Bia.Az

Xameneini o əvəz edəcək - Bakıya münasibət daha da sərtləşə bilər

Siyasət
 24-08-2023, 17:58     432

Hazırkı prezident İbrahim Rəisinin ali dini lider seçilmək şansı çoxdur-ekspertlər hesab edir ki...

İranın hazırkı prezidenti İbrahim Rəisi ölkənin növbəti ali dini lideri ola bilər. “Yeni Müsavat”ın xəbərinə görə, belə bir iddia ilə İsrail ordusunun “Aman” Hərbi Kəşfiyyat Xidməti çıxış edib.

Kəşfiyyat xidməti İbrahim Rəisinin iki illik fəaliyyətinə toxunaraq, onun Əli Xameneidən sonra İranın növbəti ali dini lideri ola biləcəyini bildirib. Sözügedən xidmət qeyd edib ki, İbrahim Rəisi rəhbərliyi ələ keçirmək üçün əmin vəziyyətdədir və bu məqsəd üçün heç bir ciddi təhlükə yoxdur. “Aman” Təşkilatı bildirib ki, Qərb kəşfiyyatı da İbrahim Rəisinin Əli Xameneinin yerinə keçə biləcəyini düşünür. Qeyd edək ki, ötən il İranda bir neçə ay davam edən etirazların əsas hədəfi Əli Xamenei idi. Xamenei illərdir ki, “böyük azərbaycanlı” kimi təqdim olunub, hətta ondan İranı yenidən “türk dövləti”nə çevirəcəyi gözləntiləri də olub.

Xamenei 1939-cu ildə İranın Xorasan vilayətinin Məşhəd şəhərində anadan olub. Uşaqlığı bu şəhərdə keçib. Atası Seyid Cavad Nəcəfdə, anası Xədicə isə Məşhəddə doğulub, əslən İsfahandan olan Haşim Mirdamədin qızıdır. Seyid Cavad bir müddət Məşhəddə yaşayıb, Xamenei də bu şəhərdə anadan olub. Xameneinin atası Cavadın əsli İranın Mərkəzi vilayətinin Təfreş şəhərindəndir, əcdadları da 28 nəsil bu şəhərdə yaşayıb. Bu şəhərin sakinləri də, əsasən farslardır. Daha sonra onun atası müəyyən müddətdə Xamnədə yaşamağa məcbur olub. Bunun səbəblərindən biri də şah rejiminin din xadimlərini Məşhəddən uzaqlaşdırmaq siyasəti idi. Xamnədən yolu keçməsi onların azərbaycanlı olması deyil, sadəcə olaraq, şah rejimində pasport alarkən Xamnədə olduğu üçün adlarının sonluğuna Xamenei, yəni “Xamnədən olan” əlavə edilir. Xamenei də heç vaxt xatirələrində Xamnənin adını çəkməyib. Amma Azərbaycan dilində bilir.

Onu da deyək ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə Xamenei “kiçik böyüyə birləşməlidir” sözləri ilə Azərbaycanı İrandan ayrılmış ərazi kimi təqdim edirdi və sonrakı 30 ilə yaxın dövrdə cənubdan bizə qarşı aparılan siyasətin əsas xətti də məhz bu qondarma iddia üzərində qurulub. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən indiyə qədər Xameneinin bu siyasəti davam edir. Birinci Qarabağ müharibəsində Xomeneyinin göstərişi ilə İran rejimi Azərbaycan torpaqlarını işğal edən Ermənistana silahlar da daxil olmaqla müxtəlif vasitələrlə dəstək verib. 44 günlük müharibədə və ondan sonrakı dövrdə Xamenei Azərbaycanın haqq mübarizəsinə dəstək verməyib. Ali dini lider Zəngəzur məsələsində Azərbaycana qarşı çıxan əsas fiqurdur. İndi isə 83 yaşlı Xameneini kimin əvəzləyə biləcəyi haqda İsrail və Qərb mətbuatında çox yazılıb. Bu yazıların adətən spekulyativ xarakter daşımasına baxmayaraq, Xameneinin səhhətinin yaxşı olmadığı heç kimə sirr deyil.

1989-cu ildə İran inqilabının ideoloqu və simvolu Ruhulla Xomeyni həyatını itirəndə Əli Xamenei prezident postunu tuturdu. Onun ali dini lider postuna namizəd olması təbii idi. Dini Ekspertlər Şurası, ölümündən sonra Xameneinin yerini kimin tutacağını müəyyənləşdirməlidir. Bu orqanın fəaliyyət reqlamentinə (1982-ci ildə qəbul olunan, 2006-cı ildə düzəlişlər edilən) uyğun olaraq ora 88 üzv seçilir. Dini Ekspertlər Şurası ildə iki dəfə toplanır. Qapalı şəraitdə keçirilən bu toplantılarda ali dini liderin yürütdüyü xəttin doğru olub-olmadığı, gözləntiləri nə dərəcədə doğrultduğu müzakirəyə çıxarılır. Üzvlər arasında çoxluğu mühafizəkar qoldan olan xadimlər təşkil edir. Bu isə o deməkdir ki, Xameneinin ölümündən sonra hazırkı prezident İbrahim Rəisinin ali dini lider seçilmək şansı çoxdur.

Qeyd edək ki, silahlı qüvvələr, məhkəmə sistemi, dövlət televiziyası və digər əsas hökumət təşkilatları İranın ali rəhbərinin idarəsi altındadır. Xamenei fərmanlar imzalayır və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə və qalan hər şey barədə son qərarı verir. Xamenei prezident seçkilərinin son qərarını da verir və bir neçə prezident kabineti təyinatını qoyub, bərpa edib. Xamenei müdafiə, kəşfiyyat və xarici işlər, eləcə də elm nazirlərini şəxsən özü seçir. Son aksiyalarda isə etirazçılar “Diktaturaya son!”, “Xameneiyə ölüm!” şüarı səsləndirirdilər. Hətta küçələrdə onun plakatlarını, bannerlərini sökürdülər, yandırırdılar. Bu da ondan xəbər verir ki, artıq ölkədə ən ali şəxsə qarşı üsyan belə var və xalq qorxmur. Bəs ali dini lider dəyişikliyi ölkə daxilində və xarici siyasətdə nələr dəyişə bilər?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a qeyd etdi ki, ali dini liderin dəyişməsi ilə İran rejiminin Azərbaycana münasibətində heç bir fərq olmayacaq. Onun sözlərinə görə, İranın siyasəti hamıya məlumdur: “İrandakı bütün xalqları əridib və bir İran xalqı yaratmaq, onları fars şovinist siyasətinə qul etmək, bunu da şiəlik adı ilə həyata keçirmək onların siyasətidir. İranda olan sistem orta əsr zehniyyəti ilə cəmiyyəti idarə edir. Ona görə hansısa şəxslərin dəyişməsi ümumilikdə bizə münasibəti dəyişməyəcək. Bu xətt belə də davam edəcək. Xamenei türk idi, türkcə yaxşı danışırdı. Mən onunla görüşmüşəm. Hətta dedi ki, istəsən türkcə danışaq. Mən də dedim ki, necə istəsəniz. Hətta Şəhriyardan şeir səsləndirdi. Amma o da İran rejiminin bir üzvü idi və heç nə edə bilməzdi”.

S.Rüstəmxanlı qeyd etdi ki, İranda ağlı başında olanlar Azərbaycanın qonşu olduğunu, qonşu ilə normal rəftar etməyin məsuliyyətini dərk edirlər: “Lakin təmiz ermənipərəst qüvvələr, ”ermənilər bizim qan qardaşımızdır" deyənlər də var. Amma nəzərə almaq lazımdır ki, İranın hər yerində türklər yaşayırlar. Hər halda İranın tək farsdan ibarət olmadığını başa düşürlər. Hər kəs fərqindədir ki, molla rejimi təkcə dini maraqlar üzərində siyasət yürütmür, həm də ölkəni farslaşdırmağa xidmət edən addımlar atırlar. Bununla belə, İran yetkililəri arasında Azərbaycanla əlaqələrin normallaşmasını istəyənlər də var. Bunu inkar etmək olmaz. Ancaq 30 ildir bu bəyanatları eşidirik, sonra erməniləri bağırlarına basırlar, onlara silah ötürürlər, yanacaq ehtiyacını təmin edirlər. Ona görə Tehran rəsmilərinin sözlərinə bir o qədər inanmıram. Düzdür, səfirlik açılacaq, amma terrorçular bəlli olandan və məhkəmə prosesi yekunlaşandan sonra. Çünki diplomatik əlaqələrin qurulması hər iki tərəf üçün zəruridir".

Professor Qabil Hüseynlinin bildirdiyinə görə, İbrahim Rəisi ali dini lider olarsa, Azərbaycana münasibət daha da sərt şəkildə davam etdirəcək: “Onu da deyim ki, Xameneinin səhhəti yaxşı deyil. Bu səbəbdən İran siyasi həyatında çaxnaşmaya bənzər proseslər getməkdədir. Bütün bunlara baxmayaraq, Rəisinin Xameneinin həyatdan gedəcəyi təqdirdə əvəzləmək ehtimalı yüksəkdir. Çünki o, SEPAH tərəfindən də müdafiə edilir, üstəlik, ruhanilərin, ayətullahların rəğbətini qazana bilib. Odur ki, Dini Ekspertlər Şurasında səs çoxluğu ilə seçiləcək və alternativ axtarışı da olmayacaq. İranda demokratiya yoxdur, xalqın rəyi əsasında formalaşmır, 3-5 ruhani səsi ilə ən yüksək vəzifə olan ali dini lider seçilir”.скачать dle 12.1