh danışıqlarının yekun mərhələsindəyik və müqavilənin imzalanması real görünür. Deməli, Ermənistan konstitusiyasında müəyyən dəyişikliyə ehtiyac yaranıb. Bunu Nikol Paşinyan da etiraf edib və konstitusiya islahatının vacibliyini ifadə edib.

Baş nazirin yeni konstitusiya ilə bağlı fikirləri Ermənistanda rezonans yaradıb və geniş müzakirələrə səbəb olub. Revanşist qüvvələr yeni konstitusiyanın əleyhinədirlər və bildirirlər ki, konstitusiyada qeyd edilən məqamlar qanunvericilik aktından çıxarılsa, Qarabağdan əllərini birdəfəlik üzməlidirlər. Politoloq Qrant Mikaelyanın Ermənistan mətbuatına müsahibəsi də bu barədədir.

KONKRET.az həmin müsahibəni təqdim edir.

– Nikol Paşinyanın yeni konstitusiya qəbul etmək istəyinin səbəbi nədir?

– Ermənistan hakimiyyəti islahat anonsu verirsə, deməli, hakimiyyəti əlində saxlamağın yollarını arayır. Bunun üçün konstitusiyada dəyişiklik etmək lazımdır. Paşinyan dəfələrlə bildirib ki, prezident üsul-idarəsinə keçmək istəyir. İstənilən halda söhbət şaquli icra hakimiyyətinin gücləndirilməsindən, bəzi qurumların yenidən qurulmasından gedir. Biz, Daxili İşlər Nazirliyi sistemində islahatların şahidi olduq. İndi hakimiyyətin konsolidasiyası məsələsi var və bunun Paşinyanın həyata keçirmək istədiyi xarici siyasət dəyişiklikləri ilə bağlılığını istisna etməzdim.

– Mövcud xarici siyasət kursu Qarabağ məsələsinin qapadılması ilə bağlıdır? Bəlkə Ermənistanın geosiyasi vəziyyəti də hökumətin xarici siyasətinə təsir edir?

– Paşinyanın nöqteyi-nəzərindən bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Qarabağ məsələsinin bağlanması Rusiyanın Cənubi Qafqazdan çıxması üçün bir vasitədir. Amma İrəvan Ağsaqqallar Şurasına seçkilər göstərdi ki, hakimiyyət inzibati resurslardan istifadə etməkdə ciddi problemlər yaşayır. Əgər yeni konstitusiya qəbul edilərsə və buna görə də yeni seçkilər keçirilərsə, indiki hakimiyyət ciddi çətinliklər yaşaya bilər. Onlar bu riski görürlər. Danışıqların hazırkı formatını nəzərə alsaq, Ermənistan baş verənlərlə bağlı daha böyük güzəştlərlə gedəcək. Əgər yeni kapitulyasiya olsa, Paşinyanın reytinqi aşağı düşəcək. O, sülh müqaviləsini imzalamazdan əvvəl nəsə etməyə çalışır.

Digər tərəfdən geosiyasi dönüş yaratmaq, Rusiya bazasını Ermənistandan çıxartmaq niyyətindədir. Amma unudur ki, KTMT və digər qurumlardan çıxacağı təqdirdə, o, Moskvanın daha ciddi müqaviməti ilə üzləşəcək.

– Yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?

– Paşinyan sülh müqaviləsinin bağlanması prosesinin başa çatmasına həftələr qaldığını deyir. O, bunu 2021-ci ilin ikinci yarısından deməyə başlayıb. Amma görürsünüz ki, heç bir müqavilə yoxdur. Ona görə də güman edirəm ki, belə bir sənəd yaxın vaxtlarda imzalanmayacaq.

– Rusiyanı regiondan sıxışdırıb çıxarmağın mümkün olacağına şübhə ilə yanaşdınız. Rusiya regionda və xüsusən də Ermənistanda qala biləcəkmi?

– Rusiyanın regionda qala biləcəyi Moskvanın passiv mövqe nümayiş etdirməsi ilə bağlıdır. Mənə elə gəlmir ki, Paşinyan Moskvanı sıxışdırmağa qadirdir. Amma istənilən halda Rusiyanın Cənubi Qafqazda olub-olmamasını ilk növbədə Ukraynadakı müharibə həll edəcək. İndi İran BRİKS-ə qoşulandan sonra Rusiya İranla yeni müqavilə imzalayır, Rusiyanın Ermənistandan çıxması Paşinyan üçün tamamilə problemə çevrilib. Bundan əlavə, İsrail açıq şəkildə bəyan etdiyi məqsədlərin öhdəsindən gəlmir. Ona görə də geosiyasət elə formalaşır ki, Rusiyanın sıxışdırılması ehtimalı azdır. Üstəlik, Ukraynada vəziyyət daha çox Rusiyanın xeyrinə inkişaf edir. Rusiya Ermənistanı heç vaxt öz əlindən buraxmayacaq.
скачать dle 12.1