Bia.Az

ELCİBƏY (Fəlsəfi-mistik poema) - Ədalət Qarabulud

KÖŞƏ YAZARLARI
 22-08-2025, 00:39     2 221

ELCİBƏY

Fəlsəfi-mistik poema
“Azadlıq çətin yoldur, amma şərəfli yoldur.”
     — Əbülfəz Elcibəy.
“Sənə bir daş atar yerindən duran, səni sevdiklərin daş-qalaq eylər..."
        — Pamiz Rövşən.

II-ci hissə

Ön Söz
Bu poema, bir adın sükuta çevrilmədiyini göstərmək üçündür.
Əbülfəz Elçibəy — təkcə bir siyasətçi, təkcə bir dövlət başçısı deyildi. O, bir millətin qəlbində hələ də başa çatmamış bir cümlə kimi yaşayan yarımçıq dua, susdurulmuş çağırış, unutmaqla bərabər heç vaxt silinməyən bir iz idi. Onun adı zamanla çox deyildi — bəzən çəkinərək, bəzən vəfa ilə, bəzən isə günahı etiraf edən bir baxışla anıldı. Amma Elçibəyin özü heç zaman sadəcə bir “keçmiş” olmadı.
O, ideyanın insan halıydı. Sözə çevrilmiş vicdan, yürüyən tarixin içində göz yaşlarını gizləyən bir xalq atası. Sevgisi xalqdan, nəfəsi Tanrıdan idi. Və bu sevgi ilə yandırıldığı daşların altında belə sükutla danışmağa davam etdi.
Bu poema Elçibəyin yaddaşımıza daşa çevrilmiş mələk kimi qazınmasını, onun qırılan qanadlarının yerində xalqın oyana biləcəyinə olan inamını, və ən əsası — onun azadlıq yolunda çəkdiyi iztirabların şərəfə çevrilməsini anmaq üçündür.
Çünki unutma:
Bəziləri bu dünyadan gedər,
amma öz adını millətin vicdanında daşıyaraq - qalxar.

I. Atılan daşlar

Sükutun içində böyüyür haray —
Adını unudan bir xalqın dilində.
Kimsə atır,
amma hamı baxır,
və hər baxış —
başqa bir daş deməkdir.
Məni sevdiklərim daşlayır —
çünki qorxurlar
susqunluğumun səsində
öz həqiqətlərini eşitməkdən.
Gülməyən gözlərimə
bir lənət kimi yapışır suallar:
“Susursan niyə?
Qorxursan, yoxsa…
bağışlamısan bizi?”
Halbuki bağışlamaq —
daşdan daha ağırdır bəzən.

II. Tanrının sükutu

Tanrı susur.
O, danışmaz daşın dilində,
amma eşidir
qanla yazılmış duaları.
Dua edən hər dil
bir ruhun qapısını döyər.
Bəzən o qapı
bağlı qalar.
Bəzən isə —
daşın öz içindən
çıxar bir quş
və havaya çevrilər
əzab.
Bu səssizlikdə
Tanrı
daşı belə dua ilə yuyar.

III. Sevgi və Tilsim

Bir tilsim var içimdə —
nə daş qıra bilər,
nə ölüm.
O tilsimin adı — SEVGİ.
Sevgi —
başda tikan tacı,
əlində qanlı çörək.
Sevgi —
bir güzgüdür,
baxan özünü yox,
qorxularını görər orda.
Sevgi —
daşın içində gizlənmiş
bir dua.
Kim qırar Tanrının bağladığı simi?
Kim dayandırar
yağışın içində doğulan
əzəli səsləri?

IV. Daşlar saraya dönər

Bilirəm,
daşa dəyən dua əks-səda verər.
Tanrı
günahkarı daşla yox,
günahla cəzalandırar.
Hər daş —
bir nəfəs kimi
çökər sinəmə.
Və mən
hər daşda bir iz taparam —
ya şəfqət,
ya nifrət.
Bu izlərdən
bir ev tikərəm.
O evin damı səbir,
divarları bağışlama,
pəncərəsi dua olar.
Tanrı o evi
saray edər mənə,
çünki bilir —
daş mənə düşsə də,
ürəyimə toxunmaz.

V. Ruhun qalxması

Əl atıram göyə —
daş yox,
nur istəyirəm.
Amma nur da
daşa dönür bəzən —
əgər qəlb
qapalıdırsa.
Və o zaman
mən susuram yenə —
çünki bilənlər bilir:
Tanrı
ən çox
sükutu dinləyir.

VI. Daşa cevrilmiş Mələk

O gəlmişdi –
qanadları işıqdan,
ayaqları torpaqdan.
Səsi yox idi –
amma baxışı
sükutun özündən ucaydı.
İnsanlar baxdı ona.
Qorxdular.
Çünki mələklər
günahkar qəlbdə
vicdan kimi görünər.
Onu daşladılar…
sözlə,
susqunluqla,
qorxularıyla.
Bir mələk
daşın altında nə edər?!
Qanadları sınar,
amma ruhu qalxar.
Və mələk
daşa çevrildi —
amma unutma:
o daşın içində
hələ də döyünür
göydən gələn bir ürək.
Əgər bir gün
ürəyinlə toxunsan o daşa —
duyarsan titrəyişini,
eşidərsən fısıltı kimi
səmanı çağıran
bir dualıq səs.
Çünki bəzən mələklər
uçmaqdan yox,
sevilməməkdən
daşlaşar…

VII. Qanadları kəsilmiş səda

O danışırdı —
sözləri daşdan ağır idi.
O baxırdı —
gözləri içimizdə gizlənmiş
millətləri oyadardı.
Əllərində silah yox idi,
sadəcə bir kitab,
bir dua,
bir “Vətən!”
deyə çırpınan səs.
Amma biz
o səsi eşidə bilmədik —
çünki qulaqlarımız
zəncirli idi,
ürəklərimiz —
öz azadlığımızdan qorxurdu.
Onu daşladılar —
təriflə,
susqunluqla,
xəyanətlə…
Daşın altında
bir məğrur təbəssüm qaldı.
Və zaman ötdü —
biz o təbəssümə
təzə daşlar düzürdük
hər seçkidə,
hər unutduğumuz yerdə.
Bir mələk
daşın içində
cəngavər kimi dayanmışdı.
Səsini unutduq,
amma ruhu —
millət üçün
hələ də dua edir,
hələ də gözləyir
bir oyanışın
ayaq səslərini.

VIII. Zamanın qanadları

İndi deyirlər:
“Elçibəy getdi…”
Getdi?..
Yox!
Sadəcə
xalqın yadından düşdü.
Çünki bəzən
xalq da
öz Peyğəmbərinə daş atar,
öz mələyini
daşlaşdırar.
O qayıtmayacaq —
çünki heç vaxt getmədi.
O susmur —
çünki susmaqla da
öyrədir insan.
Bircə dua qalıb bizə —
“Tanrım,
qoru o daşları —
bizim üçün saraya çevrilən
könül evlərini.”

IX. Ürəyin dərinliyindən səslənən Söz

(Sükutun içində danışan Elçibəy)
Ey gələcəkdən baxan göz,
Ey torpağın altına enməyən ruh,
Mən sizə nəsihət yazmadım,
Sadəcə qəlbimdəki dua qaldı.
Millət dedim —
mənim sevgim idi,
Azadlıq —
mənim qibləm.
Türk olmaq —
bir bayraq idi
başımın üstündə.
Mən daş istəmədim,
məzarımın üstü boş qalsın istədim,
çünki ağır daşların altında
söz çürüyər,
sevda unudular.
Mən bir gün çıxıb
dönəcəyəm —
dəftərlərdə yox,
ürəklərdə.
Çünki bəzən
xalq gec anlayar
öz mələyini.
Unutmayın —
daşa çevrilən
susmaz.
O, zamanla danışar,
və bir gün
daşı sındıran bir uşaq
məni görər —
bir sevgi kimi,
bir and kimi,
bir inam kimi.

X. Epiloq: Xatirə Daşı

İndi o daş
bir məzarın üstündə yox,
bir xalqın vicdanındadır.
Kim toxunsa o daşa —
əlləri titrəyər.
Çünki o daş
sadəcə daş deyil,
bir zaman
doğruluğa atılmış
çirkin bir niyyətin izidir.
Amma Tanrı bilir:
Əzab sevgi ilə daşlaşarsa,
gün gələr —
yenidən
qonur qanadına mələyin,
yenidən
səslənər səma.
Və xalq
bir gün diz çöküb deyər:
“Bağışla, Elçibəy!
Biz səni başa düşmək üçün
çox gecikdik…”

II-ci hissənin sonu.

Ədalət Qarabuludскачать dle 12.1