Bia.Az

Qlobal güclərin Cənubi Qafqaz uğrunda nüfuz savaşı şiddətlənir – İtirən regiondur

Siyasət
 30-12-2023, 00:09     214

Bu günlərdə Rusiya rəsmi dairələri tərəfindən Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkünlüyü barədə pozitiv açıqlamalar verilib. Əvvəlcə Kremlin sözçüsü Dmitri Peskov Bakı və İrəvan arasında sülh sazişinin mümkünlüyündən danışıb. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova tərəflərin sülh sazişi imzalaması üçün şəraitin olduğunu qeyd edib. Bununla yanaşı, Rusiya rəsmisi 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Birgə Bəyanatı işarə edib.

Bununla da aydın olur ki, rəsmi Moskva sülh sazişinin həmin sənədə əsasən imzalanmasında, dolayısı ilə Moskvanın vasitəçiliyi ilə prosesin yekunlaşmasında maraqlıdır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, ümumiyyətlə, son günlər Rusiya rəsmilərinin davamlı olaraq sülhlə bağlı müsbət açıqlamalar verdiyinin şahidiyik

- Kreml rəsmisi Dmitri Peskovun, daha sonra XİN rəsmisi Mariya Zaxarovanın dilindən sülh imkanlarının olması ilə bağlı müsbət fikirlər eşidirik. Mahiyyət ondan ibarətdir ki, bu məsələdə Qərblə Rusiya arasında ciddi rəqabət var. Bu gün Qərb əvvəlki dövrdə olduğu kimi, sülh prosesində özü vasitəçi olmağa çalışır. Rusiya isə yenə də o mövqeyi ortaya qoyur ki, vasitəçi özü olmalıdır, moderatorluğu davam etdirməlidir.

Bakının isə yanaşması ondan ibarətdir ki, Azərbaycanla Ermənistan vasitəçisiz şəkildə danışıqları davam etdirməlidirlər. Bu, Azərbaycan tərəfindən ən yüksək səviyyədə dəfələrlə bəyan edilib. Hesab edirəm ki, Bakının mövqeyi sülhü irəli aparmağa imkan verir.

Daha bir normal mexanizm “3+3” formatıdır ki, əgər bu, normal müxanizm kimi işləyərsə. Bu gün bölgənin taleyi daha çox bölgə ölkələrinin iştirakı ilə müsbət həllini tapar. Son proseslər onu göstərdi ki, ABŞ-ın yanaşmasında Ermənistana dəstək var. Artıq bu, Vaşinqtonun tərəf saxlamasına işarədir. Belə olan halda, sülhə əngəl yaranır.

- Bu əngəllər nə qədər davam edəcək?

- Ümumiyyətlə, hər bir dövlətin öz maraqları var və məsələlərə də öz maraqları baxımından yanaşırlar. Əslində bütün tərəflərin, sülh prosesində vasitəçi kimi çıxış etmək istəyən tərəflərin hər birinin öz siyasi, geopolitik marağı, planları var. Rusiya nümayiş etdirmək istəyir ki, Cənubi Qafqazda əsas güc odur, Qərb isə Rusiyanın prosesdən kənarlaşdırılmasında maraqlıdır. Paşinyan hökuməti isə Qərbin maraqlarına uyğun siyasəti həyata keçirir.

Bütün hallarda, sülh üçün şərait və fürsət yaranıb, amma prosesin hansı istiqamətə gedəcəyi Ermənistandan asılıdır. Azərbaycan və Ermənistan hakimiyyətlərinin birgə bəyanatları, sərhəddə görüş, əsirlərin mübadiləsi vasitəçisiz həllini tapdı. Bunlar müsbət addımlar idi. Sözügedən razılaşmalar ümid verirdi ki, İrəvan və Bakı vasitəçisiz razılığa gələ bilirlər. Amma sözügedən prosesi İrəvan tormozladı. Ermənistan tərəfindən verilən açıqlamalar sülh prosesi ilə bağlı müəyyən suallar yaradır. Yenə deyirəm, hər şey Ermənistanın özünü necə aparmasından, təkliflərə hansı formada reaksiya verməsindən asılıdır.

- İrəvan və Bakı arasında vasitəçilərsiz sülh sazişi nə qədər realdır?

- Bu, olduqca mürəkkəb məsələdir. Əslində dərindən təhlil göstərir ki, nə Qərbi, nə də Rusiyanı Azərbaycan və Ermənistan o qədər düşündürmür. Onlar üçün sülh sazişinin imzalanıb-imzalanmaması o qədər də maraqlandırmır. Biz bunun son 30 ildə şahidi olduq. Sadəcə sülh şəraiti yaranırsa, bu qüvvələr prosesdə iştirakçı olmağa can atırlar. Məqsəd də yenə deyirəm, Cənubi Qafqazdakı nüfuz savaşıdır və bu savaş şiddətlənir. Bölgəyə kimin nəzarət etməsi uğrunda mübarizə gedir. Qərb Rusiyanı bölgədən tamamilə çıxarmaq istəyindədir. Rusiya isə Cənubi Qafqaza nəzarət siyasətini dəyişmək istəmir və belə bir niyyəti yoxdur. Rusiya eyni zamanda, 44 günlük müharibənin Moskvanın vasitəçiliyi ilə dayandığını nümayiş etdirir və Üçtərəfli Birgə Bəyanata istinad edir. Lakin Moskvada da anlayırlar ki, Üçtərəfli Birgə Bəyanatın müddəalarını Azərbaycan özü həyata keçirdi. Sadəcə 10 noyabr 2020-ci ildə imzalanan sənədə əsaslanan Rusiya demək istəyir ki, sülh sazişi yalnız Moskvanın vasitəçiliyi ilə həll oluna bilər.

Vasitəçilərsiz razılaşma mümkündür. Əlbəttə, İrəvan buna hazırdırsa. Amma biz görürük ki, Ermənistan buna hazır deyil. Çünki Ermənistan bu gün tam müstəqil deyil, müstəqil siyasət apara bilmir. İrəvan özünü tam şəkildə Qərbə təslim edib. Ona görə də vasitəçisiz razılaşmanın perspektivi az görünür. Qlobal güclərin nüfuz savaşında itirən regiondur. Xüsusilə, sülh Ermənistana daha çox lazımdır. Ona görə də İrəvan siyasətinə baxmalıdır.

- Amma vasitəçilərsiz danışıqlar nəticəsində razılaşma nümunələri var...

- Bəli, ümid var idi. Amma davamı gəlmədi. Gözlənilirdi ki, Ermənistan prosesə adekvat reaksiya verəcək. Heç zaman olmamışdı ki, Ermənistan və Azərbaycan hakimiyyətləri, rəsmi adminstrasiyalar birgə bəyanat verələr. Amma prosesin davam etməməsi, tormozlanması ehtimal yaradır ki, burada kənar müdaxilələr var. Yenidən Paşinyan bildirdi ki, İrəvan Bakınıbn beş şərtindən üçünü qəbul edir. Bu o deməkdir ki, iki şərt Ermənistan tərəfindən qəbul olunmur. Bu, rəsmi İrəvanın öz qərarının məhsulu deyil, müdaxilə edən tərəflərin Ermənistandan tələbidir.

Bütün hallarda, hesab edirəm ki, sülh imkanları tükənməyib. Gələn ilin əvvəlində sülh prosesini irəliyə aparmaq mümkündür.
скачать dle 12.1