Göyə baxma, orda adam qalmayıb... - Ədalət Qarabuludun YENİ ŞEİRLƏRİ
Təkcə insanlar deyil səni izləyən...
Unutduğun hər şey bir yerdə gözləyir səni,
qapı aralığında, köhnə poçt qutusunda,
bir şüşə kimi titrəyən xatirənin dibində.
Təkcə insanlar deyil səni izləyən –
bəzən bir səs,
bəzən itmiş bir günəş parçası,
bəzən də sən özünsən
o küncdə pusquda duran.
Bir şey var –
hər zaman bir şey:
daha iti baxışlı,
daha səssiz,
bəzən daha mərhəmətli,
bəzən tamamilə daş kimi.
Ayaqqabıların içində yuxuya getməyin belə
şübhəli görünür bəzilərinə.
Zibil atarkən də bir göz səni izləyir –
dəmir qapağın cingiltisində əks-səda verən
varlığının xışıltısıdır bu.
İçindəki səssizlik bəzən gurultu kimi
vurur qulaqlarına.
Qorxma –
amma unutma da:
hər zaman bir şey var.
Gözləyir səni –
bəlkə bir səhv addımda,
bəlkə bir doğru sükutda.
Gözəl günlər gələcək deyirlər,
amma sənə çatanadək
bəzən siqaret kötüyü kimi yanar –
barmaqlarını yandırar,
içini oyarlar.
Yenə də –
hazır ol.
Çünki həyat,
əvvəlcə səni sınağa çəkər,
sonra səninlə çay içər.
Göyə baxma, orda adam qalmayıb...
Göyə baxma, Xalq Şairi,
orda nə Tanrı var, nə də şeir.
Təhlükəli tullantılar fırlanır başının üstündə,
sənin ilham dediyin –
keçmişin pas tutmuş peykidir.
Bütün göylər çirklidir artıq –
nə dua qalxır, nə də ümid enir.
Özünü "cosmic" sayan söz yığınıyla
yazdıqların,
robotların default status mesajına bənzəyir:
"Bu sistem artıq dəstəklənmir."
Yerdə də xəbər yoxdur səndə.
Kim yaşayıb, kim ölüb,
kim bir TikTok videosunda qeyb olub –
heç birindən xəbərin yoxdur.
Hələ də soruşursan:
“Göydə nə var, nə yox?”
Ay qoca,
sənin göyündə cəmi bir dənə sual var –
o da 50 il əvvəl verilib,
cavabı da çoxdan unudulub.
İndi sənə deyim:
Göydə zibil var,
Yerdə isə insanabənzər nüsxələr,
dəli kimi işləyən serverlər,
sevincin nə olduğunu unutmuş nəsillər...
İnsan?
O da süni variantına uduzub.
Əgər hələ sağsa,
wifi-si zəifdir, hiss etmir.
“Bizim ellər yerindəmi?” deyən aşıq
az qala peyğəmbərmiş,
ən azından
yerin harada bitib,
göyün harada çökdüyünü hiss edirmiş.
Sən isə –
göyün zibilini soruşursan,
amma yerin qanını görmürsən.
Xalq Şairisən, hə?
Xalq hardadı bəs?
Hər kəs öz divarının içində,
kodu unutmuş köhnə telefon kimi –
gözləyir ki, bəlkə kiminsə barmağı toxuna.
Ama heç kim gəlmir,
heç kim toxunmur.
İndi sənə bir şeir sonluğu:
Bir gün göy başımıza yıxılacaq –
təkcə ulduzlar yox,
təkcə peyklər yox –
sən də düşəcəksən
“filankəsin dəyərli fikirləri” rubrikasında
bir dəfəlik yayımlanıb unudulan status kimi.
Göy də sənin deyil,
yer də.
Heç olmasa sus –
bəlkə bir azlıq səssizlikdə sağ qala.
Ay ilk eşqim, ay ilk məhəbbətim...
İlahi, dünyanın o başından,
bir işıq süzülür ruhuma
elə bir işıq ki,
yanıram, alışıram
özümü unuduram -
nə mən ölümün fərqində,
nə dəli sevdalar mənim fərqimdə...
bir qız boylanır o işığın icindən-
saf su kimi,
bir könül arzusu kimi...
ay ilk eşqim,
ay ilk məhəbbətim...
İlahi işıq,
qopur qaranlığın özündən –
bir çağırış kimi,
qəlbin dərinliyindən yüksəlir
hiss edilməyən dillərdə...
Həqiqətin pıçıltısıdır bəlkə bu –
göylə yerin arasında
asılı qalan bir dua kimi
yalvarmır,
sadəcə axır içimə,
məni məndən alır...
Zaman silinir –
keçmişin və gələcəyin ayələri
bir damla göz yaşında çözülür;
mən sənin adını çəkirəm –
amma bu ad,
səslə deyil,
nurla çağrılır…
Sən o qızsan –
küləklərin danışdığı,
ulduzların yazmadığı,
amma kainatın öz yaddaşında
daşıdığı hekayə...
Baxışların –
bir ayədir mənə,
oxuyuram,
amma anlaya bilmirəm sonuna qədər –
çünki sən –
yalnız sevilmək üçün
yaradılmısan,
anlamaq üçün yox...
Bir quş kimi
ürəyimə qonursan –
amma yuva qurmaq üçün deyil,
uçub getmək üçün –
çünki bu sevgi –
özlüyündə sınaqdır:
nə qədər sevə bilər
özünü unudaraq
bir ruh, başqa bir ruhu?
Bu səssizlikdə –
sanki səma danışır mənimlə,
deyir:
“Qaranlığın içində
işıq axtaranlar,
özlərini yandırmaqdan çəkinməzlər...”
Ay ilk eşqim,
ay sonsuzluğum –
indi anlayıram ki,
biz sevməyi
yalnız sevdiyimizdən deyil,
itirdiyimizdən öyrənirik...
Bir sükut var içimdə –
boşluğun da içindən keçib gələn,
zamanın toxunmadığı bir sükut,
elə bil
mən doğulmamışdan əvvəl də
orada idi...
və mənə baxırdı
mən olmadan…
Zaman –
yalnız saatın əqrəbi deyil,
sənə çata bilmədiyim
hər anın adıdır…
Tanrı –
bəzən bir ahda gizlənər,
bəzən gözlərin dərinliyində –
və ən çox da
sənə baxanda
özümü unudanda
mən Onu hiss edirəm...
Sevgi –
yalnız bir könül arzusu deyil,
bir mərhələdir:
çəkilmək, yanmaq,
və sonunda
öz "mən"indən keçmək...
Ey mənim içimdə danışan səssiz səs,
de:
sən Tanrının pıçıltısısan,
yoxsa öz vicdanımın
unudulmuş bir dua sədasımı?
Mən səni axtaranda –
əslində nəyi axtarıram?
Səni sevəndə –
özümümi, yoxsa
Tanrıya qovuşmaq istədiyim
bir körpünümü sevirəm?..
Çünki –
ölümsüzlük hissi
ilk toxunuşda başlayır –
və bilirik,
bu toxunuş bədəndən deyil,
ruhdandır.
Ey ilk məhəbbətim,
bəlkə də sən –
Tanrının göndərdiyi
bir sualsan mənə:
"Sən sevə bilərsənmi
öz eqondan keçərək?"
Və hər gecə –
dua etdiyim o səssiz anlarda
gözlərimdə sən varsan,
amma əlimdə yox...
Çünki ilahi sevgi
sahib olmaq üçün deyil –
yol olmaq üçündür.
Ədalət Qarabulud.








