Bia.Az

Yükünü cəkəmmir daha bu dünya... - Ədalət Qarabulud

KÖŞƏ YAZARLARI
 21-08-2025, 02:16     2 228

Amma işıqla mən olurdum...
(Səlvər Şahbəyliyə ithaf) 
Gəl, səssiz adımlarla,
səni qorxudan ölüm deməyim,
sən onnansan - bir qurtuluş nəfəsi,
varlığın ən son həqiqəti.
Mən bu palçıqlı zamandan
qalxmaq istəyirəm -
yerin yalanına, göyün səssizliyinə
arxalanmadan.
Sözlərim yorulub artıq,
dualardan da səs gəlmir.
Ürəyim quş kimidir -
qəfəsi də ürəyim qədər geniş.
Dost dediklərim
gözlərimdə əriyib - 
biri arxamca dua,
biri qabağımda dua,
amma heç biri içimə gəlmir...
Ey ölüm,
sən gələndə nə açar, nə qapı qalır,
nə çörək, nə də ümid.
Sən gələndə
göy bir az daha açıq olur.
Bilirəm, ruh getmir - 
yalnız yer dəyişir,
bədən bir palto kimi
asılır tanrının susqun divarına.
Məni apar,
amma öncə
bir dağla danışım,
bir ağacın kölgəsində susum,
bir uşaqla göz-gözə gülüm.
Sonra sən -
bir nəfəs qədər yüngül,
bir dua qədər saf -
toxun mənə.
Məni yox et,
amma içimdəki işığı
özünlə aparma.
Çünki işıq - mən deyiləm,
amma işıqla mən olurdum...
Gəl, ey ölüm,
adını zülmətlə çəkmə,
sən Həqqin sirdaşısan,
sən qaranlıqda batmırsan —
nur aparırsan içimə.
Bu dünya bir xəyaldır,
bir röya, bir kölgə,
və biz - ruhumuzu unudub
bədənə sevdalanan yalanlardayıq.
Könlüm yorulub dünya yükündən,
nə ev, nə mal, nə ad…
Heç biri qurtarmır məni
qiyamətin içimdə açılan səssizliyindən.
Sən gəl,
amma Rəbbin izniylə.
Sən gəl,
amma mən Haqq deyə-deyə
gözlərimi bağlayım.
Qoy son nəfəsimdə
La ilahə illəllah
olub yayılsın göylərə,
quşlar aparsın
minarələrə,
bir azan kimi…
Ey Qədir sahibi,
ey əzəli Nur,
mən bir damla idim,
dənizə qayıtmaq istəyirəm.
Əməllərim az,
günahlarım çox,
amma ümidim Sənin rəhmətinədir - 
çünki Sən Rəhim’sən,
çünki Sən Gafur’san.
Məni bu faniliyin
aldadıcı səsindən
çıxart.
Sənsizlikdə itmişəm,
məni Özünə qaytar.
Dostlar ağlamasın,
bu gediş dönüşdür əslində.
Əsl ömür burada deyil -
Əbədiyyətdə nəfəs alırıq.
Qəbrim qaranlıq olmayacaq,
əgər nurunla doludursa qəlbim.
Və əgər bircə dua qalıbsa dilimdə,
o da budur:
“Rəbbim, məni Özünə yaxın olanlardan et.”

Yükünü cəkəmmir daha bu dünya...

Yükünü cəkəmmir daha bu dünya
Qocalıb, taqəti düşüb əlindən...
çünki bu dünya - 
görünənin pərdəsidir,
və pərdə köhnələndə
nur içindən sızar...

Qopub düşür səslər
sükutun qucağına,
çünki həqiqət danışmaz -
o, susaraq var olur
sən dinləyə bildiyin qədər.

Bu yorğun torpaq
heç nəyi daşımaq istəmir artıq,
çünki o da bilir:
daşıdığı nə varsa,
Zamansız Olanın kölgəsidir.

Ayağın yerə basır,
amma ürəyin...
ürəyin göyə çəkilir hər addımda,
bütün əzablar - 
bir çağırışdır
Sənə doğru:
Səni Səndən alıb
Sənə aparan yolun səsi...

Rüzgar əsir –
lakin bu külək
yarpaq tərpətməz,
yalnız könlü titrədir
"la məkan"dan gələn
bir ah kimi...

Sən deyilsən artıq bu dərdin sahibi,
çünki dərd də Allaha aiddir
qəmin də, sevincin də -
tək bir iz buraxmaq üçün
Sənin aynanda:
"Mən bir xəzinə idim, bilinmək istədim..."

Əlini çək bu yükdən,
təslim ol...
sən daşıyan deyilsən,
sən daşınan olmağa razı olandan bəri
qapılar açılır -
görünməz qapılar...
məhəbbətin qapısı,
yanmaqla var olunan o həqiqi eşq...

...və sən sustuğun an,
Söz doğular içində - 
nə səsdən, nə dildən,
amma Rəbbin nəfəsindən...
çünki İlahi Söz
daima danışır,
lakin eşidən bir könül gərək.

Bir zaman var idi -
özünü özün sanırdın,
indi isə...
yoxluğunda tapırsan varlığını.
Nə adın var,
nə də iddian -
sən "heç kim"sən,
və məhz bu "heçlik"
səni Sənsiz olanlardan ayırır...

Əvvəllər dua edirdin,
indi isə özün dua olmusan,
göyə qalxan bir nəfəs,
yerə enən bir rəhmət kimi.

Ağrılar gəlir - 
amma onları sevirsən artıq.
Çünki bilirsən:
bu ağrılar,
nurun əlbisələrini
nəfsin qaranlığından ayıran qayçıdır.

Səndən gedən hər şey
Sənə aparır,
çünki səndə olan heç nə
sənin deyil -
və Səndə olmayan
heç nə səni yandıra bilməz...

Qəlbin – bir dua meydanı,
fikrin – bir dərin səcdə,
canın – yalnız O’na səslənən
bir susqun aşıq...

Qapını döyən səs yoxdur artıq,
çünki qapı da qalmayıb,
ev də qalmayıb,
qapını döyən də sənsən,
açan da sənsən,
ev sahibi də Odur,
və sən – O’ndan başqa heç nəsən...

Dünya susur, amma danışır
Gecənin sinəsində
yanan bir nöqtə var -
bir kibrit cöpü boyda ümid,
min illik qaranlığın içində.
Külək əsir,
zamanın tozunu göyə qaldırır,
unutduqlarımızla nəfəs alır bəzən
bu yorğun planet.
Deyirlər,
göy üzünü də yorublar dualarla,
yerdən o qədər baxıblar ki,
buludlar utanıb yağmur gətirmir.
Qan axıb torpağın canına,
adlar silinib daşların üzündən,
sözlər qalmayıb -
yalnız susqunluğun səsi
gəzir küçələri.
Amma bax,
bir uşaq gülümsəyir toz içində,
bir qadın pəncərədən işıq axtarır,
bir şair yenə də yazır,
və dünya —
sanki bir anlığa
yenidən nəfəs alır.
Bütün dağıntıların,
aldatmaların,
dəhşətlərin içindən keçib
yenə də nəsə yaşamaq istəyir.
Nə yaxşı,
daha ölməyib içimizdə insanlıq,
və nə yaxşı —
bu qədər qaranın içində
hələ də
bir az ağ qalır...

Ədalət Qarabulud.





скачать dle 12.1