Bozqurdun soyu – Millətin harayı... - Ədalət Qarabulud.
Bozqurdun soyu – Millətin harayı...
1.
Qaranlıq çökəndə çöllərin üzərinə,
yelin pıçıltısında bir səs ucalır -
dişləri ay işığında parlayan
əsrlərin harayıdır bu.
Bu, Qurdun nəğməsidir…
Torpaq yuxudadır,
amma yaddaşı oyaq -
orda bir iz var,
göyə çəkilmiş dırnağın izi,
bir zaman
can verən ulduzlar kimi
Qurd keçmişdir o yoldan.
Deyirlər,
gözəgörünməz bir əl
çəkdi bizi dağın sinəsindən
bozkırın ruhuna -
və o əl Qurd idi.
Dişi idi,
qanlı idi,
amma mərhəmətli.
Süd verdi,
can verdi,
yol verdi...
Çadırın önündə
qızılı başıylə dayanar -
dəmirin içində bir nəfəs,
dəryanın içində bir qığılcım.
Bizi qıranda zaman,
bizi unutduranda adlar,
o gəlir -
səssiz,
ama sarsıdıcı bir çağırışla.
Ərənlər,
döyüşçülər,
qanında canavar gəzənlər,
yuxularında diş,
yastıqlarında qurd dərisi saxlayanlar -
siz o harayı eşidirsinizmi?
O, bəd nəzərləri
gözlərindən alır körpənin,
əjdahanın nəfəsini
bozkırın soyuğuna çevirir.
O, bir baxışla
körpənin alın yazısını
qəhrəmanlığa çevirir.
Başqırd dedilər,
çünki başında Qurd vardı.
Yol göstərən idi -
yerin altını da,
göyün qatlarını da tanıyırdı.
O bizim əvvəlimizdir,
bəlkə də axırımızda da
yenə o olacaq.
Bir əfsanə kimi yox -
bir gerçək kimi qayıdacaq...
Və o zaman
çöl yenə danışacaq,
qurd ulartısı
dənizlərin üzərindən keçəcək.
Çünki
Qurd susmaz,
qopmaz kökündən -
çünki
biz hələ
onun nəğməsiyik…
Yelin səsi deyil bu -
bu bir çağırışdır
əsrlərin dərinliyindən -
Bozqurdun boğazından çıxan
qanla yoğrulmuş
millət harayı.
Əcdadın sancağında bir diş vardı,
başında bir qurd,
kökü Tanrıda,
gözü Turanda idi.
Dağlar ona yol verərdi,
çaylar sakit axar,
buludlar səssiz geri çəkilərdi
Bozqurd keçəndə…
O, sadəcə mif deyildi -
o, bir qoruyucu idi.
Təslim olmayan bir ruh,
əyilməyən bir baş,
sönməyən bir ocaq idi.
Ocaq da biz idik.
Bozqurd -
bizim içimizdəki oyanış.
Bu gün
əllərdə yüksələn işarə
təkcə barmaq deyil -
bu bir anddır:
“Millət varsa, mən varam.
Vətən varsa, nəfəs alıram.”
O işarə
çəkilmiş qılınc kimidir,
haqqın üzərinə yeriyən
zülmə qarşı duran
bir millət ordusunun
sükutlu fəryadıdır.
Bozqurdun gözləri
yalanı deşir,
haqqı görür,
xəyanəti tanıyır.
Bu torpaqda doğulan hər türk balası
onun baxışlarında
bir yol,
bir yön tapar.
Çünki
Bozqurd təkcə keçmişə aid deyil -
o, sabahın da özüdür.
Millətin ruhu,
dövlətin iradəsi,
birliyin möhürüdür.
O, bir yoldur:
başını itirənlərə istiqamət,
inancını itirənlərə
bir iman işığıdır.
O, bir çağırışdır -
yadelliyə yox,
öz içində yuxuya gedənə.
Düşmən çadır quranda
bizə torpaq üstündə,
qurd ulayır içimizdə:
“Oyan!
Bozqurd susduqca,
millət itər!”
Və biz
susmuruq.
Əlimiz göydə,
barmaqlar qurd simasında -
bu, bir duadır:
“Tanrım, türkü qoru,
Türkün yolunu aç!”
Çünki biz
qurdun övladıyıq,
boz sükutun içində
səsimizi
millətə çevirmişik.
Sonsuz çölə bax...
Qanla sulanmış torpağın dərin qatlarında
bir nəbz vurur hələ də -
Ergenekonun döyünən qəlbidir o.
Dağlar bir vaxt
qalxıb səsimiz olmuşdu,
daşlar dil açıb
sözümüzü yazmışdı.
Göytürklər bilirdi -
tarix unudulmasın deyə
qaya sinəsində danışmalı idi...
Bilgə Kağan deyirdi:
"Türkün adı yaşasın."
O ad ki,
göydən gəlmiş bir əmr kimidir -
dəyişməz, əyilməz,
topraqla deyil, Tanrıyla yazılmış.
Bozqurd isə
susmurdu -
O, bir əfsanə yox,
bir qurtuluş yoludur.
Dağların döşündə
dəmir dağlar əritdilər,
çünki
azadlıq odu
dəmiri belə diz çökdürər.
Ergenekon -
bu millətin ikinci doğuluşudur,
boğulan millət
bir Qurdun arxasında
yenidən nəfəs aldı.
Qurd göstərdi yolu,
çünki
Qurd yön deməkdi,
qurtuluş deməkdi,
qardaşlığı, dirənişi,
birliyi xatırlatdı.
Gəl, Zəngi dağının zirvəsində dur -
o sənin yaddaşındır,
çünki orada
döyüşçü ruhların
külləri göyə qarışdı.
O dağda
bir ulartı var hələ də -
O Bozqurdun səsidir.
Əllər qalxdıqca göyə,
barmaqlar Qurd olanda,
o səs yenə danışar:
"Tanrının qılıncı susmaz!
Millətimin ruhu ölməz!"
Bax o yazıtlara,
Orxon çayının sahilindəki daşlara -
orda nə din, nə soyad, nə sərvət var -
yalnız bir ad:
Türk!
Bu ad
kökdür.
Bu ad
haraydır.
Bu ad
dünyaya yazılmış bir qürur möhürüdür.
Bu gün də
göy bayrağın kölgəsində,
əllərdə qurd siması -
sadəcə salam deyil -
bu bir anddır:
"Keçmişimi unutmuram,
gələcəyimi qoruyuram!"
Hər uşaq doğulanda
bir ulartı var havada -
sanki Qurd danışır:
“Səni gözləyirdim,
Oyan və izimlə gəl!”
Bozqurd bizim
unutmadığımız tarixdir,
əzilməyən şəxsiyyətimiz,
sınmayan iradəmizdir.
Biz
təkcə bir millət deyilik -
biz bir yaddaşı
nəfəs alan,
qanla yaşadan
canlı bir soy deyilikmi?
Son misra:
Göydən enmiş soyun
yer üzündəki harayı -
səni unutsa dünya,
Bozqurd unutmur,
çünki o — Türkün yaddaşıdır.
Ədalət Qarabulud.








