Bia.Az

"Əli Həsənov mənə təklif etdi ki, qoy, uşaqlardan biri gəlib Şurada – yanında işləsin" - Qafar Cəbiyev

Siyasət
 19-01-2023, 12:24     158

“Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada,
həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə,rüşvətxorluqla ciddi mübarizə aparmalıdırlar və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Respublikamızın əsrin vur-tut üçdə birinə bərabər olan müstəqillik illərində nə dərəcədə möhtəşəm uğurlar qazandığı hər kəsə çox yaxşı bəllidir. Belə bir qısa tarixi zaman kəsiyində doğma Azərbaycanımızın, onun şəhər və kəndlərinin siması tam dəyişmiş, ölkə iqtisadiyyatı bütün sahələr üzrə coşğun və sürətli inkişafa nail olmuşdur. 44 günlük müharibədə qazanılan tarixi Zəfər Azərbaycanda ordu quruculuğunun, silahlı qüvvələrimizin, onun əsgər və zabit heyətinin hansı səviyyədə olduğunun parlaq nümayişinə çevrildi. Bu gün Azərbaycanın dünya siyasətində səsi eşidilən, maraqları nəzərə alınan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli pay sahibi olan, qardaş türk cümhuriyyətləri arasında körpü rolu funksiyasını reallaşdıran nüfuzlu bir dövlət olduğunu kim dana bilər?! Bütün bunlar həm də Azərbaycan xalqının və dövlətinin nə dərəcədə gücə və hərbi-iqtisadi potensiala malik olduğunun əyani göstəriciləridir. Bu uğurlar həm də başda möhtərəm cənab Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan hakimiyyətinin düzgün, balanslı və uzun perspektivə yönəlik ardıcıl və səmərəli fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir. Onu da nəzərə alaq ki, bütün bu uğurlar kifayət qədər geniş imkanlara malik diasporu və yaxın keçmişin iri müstəmləkəçi dövlətlərinindən ibarət havadarları olan məkrli düşmənlə müharibə şəraitində olduğumuz bir vaxtda əldə olunub.

Ermənistan və havadarlarının açıq düşmənçilik siyasəti hardasa başadüşüləndir. Bəs öz içərimizdən olan düşmənlərə nə ad verəsən?! Onların ağıla və ölçüyə gəlməz hərəkətlərinə necə haqq qazandırasan?!

Mən son illər korrupsiya, rüşvətxorluq, harınlıq, özbaşınalıq və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə ittiham olunan üzdəniraq məmur korpusunu nəzərdə tuturam. Görün, ölkənin müharibə şəraitində olduğu bir vaxtla neçə icra başçısı, neçə nazir, nazir müavini, neçə general və digər yüksək çinli dövlət məmurları həbsə atıldı?! Bu adamlar dövlətə və xalqa məxsus on milyonları, yüz milyonları necə ələ keçiriblər?! Necə olub ki, həmin adamlar illərlə müvafiq təftiş və nəzarət orqanlarının, lap elə digər dövlət orqanlarının diqqətindən kənarda qalıb?!Bu dərəcədə də məsuliyyətsizlik, harınlıq, qudurğanlıq olar?! Yəni, onlar da Azərbaycan vətəndaşıdır?! Onların bu şərəfli adı daşımağa mənəvi haqqı çatırmı?!

Təbiidir ki, sadə azərbaycanlı bədnam «Tərtər işi» ilə bağlı biabırçılıq və cinayətlərin çoxundan hələ də xəbərsizdir. Bəlkə də elə xəbərsiz olmağı məsləhətdir. Çünki, onları eşitməyin və təsəvvürə gətirməyin özü də dəhşətdir. Orada sağlamlığı, karyerası və ümidləri puç edilən oğulların valideynləri, əzizləri bu dəhşəti necə yaşasın?! Yaşaya bilərlərmi?! Artıq neçə vaxtdır ki, çoxsaylı hərbiçilərimizin günahsız olaraq məhbəsə atıldığı sübut edilərək onlara bəraət verilib. Bəs o günahsızlara bu taleyi yaşadan müstəntiqlər, prokurorlar, məhkəmələr qanunsuz və ədalətsiz qərarlarına görə hansı cəzaya layiq görülüblər?! «Tərtər işi»ni «nağıl» adlandıran hərbi prokuror, onun səhv qərarlarına göz yuman sabiq baş prokuror və onun istintaqa nəzarət etməli olan müavinləri, idarə rəisləri, müstəntiqlərin saxta ittihamnamələrini gözüyumlu şəkildə reallaşdıran məhkəmələr necə?!

Bir neçə il öncənin söhbətidir. Yüksək çinli dövlət məmurlarından birinin qızının toy məclisində iştirak edirdim. Bizdən 5-10 addım aralıdakı masada paytaxt rayonlarından olan 3-4 icra başçısı əyləşmişdi. Hansı ki, onlardan biri ilə bir neçə gün öncə başqa bir rəsmi tədbirdə də rastlaşmışdım. Amma bu adam sanki bir neçə gün öncə gördüyüm adam deyildi. Adam kiçilərək sanki yumağa dönmüşdü. Təəcübümü gizlətmədən mənimlə birlikdə toyda iştirak edən və həmin başçını daha yaxından tanıyan yanımdakı dostumdan soruşdum: – Qardaş, ona bax, gör nə gündədir?! O, isə əyilərək qulağıma pıçıldadı: – Harınlıqdan, qudurğanlıqdan gündə neçə cür həb qəbul edirlər. Onun da nəticəsidir ki, bəzən qızaraq şirə, bəzən də sönərək pişiyə dönürlər.

Dövlət Təhlükəsizlik Xidmətinin, korrupsiya ilə mübarizə idarəsinin və digər orqanların keçirdikləri əməliyyatların davamlı xarakter alması Azərbaycan hakimiyyətinin bu cür neqativ hallarla mübarizədə sonadək qərarlı olduğundan xəbər verir. Prezident İlham Əliyevin bu qəbildən olan xəbərdarlıqlarından birini bu yerdə yada salmaq istərdim:

“Bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir … Əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”.

Görünür, ölkə Prezidentinin tapşırıq və tövsiyələri, neqativ hallarla mübarizədə həyata keçirilən sərt tədbirlər belə yolunu azmış məmur korpusuna hələ də dərs olmayıb. Son aylar DTX, DİN və Baş prokurorluq tərəfindən ayrı-ayrı dövlət strukturlarında həyata keçirilən antikorrupsiya tədbirləri, rəsmi saytlarda və sosial şəbəkələrdə yayılan çoxsaylı audio və video materiallar istər-istəməz bu cür düşünməyə əsas verir. Kabinetlərində gizli kameralar quraşdırıldığından ehtiyat edənlər çox güman ki, indi də rüşvəti yolda, kolda alır, əyyaşlığı, pozğunluğu gümana gəlməyən başqa-başqa ünvanlarda davam etdirirlər. Lakin anlamırlar ki, belə yaramaz əməllərin xalq arasında deyildiyi kimi 40 gün ömrü olur. Yəni, «su qabı suda sınan şeydir».

Mən uşaq olanda bağ-bostanımızda ailəmizin ehtitiyacları üçün min bir zəhmət hesabına bol meyvə və tərəvəz yetişdirirdik. Məhsul yetişəndə yenotlar gecə düşən kimi sürü ilə həyətə daraşır, meyvə-tərəvəzə vay verirdi. Bəzən bir qoz və ya armud ağacında 7-8 yenot olurdu. Atam onlardan birini, ikisini daşla, şaxla vurub ağacdan yerə salırdı, amma o biri yenotların vecinə də olmurdu. İndiki korrupsioner və rüşvətxor məmurlar da sanki ölkədə gedən proseslərdən xəbərsiz kimi öz əməllərini davam etdirməkdədirlər. Amma inanırıq ki, onlara da növbə çatacaq.

Bəsdirin, cənablar! Özünüzü yığışdırın, ətrafınızı kriminal elementlərdən və mənəviyyat düşkünlərindən təmizləyin! Ölkə rəhbərliyi tərəfindən sizlərə göstərilmiş etimadı dəyərləndirin! Unutmayın ki, rəhbəri olduğunuz qurum heç də atanızdan miras qalan «votçinanız» deyil. Çalışın öz qohumlarınızı, dostlarınızı, şəriklərinizi və qulbeçələrinizi deyil, daha çox haqqı və qabiliyyəti çatan insanları uyğun vəzifələrə yerləşdirəsiniz. İndiyədək olduğu kimi, atın qabağına ət, itin qabağına ot qoymaq kimi zərərli vərdiş və ənənələrdən xilas olun!

Yeri gəlmişkən öz həyatımda qarşılaşdığım daha bir olayı yada salmaq istərdim. Milli Televiziya və Radio Şurasında məsul vəzifədə işlədiyim dönəmdə iki övladım eyni vaxtda ali məktəbi bitirdi. Əlbəttə, valideyn olaraq onların təhsillərinə uyğun işlə təmin olunması üçün qayğılı idim. O vaxt Prezidentin köməkçisi Əli Həsənov mənə təklif etdi ki, qoy, uşaqlardan biri gəlib Şurada – yanında işləsin. Mən isə qəti etiraz etdim. Dedim ki, buranı ailə podratına çevirmək istəmirəm. Qoy, onlar da başqa bir sahədə özlərinə uyğun iş tapsınlar. Tapdılar da. Amma Əli Həsənov nə etdi?! Sırf tələbə yoldaşlarından ibarət bir Teleradio Şurası yaratdı. Sonra ixtisasları əsla uyğun olmayan yaxın qohumu və həyat yoldaşını da ora gətirdi. Bir müddət sonra həyat yoldaşını sədr müavini etdi. Şöbələri özünün və həyat yoldaşının adamları ilə doldurdu. Diplomunun mürəkkəbi hələ qurumayan oğlu Şamxalı televiziya rəhbəri etdi. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkənin reklam resurslarının çox böyük bir hissəsini oğlunun teleşirkətinə yönləndirdi. Yəni, normal insan ölkə başçısı tərəfindən ona etibar edilən vəzifə və səlahiyyətlərdən bu dərəcdə də sui-istifadə edər??!! Bu sözlər övladlarını, qohumlarını 30-35 yaşında deputat, general və ya elmlər doktoru etmiş olan digər yüksək vəzifəli cənablara da aiddir. Ayıbdır, cənablar!

Niyə bu ölkənin, bu xalqın imicini zədələyirsiniz?! Törətdiyiniz əcaib əməllərdən sonra böyüklərinizin, övladlarınızın, qohum-əqrabanın, qonum-qonşunun, sizinlə bir yerdə çalışan vicdanlı, namuslu, ləyaqətli və vətənsevər həmkarlarınızın üzünə necə çıxırsınız?! Xalqın cibindən, dövlətin büdcəsindən oğurladığınız milyonları hara aparacaqsınız?! Ətrafınıza diqqətlə baxın! Çalışın, həbs olunmuş, ifşa olunmuş, milyonların nifrət, qəzəb və qarğışına hədəf olmuş dönüklərin acı taleyini siz də yaşamayasınız! Aqillərimiz elə belə deməyiblər ki, sonrakı peşimançılıq fayda verməz!

Qafar Cəbiyev, tarix elmləri doktoru,
professor, əməkdar jurnalist

KONKRET.az
скачать dle 12.1