Bia.Az

Dördtərəfli görüş baş tutarsa...

Siyasət
 19-09-2023, 11:10     282

Hulusi Kılıç: “Ərdoğanın təklif etdiyi platforma önəmlidir və dörd tərəfin iştirakı ilə mövcud problemlər çözülə bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması ilə bağlı dördtərəfli görüş keçirilməsini təklif edib. Belə ki, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan liderləri səviyyəsində görüş təşəbbüsü irəli sürülüb. Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka yola düşməzdən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında deyib: “Bəli, əvvəllər nəzərdə tutulduğu kimi, üçtərəfli formatda görüş keçirilməsi bizim prioritetimizdir. Amma biz, həmçinin dördtərəfli formatda görüşməyi təklif etdik. Bu təklifi çatdırdıq. Yəni mən özüm, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan. Mən dedim ki, gəlin görüşək, atılacaq addımları birlikdə müzakirə edək. Amma indiyədək bu təklifə müsbət və ya mənfi cavab almamışıq”.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib ki, bu günə qədər Cənubi Qafqaz regionu ilə heç bir bağlılığı olmayan ABŞ, Fransa və Avropa İttifaqı kimi tərəflərin problemin həllinə heç bir dəxli yoxdur, əksinə onun gərgin vəziyyətdə qalmasında rol oynayıblar. Onun sözlərinə görə, Türkiyə 44 günlük Vətən Müharibəsindən sonra 10 noyabr üçtərəfli Bəyanat çərçivəsində Ağdamda Rüsiya ilə Birgə Monitorinq Mərkəzində vəzifə yerinə yetirir: “Hərbçilərimiz Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərir. Yəni Türkiyə prosesin içindədir. Bu razılaşmada, Rusiya Prezidenti Vladimir Putinin də imzası var. Lakin prosesə müdaxilələr səbəbindən bu günə qədər sülh prosesində irəliləyişlər zəifləyib”.
Hulusi Kılıç qeyd edib ki, region ilə heç bir əlaqəsi olmayan tərəflərin buradan əllərini çəkmələri lazımdır və bölgədəki proseslərə qarışmamalıdırlar. Cənubi Qafqazdakı sülh yolunda maneələri Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya birgə həll edə bilər. Türkiyə əvvəldən regionda bütün problemlərin həllinə çalışmaqdadır. Və bu həllin dayanıqlı olmasını istəyir. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi də bu prosesin bir hissəsidir. Türkiyə bölgənin oyunçusudur və onun razılığı olmadan regionda hər hansı addımlar atıla bilməz. Türkiyə demək, Azərbaycan deməkdir. Prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında fəal təmaslar göstərir ki, iki ölkə olaraq regionda problemləri həll etmək arzusundadırlar. Bu arzu tamamilə müsbət qarşılanır. Çünki Ermənsitana barış əli uzadılıb və erməni xalqı ilə heç bir problem olmadığı, sülh içində yaşamağa hazır olduğumuzu bildiririk”.
Keçmiş səfir ABŞ dövlət katibinin köməkçisi Yuri Kimin Konqresdə Laçın yolu ilə bağlı keçirilən dinləmələr zamanı səsləndirdiyi fikirləri də pisləyib. Onun fikrincə, “Laçın dəhlizi” ayrıca region deyil, Laçın Azərbaycan torpağıdır. Kənardan bu əraziyə hər hansı ad qoymaq yanlışdır. Azərbaycan istəsə Laçın yolunu da, Ağdam yolunu da açar, buna başqa kimsə qərar verə bilməz. Rusiyanın bir yardım maşını Ağdam yolundan keçib. ABŞ, Fransa, Avropa İttifaqı da yardım göndərmək istəyirsə, Azərbaycanla razılaşması lazımdır. Azərbaycan suveren dövlətdir və ABŞ-da oturub Azərbaycana qarşı belə sözlər demək yanlışdır, ölkənin daxili işlərinə qarışmaqdır.
Hulusi Kılıç hesab edir ki, belə məsələlərin sona çatması üçün cənab Ərdoğanın təklif etdiyi kimi dörd liderin bir araya gəlib bölgədə dayanıqlı sülhün təməllərini atması gərəkdir: “Hesab edirəm ki, bu təklifi Azərbaycan müsbət qarşılayır, Rusiyanın da razı olacağını düşünürəm. Ermənistan da öz gələcəyini düşünürsə, bunu qəbul etməli və sülh masasına oturmalıdır. Bölgəyə dəxli olmayan ölkələr öz işləri ilə məşğul olsunlar. Buraya əl uzatmasınlar. Biz onlardan dəstək gözləmirik. 30 il ərzində problemin həlli üçün heç bir addım atmayanlar, bundan sonra da heç nə etməyəcəklər. Əgər istəsəydilər, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərdilər, yaxud ATƏT-in Minsk qrupu çərçivəsində həll edərdilər. Düşünürəm ki, cənab Ərdoğanın təklif etdiyi platforma önəmlidir və dörd tərəfin iştirakı ilə mövcud problemlər çözülə bilər”.скачать dle 12.1